İqtisadiyyata milyonlarla ziyan dəyib

Fikrət Yusifov: “Azərenerji”nin bir neçə illik maliyyə- təsərrüfat fəaliyyəti dərindən təftiş olunmalıdır”



İyulun 3-4-də Mingəçevir İES-də baş verən qəza, enerji təchizatında yaranmış fasilələr Azərbaycan iqtisadiyyatına ciddi zərər vurub. Hadisə nəticəsində SOCAR-ın qurudakı yataqlarında, Qaz İxrac İdarəsinin Kompressor stansiyalarında, Neft Emalı Zavodu, "Azərkimya” İB-nin müəssisələri, Qaz Emalı Zavodunda, qaz anbarlarında iş tamamən dayanıb.

Dövlət müəssisələri ilə yanaşı, ölkədə fəaliyyət göstərən özəl qurumlar da elektrik kəsintisindən zərərlə çıxıblar. Bütün iri müəssisələrin işi dayanıb, ticarət obyektlərində, anbarlarda soyuducu sistemlərin işləməməsi məhsulların xarab olmasına gətirib çıxarıb. İstehsalın, satışın dayanması özəl müəssisələri zərərə salıb.

Elektrikin olmaması mobil rabitə şirkətlərinin fəaliyyətində də problemlərə səbəb olub. Bir sıra ərazilərdə müştərilərə xidmət göstərmək mümkün olmayıb.
Göründüyü kimi, elektrik təchizatında yaranan fasilələr həyatın bütün sahələrində, xüsusilə də iqtisadiyyatda zərərə səbəb olub. Böyük ehtimalla, dəyən zərərin miqdarını hadisəni araşdıran Dövlət Komissiyası dəqiq müəyyənləşdirəcək. Çünki Prezident yanında keçirilən müşavirədə ölkə başçısı bu məsələyə toxunub və ciddi tapşırıqlar verib.

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov da "Şərq”ə açıqlamasında 2 gün ərzində elektriklə bağlı yaşanan problemin ölkə iqtisadiyyatına milyonlarla ziyan vurduğunu deyib.
Professorun sözlərinə görə, Mingəçevirdə İstilik Elektrik Stansiyasının bloklarının birində baş verən qəza ölkənin bütün enerji sistemini çökdürüb. 

Mövzu artıq qəza baş verən saatlardan bütün ölkə mediasının və sosial şəbəkələrin bir saylı müzakirə predmetinə çevrilib. Hər kəs bu hadisəyə qiymət verməyə çalışır. Bu da təbiidir, çünki bu gün insanın az qala su içməsindən tutmuş, nəfəs almasına qədər hər şey enerjidən asılı bir durumdadır. Elektrik enerjisi olmayanda demək olar ki, həyat dayanır. Bəs ölkənin enerji sistemində birdən-birə belə ciddi qəzanın baş verməsinin səbəbləri nədir?”

F.Yusifovun sözlərinə görə, son 15 ildə dövlət enerji sahəsinə digər sahələrə göstəriləndən daha artıq diqqət göstərib. Ölkə Prezidenti bu illər ərzində enerji sisteminin inkişafını bilavasitə öz nəzarəti altında saxlayıb. Nəticələr isə konkret danılmaz faktlarla ölçülür: "Əgər 2004-cü ilə qədər ölkəmizdə 3900 meqavat gücündə olan 9 elektrik stansiyası olubsa, 2004-2017-ci illər ərzində yeni və müasir, generasiya gücü 2500 meqavat olan 30 elektrik stansiyası tikilib istifadəyə verilib. Bu, Sovetlər dönəmi də daxil olmaqla 2004-cü ilə qədərki 84 il ərzində mövcud olmuş elektrik stansiyalarının generasiya gücünün 64 faiz artırılması deməkdir və cari ildə hökumət həmin artımın 74 faizə çatdırılmasını hədəfləyir. Biz indi nəinki ölkəmizin elektrik enerjisinə olan tələbatını tam ödəyirik, hətta bu enerjinin tələbatımızdan artıq ola bilən hissəsini ixrac da edirik.

