İrana gedənlər ehtiyatlı olsunlar

Adil Qeybulla: “Onlar toyuq və quş ətindən istifadə etməməlidirlər”
İrandan Azərbaycana quş əti məhsullarının gətirilməsinə müvəqqəti qadağa qoyulub. Məsələyə dair Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Sialə Rüstəmova sərəncam imzalayıb. Bu barədə sözügedən qurumun sözçüsü Yolçu Xanvəli bildirib.
Onun sözlərinə görə, İran ərazisində toyuqlar arasında yüksək patogenli "quş qripi”nin yayılması ilə əlaqədar olaraq, Mazandaran vilayətindən Azərbaycana quş ətinin, quş əti məhsullarının, eləcə də bir günlük cücə və damazlıq yumurtanın gətirilməsinə müvəqqəti məhdudiyyət tətbiq olunub: "Aidiyyəti qurumlara xəstəliyin ölkəmizə keçməsinin qarşısının alınması üçün tapşırıqlar verilib. Eyni zamanda iş adamları və ayrı-ayrı dövlət qurumları bu barədə məlumatlandırılıb.
Addımı dəyərləndirən Tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd edib ki, profilaktik tədbirlərin görülməsi çox vacibdir: "Xatırlayırsınızsa, bir neçə il öncə Azərbaycanda "quş qripi”nin yayılmasına qarşı müəyyən tədbirlər həyata keçirilmişdi. Bu qrip, adətən köçəri quşlar vasitəsilə yayılır. Belə quşlar sərhəd tanımır. Onlar uzaq məsafələrə uçub gedirlər. Belə olan halda qripin yayılması real olur. Hər hansı bir ölkədə yayılması mümkün olan bir infeksiya aşkarlanıbsa, biz özümüzü qorumalıyıq. Profilaktik tədbirlər görməli, dərhal quş ətinin istifadəsini dayandırmalıyıq. Bu baxımdan verilən qərarı düzgün hesab edirəm”. Professor "quş qripi”ndən qorunma ilə əlaqədar əhaliyə çağırış edib: "Diqqətli və ehtiyatlı olmaq lazımdır. Baxın, quş ətinin İrandan gətirilməsi yasaqlansa da, hər gün bu ölkəyə gedib, gələn vətəndaşlarımız var. Onlar diqqətli olmalıdırlar. Toyuq və quş ətindən istifadə etməməlidirlər. Ölkəmizdə də ciddi nəzarət və yoxlamalar aparılmalıdır”.
Ayyət Əhməd