İran niyə qan çanağına döndü? - Səbəb və çıxış yolları

"Bu gün Suriya və İraqda DAİŞ-ə qarşı mübarizə aparılır”.
Bu barədə Sherg.az-a "İrandakı davamlı terraktların səbəbini şərh edərkən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib. 
O bildirib ki, bu mübarizədə Türkiyə, Rusiya, İran hərbi birləşmələri ilə iştirak edirlər:
"DAİŞ bu 3 ölkədə terrorlar törətmişdi. Türkiyədə dəfələrlə bu terror təşkilatına bağlı insanlar partlayışlar törətdilər. Rusiyanın özündə də bunun şahidi olduq. Yeganə qalan ölkə isə İran idi. İranda terror törətməklə DAİŞ göstərdi ki, onlar üçün əlçatmaz dövlət yoxdur. Adıçəkilən terror dəstəsinə qarşı mübarizə aparanları vuracaqlar. Mançestr şəhərini vura bilirlərsə, Almaniya və İspaniyada terror törədə bilirlərsə, sözsüz ki, qonşu İrana da bunu edə bilərdilər.
Adətən İranda terror hadisələri İranda törədilsə də paytaxtdan çox uzaq məsafədə reallaşdırılır. Amma İslam inqilabından bu yana ilk dəfədir ki, vacib mərkəzə, parlament binasına və Xomeyninin məqbərəsinə hücum təşkil olunur. Həmin gün axşam İranın ali dini lideri və parlamentin sədri Əli Larincani baş verən terror hadisəsinin miqyasını azaltmağa çalışıb. Dini lider Əli Xomeyni hətta demişdi ki, bu sadə bir fişəng atışına bənzəyir.
İlk dəfədir, İranın paytaxtında belə dəhşətli terror aktı törədilir. Terrorçular parlament binasına daxil olub, deputatların müzakirə apardıqları zala da daxil ola bilərdilər. Buna görə, terraktın miqyasını nə qədər azaltmağa çalışsalar da dəhşətli vəziyyət olması danılmazdır. Bu gün də vəziyyət davam edir”.
Politoloq hazırkı vəziyyətdən çıxmaq üçün İranın iki yolu olduğunu söyləyib:
"İlk yolu odur ki, təhlükəsizlik tədbirlərini gücləndirib, Suriyada və İraqda DAİŞ-ə qarşı mübarizədə yerli hökumətlərə dəstək olsun. İkinci yol isə daxildə təzyiqi artırmaqdır. Terrorla mübarizə adı altında özgəfikirliliyə qarşı mübarizə güclənəcək, ölüm hökmlərinin sayı artacaq. Bu yol isə İranın problemlərini daha da artıra bilər. DAİŞ-ə isə elə bu lazımdır, onun məqsədi İranda təriqət savaşını gücləndirməkdir. İran ikinci yolu seçsə böyük səhvə yol verər.
Son hadisələr ondan xəbər verir ki, beynəlxalq güclərin terrorçulara qarşı vahid mübarizə mərkəzi yaratmadığı müddətdə bu və ya digər şəkildə istənilən ölkəni vura bilərlər. Belə mərkəz isə hələlik yoxdur. Hər kəs müxtəlif adlarla mübarizə tədbirləri aparırlar, ümumi mərkəz isə yoxdur. Belə olduğu halda terrorçularla mübarizə aparmaq böyük dövlətlər üçün çətinləşir”.
DAİŞ-in İraqda və Suriyada sıxışdırılması ilə kənar yerlərdə terrorların sayının artırılacağını qeyd edən E. Şahinoğlunun sözlərinə görə bu o demək deyil ki, terrorçular hansısa ölkəyə gedib terror törədəcək:
"Sosial şəbəkələr, internet vasitəsilə tərəfdarlarını da hərəkətə gətirə bilər. Bunu biz Böyük Britaniya və Rusiyada törədilən partlayışların simasında gördük. Rusiyada partlayış törədən Yaxın Şərqdə olmayıb, DAİŞ-lə əlaqəsi yoxdur. Sadəcə internet üzərindən terrorçuların təsiri altına düşüb, terrora əl atıb. Eləcə də Londondakı hadisədə də mahiyyət eyni idi”.
Qeyd edək ki, son iki gündə İranda bir-birininin ardınca insan tələfatına səbəb olan partlayışlar törədilir.
Aysel Aslan