Bəs enerji sisteminin bu qədər uğurla inkişaf etdiyi bir dönəmdə belə bir fəlakət necə baş verə bildi? Kimdir bunu edənlər? Kimdir günahkarlar? Təbii ki, bütün günahkarlar aşkar ediləcək və heç şübhəsiz, onlar ciddi cəzalandırılacaqlar. Ancaq iqtisadiyyata dəymiş milyonlarla manat zərəri kim qaytaracaq? İnsanların keçirdiyi mənəvi sarsıntını kim bərpa edəcək?”.

İqtisadçının fikrincə, baş verən hadisənin bir tərəfində məmur peşəkarlığının aşağı olması dayanırsa, digər tərəfində ona göstərilmiş etimadın qarşılığındakı xəyanət durur. Bu xəyanətin kökündə isə tamahkarlığın bic övladı olan rüşvət və korrupsiya dayanır:

 "Son illər ərzində "Azərenerji” ASC fəaliyyəti ən çox tənqid olunan təşkilatlar sırasındadır. Sahəyə hər il yüz milyonlarla vəsait ayrılmasına və dövlət zəmanəti ilə xaricdən kreditlər alınmasına, enerji qiymətlərinin artırılmasına baxmayaraq, "Azərenerji” ASC 2017-ci illik fəaliyyətini 2016-cı ildəkindən daha böyük ziyanla başa vurub. Bu necə ola bilər? Burada ciddi araşdırmaya ehtiyac var. Belə araşdırma aparılarsa, bu halda Mingəçevirdə ölkənin enerji sistemini çökdürən qəzanın əsl səbəbləri də ortaya çıxacaq. Hesab edirəm ki, "Azərenerji” ASC-nin bir neçə illik maliyyə-təsərrüfat fəaliyyəti dərindən təftiş edilməlidir. Bu təftişin başlıca vəzifələrindən biri isə istehsal olunan elektrik enerjisinin maya dəyərinin detallarla araşdırılması olmalıdır. Bax, onda sahənin hansı səbəblərdən ziyanla işləməsi aşkara çıxarılacaq. 

Heç şübhə etmirəm ki, ASC-nin ziyanla işləməsinin kökündə istehsal olunan elektrik enerjisinin maya dəyərinə kifayət qədər böyük məbləğlərlə ölçülən lüzumsuz xərclərin daxil edilməsi dayanır. Bu xərclərin elektrik enerjisinin maya dəyərinə daxil edilməsi fəaliyyətini mənfəətlə başa vurmalı olan "Azərenerji” ASC-də yüz milyonlarla manat zərər əmələ gətirir. Ölkənin enerji sisteminin bu vəziyyətə düşməsinin bilavasitə günahkarı məhz sahəyə başçılıq edən adamdır. Bunun alternativi yoxdur.

Bir sahənin başında oturan məmur əməllərinə görə özünə hesabat verməyi bacarmırsa, rüşvətxorluq və korrupsiya kimi murdarlıqlara qol qoyursa, deməli o, xəyanət edir. Hesab edirəm ki, belə xəyanətkarlar vəzifədən azad edilməklə canlarını qurtarmamalıdırlar. Yoxlama və araşdırmalarla onların oğurladığı milyonlar dövlətə qaytarılmalı, özləri isə əməllərinə görə qanun qarşısında cavab verməlidirlər, əks halda xəyanət etmək bacarığında olan bu pullu adamcıqların oğurladıqları pulların səsi bir müddətdən sonra Avropadan hakimiyyəti təhqir edən orduxanların, turalların və nə bilim daha kimlərin yanından gələcək”.

F.Yusifovun dediyinə görə, iqtisadiyyata dəyən ziyan milyonlarla manatla ölçülür:

 "Azərbaycanda keçən il 70 milyard manat ÜDM istehsal olunub. Bu hesabla Azərbaycanda 1 günə 192 milyon manatlıq məhsul istehsal olunur. Bir saatda istehsal olunan məhsulun həcmi isə 8 milyon manata bərabərdir. Əgər bu məhsulun 50 faizinin enerjisiz istehsalının mümkünsüzlüyünü qəbul etsək, onda elektrik enerjisinin kəsildiyi saatlara görə ziyanı asanlıqla hesablamaq olar”.

Şəymən