İranda qıtlıq yarana bilər

Ona görə bəzi məhsullarını Azərbaycana idxal etməyə qadağa qoyub



Dekabrın 22-dən etibarən İrandan 17 məhsulun ölkəmizə ixracı qadağan ediləcək. Bu barədə İran Gömrüyünün İxrac İdarəsinin baş direktoru Əli Əkbər Şamani bildirib.

Baş direktorun sözlərinə görə, İrandan kərə yağı, müxtəlif dənli bitkilər, bəzi kənd təsərrüfatı məhsullarının ixracına qadağa qoyulacaq.

Məlumata əsasən, bazarı təmin etmək və tənzimləmək məqsədilə kərə yağı, noxud, göy noxud, qaragöz lobya, lobya, qırmızı lobya və sair lobyalar, mərci, paxla və digər dənli bitkilərin ixracı qadağan edilib.


Məhsulların ölkəmizə idxalının qadağan edilməsi ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Fuad İbrahimov bildirib ki, bəzi məqamlarda İrana sanksiyalar tətbiq olunur. Ona görə də müəyyən müddət ərzində məhsulların ölkəmizə gətirilməsinə ara verilir:

 "Azərbaycanda qiymət fərqi olduğuna görə, bəzən kütləvi formada ərzaq məhsullarını ölkəmizə idxal edirik. Belə olduğu halda İranda bu sahədə qiymət artımı, eyni zamanda müəyyən qıtlıq yarana bilər. İqtisadiyyatda, ticarətdə və biznesdə belə hallar baş verir. Bu, təbii haldır. İqtisadçı kimi, qoyulan qadağanı bununla əlaqələndirirəm. 

Dəfələrlə iqtisadiyyat tarixində belə məqamlar olub. Bir çox dövlətlər hansısa məhsulların ölkədən çıxarılmasına müəyyən vaxt qadağalar qoyurlar, ya da vergi tətbiq edərək tarazlığın pozulmasının qarşısını alırlar. Görünür, İran hökuməti də bu tarazlıq üçün məhsulların ölkəmizə idxalına qadağa qoyub”.

Yeganə Bayramova