“İran kimi güclü dövlət ilə münasibətləri mümkün qədər normal məcraya yönəltmək lazımdır. Təbii ki, bu, təkcə Azərbaycanın səylərindən asılı deyil”
“İrana səfər yeni bir mərhələnin başlanğıcı ola bilər”
Ərəstun Oruclu: “Belə bir şəraitdə Azərbaycan öz xarici siyasətində kifayət qədər çevik olmalıdır”
“İran kimi güclü dövlət ilə münasibətləri mümkün qədər normal məcraya yönəltmək lazımdır. Təbii ki, bu, təkcə Azərbaycanın səylərindən asılı deyil”
“İran kimi güclü dövlət ilə münasibətləri mümkün qədər normal məcraya yönəltmək lazımdır. Təbii ki, bu, təkcə Azərbaycanın səylərindən asılı deyil”
AŞ PA-nın yeni seçilmiş prezidenti Pedro Aqramunt Dağlıq Qarabağ problemi ilə bağlı müzakirə zamanı Ermənistan nümayəndə heyətini sərt tənqid edib. İclas zamanı çıxış edən Aqramunt keçmiş sovet respublikaları ərazisində mövcud olan münaqişələri, eləcə də Dağlıq Qarabağ münaqişəsini Avropanın təhlükəsizliyinə təhdid kimi qiymətləndirib. Ermənistanın qurumdakı nümayəndəsi isə "Azərbaycanın Dağlıq Qarabağ regionu” ifadəsinə görə Aqramunta "irad” tutub.
AŞ PA-nın prezidenti də öz növbəsində erməni deputatı tənqid edib və illərdir davam edən Dağlıq Qarabağ münaqişəsinin həll edilməli olduğunu, bu xüsusda "dəvəquşu kimi başı qumda gizlətməyin” fayda verməyəcəyini deyib. Bununla, eyni zamanda dünyada və regionda baş verən digər proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu son dönəmlər dünyada və regionda siyasi proseslərin aktivləşdiyini deyib.
- Ərəstun bəy, AŞ PA sədrinin Azərbaycanın lehinə danışmasını necə dəyərləndirirsiniz? Ümumiyyətlə, qərb strukturlarında sözümüzü deyən şəxslərin olması Azərbaycana nə vəd edir?
- Aqramunt hər zaman Azərbaycana yaxın adam olub. İndiki AŞ PA sədrinin mövqeyi ilə bağlı dünya və ölkə mətbuatında kifayət qədər yazılar dərc edilib. Aqramuntun işlətdiyi "Dağlıq Qarabağ Azərbaycan ərazisidir” ifadəsi rəsmi bir şəxsin ağzından çıxan kəlmədir. Amma məsələ burasındadır ki, belə sözlər nə Dağlıq Qarabağın statusunu müəyyən edir, nə də Azərbaycanın haqlı olub-olmadığını müəyyənləşdirir. Bunu sadəcə olaraq Azərbaycana jest kimi qəbul etmək lazımdır. Hesab edirəm ki, bu tupli məsələlərə çox da bağlanmaq olmaz. Çünki bir tərəfdən Aqramunt bizim xoşumuza gələn ifadə səsləndirir, digər tərəfdən isə onun rəhbərlik etdiyi qurum Azərbaycanın lehinə olan qətnaməni qəbul etmir. Fikrimcə, bizim üçün əsas məsələ sözlər yox, rəsmi sənədlərin, yüksək səviyyədə hüquqi aktların qəbul olunmasıdır. Bəyanatlar o qədər də mühüm əhəmiyyət kəsb etmir. Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bir çox ölkələrin başçıları və ya rəsmiləri müxtəlif fikirlər söyləyiblər. Dəfələrlə Qarabağın Azərbaycan ərazisi olduğunu deyiblər. Lakin həmin dövlətlərdə Azərbaycanın ərazi bütövlüyünün tanınması ilə bağlı heç bir rəsmi qərar, qətnamə qəbul olunmayıb.
- Prezidentin İrana səfərini necə şərh edərdiz? Bildiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinə münasibət və ermənilərə dəstək baxımından İran-Azərbaycan münasibətləri çox vaxt problemli olub. Prezidentin səfərindən sonra əlaqələrdə yeni mərhələ başlaya bilərmi?
