İrandan gətirilən 48 ton xəstəlik...
“Həmin kartof aşkar olunmasa idi, əhali ondan alıb istifadə edəcəkdi, o zaman təhlükəli xəstəliklər yarana bilərdi”
Gündəlik qida rasionumuzda istifadə etdiyimiz qida məhsullarının müəyyən hissəsi xaricdən idxal olunur. Bunların sırasında kartofu da göstərmək olar ki, bu gün daxili bazarımızda Türkiyə, İran, Pakistan, Rusiya və digər ölkələrdən gətirilən kartoflar üstünlük təşkil edir.
Amma vaxtaşırı idxal olunmuş kartofun keyfiyyəti məsələsi gündəmə gəlir. Yəni, onun GMO olub-olmaması, tərkibindəki gübrə və digər qatışıqların insan səhhəti üçün zərəri həmişə xüsusi diqqət mərkəzindədir. Çünki bunlar öz növbəsində müxtəlif xəstəliklərə vəsilə ola bilirlər. Qeyd edək ki, fevralın 16-da İrandan gələn, hər birində 24 ton olmaqla, ümumilikdə cəmi 48 ton ərzaqlıq kartof məhsulu daşıyan iki yük avtomobilindən götürülmüş nümunələr Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyasında karantin ekspertizasına təqdim edilib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ekspertiza zamanı hər iki yükdə karantin tətbiq edilən zərərli orqanizm - kartof güvəsi və gövdə nematodu aşkarlanıb.
Aşkarlanan gövdə nematodunun zərərsizləşdirilməsi mümkün olmadığı üçün 48 ton kartof məhsulunun ixracatçı ölkəyə geri qaytarılması üçün ilkin sənədlər Dövlət Gömrük Komitəsinə təqdim edilib. Məhsulun geri qaytarılmasında əsas məqsəd, bu növlərin respublikamızın ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınmasıdır. Artıq bu haqda İran İslam Respublikasının Milli Bitki Mühafizəsi təşkilatına da məlumat verilib.
Kartof güvəsi kartof, badımcan, tütün və quş üzümü fəsiləsinə aid digər mədəni və yabanı bitkilərin təhlükəli zərərvericisidir. Daha çox kartofa ziyan vuran güvə kütləvi çoxaldıqda sahədə və ya anbarlarda saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici hətta 25-80 faiz məhsul itkisinə səbəb olur.
Gövdə nematodu 450-dən çox bitki növünü yoluxdurmaqla, ən təhlükəli bitki parazitlərindən biri hesab olunur. Bu, endoparazit bitkilərin həm yerüstü, həm də yeraltı hissələrini yoluxdura bilir və bir çox təhlükəli bitki xəstəliklərinin törədicilərini yayır. Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev də deyib ki, xaricdən Azərbaycana idxal olunan məhsullara gömrük orqanları nəzarət edir, məhsullar təhlükəsizlik göstəricilərinə görə, yoxlamadan keçirilir. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Karantin Ekspertiza Mərkəzinin laboratoriyasında karantin ekspertizasına təqdim olunur: "Kartofda hansı xəstəliklərin olmasına gəldikdə isə bunu dəqiqliyi ilə deyə bilmərəm. Hər halda gözlə görünə bilən xarab olma əlamətləri olar bilər ki, belə hallarda zərərli məhsulu aşkarlamaq daha asan olur. Yaxud da tərkibindəki kimyəvi qatqılar normadan artıq ola bilər”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov isə İrandan Azərbaycana istifadəyə yararsız məhsulların idxal olunmasının təəssüf doğurduğunu deyib: "Bir çox xarici ölkələrdə idxal zamanı gömrükdə çox ciddi nəzarət tədbiri həyata keçirilir. Çantada bir dənə zay fındıq belə olsa vətəndaş ya 400 dollar cərimə ödəməlidir, ya da həmin ölkəyə gedə bilməz. Bu cür addımlar bizdə atılsa, heç bir ölkənin sahibkarı özünün zay məhsulunu Azərbaycana gətirə bilməz”.
Azərbaycana bir çox yeyinti məhsullarının idxal olunduğunu vurğulayan ekspert deyib ki, həmin məhsulların tərkibi ciddi araşdırılsa, onlarda da hansısa xəstəlik aşkar olunar: "Sevindirici haldır ki, 48 ton istifadəyə yararsız, xəstəliyə tutulan kartof aidiyyəti qurum işçiləri tərəfindən aşkar olunaraq məhv edilib. Təsəvvür edirsiniz, həmin kartof aşkar olunmasa idi, əhali ondan alıb istifadə edəcəkdi, o zaman təhlükəli xəstəliklər yarana bilərdi”.
İranda genetik modifikasiya olunmuş (GMO) məhsulların yetişdirildiyinə dair rəsmi məlumatlar əldə etdiyini vurğulayan Birlik rəhbəri deyib ki, heyvan genlərinin bitkiyə köçürülməsi baş verir. Amma buna baxmayaraq, İrandan Azərbaycana külli miqdarda kartof gətirilir. Həddindən artıq böyük kartoflar GMO, ya da külli miqdarda pessitlər, nitritlər qəbul etmiş kartoflardır. Ümumiyyətlə, istehlakçılar bilməlidirlər ki, çəkisi böyük olan kartoflar yemək üçün yararlı deyil”.
E.Hüseynovun sözlərinə görə, bunun qarşısını almaq üçün yerli istehsalın səviyyəsini artırmaq lazımdır: "Yerli istehsal hər cəhətdən üstündür. Çünki yerli istehsalda orqanik gübrələrdən istifadə olunur”.
Şəymən