Məhəmməd Əsədullazadə: "ABŞ və İsrail İrana qarşı hərbi fəaliyyətdən daima çəkinib. Ona görə də teokratik rejimin dəyişməsi üçün daxili faktorlardan istifadə etməyə çalışıb
Dekabrın 28-də İranın Məşhəd şəhərindən başlanan etirazlar artan xətt üzrə davam etməkdədir. Hakimiyyətin iqtisadi, daxili və xarici siyasətinə qarşı ilk etirazlar "Bahalığa yox” adı ilə "Teleqram” sosial şəbəkəsində edilən çağırışa əsasən başlayıb. Ölkənin ağır və acınacaqlı iqtisadi durumuna, korrupsiya hallarına etiraz olaraq başalanan kütləvi aksiyalar və yürüşlər 12 şəhəri əhatə edib. Aksiya iştirakçıları ali rəhbər Xameneyiyə, prezident Həsən Ruhaniyə və digər rəsmilərə qarşı sərt şüarlar səsləndiriblər. Onların istefasını tələb ediblər. Lakin hökumət qüvvləri etirazlara odlu silahdan atəş açıblar. Hazırda iğtişaş nəticəsində ölənlərin sayı 19 nəfərdir. Zəncanda isə təhlükəsizlik qüvvələri etirazçıların müqavimətinə tab gətirə bilməyərək qaçmağa başlayıblar.
İranda yaşanan gərginliyi "Sherg.az”a şərh edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə deyib ki, cənub qonşumuzda davam edən aksiyalar birbaşa Tehranın teokratik rejimini hədəf alıb.
Onun sözlərinə görə, iqtisadi-sosial faktorlarla müşaiyət olunan aksiyalarda səslənən siyasi şüarlar, Suriya və Misirdəki ərəb baharında aksiyaları xatırlayır:
"İran təbii ki, Suriya və Misir deyil, güclü dövlət aparatına və orduya malik bir ölkədir. Buradakı proseslər qızışarsa, üçüncü ölklərin müdaxiləsi mümkün deyil. ABŞ və İsrail İrana qarşı hərbi fəaliyyətdən daima çəkinib. Ona görə də teokratik rejimin dəyişməsi üçün daxili faktorlardan istifadə etməyə çalışıb. İranda hazırda infilyasiya dərinləşir, iqtisadi islahatlar aparılmır və milli valyutanın dəyər itirməsi nəticəsində qiymətlər durmadan artır. Təbii ki, belə bir situasiyada xalq öz etirazını bildirməli idi. Bu cür nümayişləri fürsət bilən müəyyən qüvvələr, etirazları hakimiyyətin dəyişməsinə yönəltməyə çalışacaq. ABŞ-ın İrana qarşı yönəlmiş iqtisadi sanksiyaları, məhz xalqın etirazının formalaşmasına və bu etirazlarla mövcud rejimin dəyişməsinə hesablanıb. Vaşinqton tarix boyu hərbi müdaxilədən çəkinmiş ölkələrə iqtisadi sanksiyalarla hücum edir. Dünya iqtisadiyyatını idarə edən ABŞ-ın sanksiyaları, təbii ki, həmin ölkəni kifayət qədər zəiflədir. Fikir versək, Rusiyaya yönəlmiş iqtisadi sanksiyalar Putin rejiminin laxlanmasına yönəlib. Xalqın bu sanksiyaların təsiri ilə ağırlaşan sosial vəziyyəti, birbaşa mövcud rejimə qarşı etiraz dalğasına çevrilir. Neftin dünya bazarında qiymətdən düşməsi və tətbiq olunan sanksiyalar İran iqtisadiyyatını laxlatdı. Həmçinin, Tehran rejimi daxilində siyasi ziddiyyətlər, ABŞ-ın bu vəziyyətdən məharətlə istifadə etməsinə zəmin yaradır”.
Ekspert bildirib ki, İranda hakimiyyət dəyişikliyi baş verərsə, bu dəyişiklik İranın ərazi bütövlüyünün pozulmasına gətirib çıxartmayacaq:
"ABŞ və Qərb ölkələri Tehranla düşmən münasibətdə olsalar da, Azərbaycanın birləşməsinə qarşı ortaq mövqedədirlər”.
İsmayıl