- Əlbəttə, Azərbaycan rəhbərinin İrana səfəri yeni bir mərhələnin başlanğıcı ola bilər. Fikrimcə, İran-Azərbaycan əlaqələrinin inkişaf etməsi zərurətdir. Azərbaycan hazırda müxtəlif tərəflərdən sıxılır. Suriya ilə bağlı anti-terror koalisiyalarına qoşulmaq tələbi ilə ölkəmizə qarşı basqılar edilir. Digər tərəfdən Rusiyanın Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqı ilə bağlı təzyiqlərlə üzləşirik. Son aylar Moskvanın Azərbaycana təzyiqləri xeyli artıb. Belə bir şəraitdə Azərbaycan öz xarici siyasətində kifayət qədər çevik olmalıdır. O cümlədən İran kimi güclü dövlət ilə münasibətləri mümkün qədər normal məcraya yönəltmək lazımdır. Təbii ki, bu, təkcə Azərbaycanın səylərindən asılı deyil. İran rəhbərliyinin də siyasi iradəsi olmalıdır. Hesab edirəm ki, səfərin nəticələri hər şeyi ortaya qoyacaq.
- Son günlər yaşanan proseslərə nəzər salsaq, regionda proseslərin kifayət qədər aktivləşdiyini görərik. Türkiyə, Azərbaycan, İran və Gürcüstan rəsmiləri qarşılıqlı biri-birini ziyarət edir və mühüm məsələləri müzakirə edirlər. Sizcə, bölgədəki aktivliyin əsas səbəbi nədir?
- Regionda aktivlik müşahidə olunur və artan xətt üzrə gedir. Əslində bunların hamısı geosiyasi proseslərdir. Faktiki olaraq böyük dövlətlərin geosiyasi planlarının həyata keçirilməsi və bu planların reallaşmasında onların tərəfdaşlarının müəyyənləşməsi prosesi gedir. Bu baxımdan Cənubi Qafqaz bölgəsi Yaxın Şərqdən sonra ən həssas bölgələrdən birinə çevrilib. Yanlış olaraq Cənubi Qafqaz regionu postsovet məkanı olaraq kiçik bir bölgə kimi görünür. Halbuki belə bir bölgü yoxdur. Cənubi Qafqaz Avrasiyanın çox önəmli bir parçasıdır. Digər tərəfdən isə Cənubi
Qafqaz Avrasiyadan Yaxın Şərqə çox mühüm bir keçiddir, dəhlizdir. Ona görə də əksər hadisələrin bizim bölgə ətrafında cərəyan etməsi heç də təsadüfi deyil.
- Türkiyə rəsmiləri Rusiyanı ittiham edərkən Dağlıq Qarabağ məsələsini gündəmə gətirdilər və işğalda Moskvanın rolu olduğunu açıqca söylədilər. Amma Azərbaycan tərəfi bunun üzərinə çox getmədi. Demək olarmı ki, bəzi həssas məqamlarda ehtiyatlı mövqe sərgiləmək zərurətdir?
- Görünən budur ki, Azərbaycan rəsmiləri müəyyən məqamlarda açıq mövqe ifadə etməkdə bir qədər çətinlik çəkirlər. Çünki Rusiyanın aqressiv təzyiqlərindən ehtiyat edirlər. Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Rusiyanın Azərbaycan siyasəti ilə bağlı söylədiyi bəyanat tamamilə həqiqətdir. Ancaq bunu birinci səsləndirən Davudoğlu deyil. Prezident İlham Əliyevin Almaniya səfəri zamanı Dağlıq Qarabağın işğalı məsələsində Ermənistanın tək olmadığını və Rusiya tərəfindən dəstəkləndiyini Almaniya kansleri Angela Merkel də açıq formada dilə gətirib. Amma onda da Azərbaycan tərəfi ciddi reaksiya vermədi. Əslində bizim bu cür mövqe sərgiləməyimiz, ehtiyatlı hərəkət etməyimiz təbiidir və başadüşüləndir. İndiki Rusiyaya bir qədər ehtiyatlı yanaşma olmalıdır.
- Dünya gündəmində müzakirə olunan əsas məsələ Suriya məsələsi ilə bağlı ABŞ və Rusiya arasında əldə olunan razılaşmadır. Sizcə, bunu həqiqətən razılaşma hesab etmək olarmı? Dəfələrlə anlaşmaları pozan Rusiya budəfəki sövdələşməyə sadiq qalacaqmı?
- Bu razılaşmadan heç bir gözləntim yoxdur. Mən bunun bir anlaşma olduğunu da düşünmürəm. Sadəcə ortalıqda atəşkəslə bağlı razılaşma söhbəti var. Təəssüflə qeyd edirəm ki, Suriya probleminin həlli mərhələsi hələ irəlidədir. Çünki hazırkı situasiya olduqca qeyri-müəyyəndir. Suriyada yalnız kiçik bir hissəni Əsəd və onun tərəfdarları nəzarətdə saxlayırlar. Ölkənin qalan bütün əraziləri müxtəlif təxribatçı və terrorçu qruplar tərəfindən parçalanıb və nəzarətə götürülüb. Ona görə də prosesin bitəcəyini söyləmək çox tezdir.
İsmayıl