İranı etiraz dalğası bürüdü: “Aksiyalar hakimiyyət böhranı ilə də nəticələnə bilər”

Milli valyutanın (rial) dollar qarşısında öz dəyərini itirməsi ilə iqtisadi durumun ağırlaşması, kəskin qiymət artımı İranda vəziyyəti gərginləşdirib. Yaranmış iqtisadi böhran kütləvi etirazların yaranmasına səbəb olub. Avqustun 1-də Kərəc şəhərinin Gövhərdəşt məntəqəsində onminlərlə insan axşam saatlarında küçələrə çıxaraq hökumətin uğursuz iqtisadi siyasətinə, ölkə rəhbərlərinin əhalinin istəklərinə laqeyd qalmasına qarşı etiraz yürüşü keçirərək, ruhanilər hakimiyyətinə qarşı "Top, tank, fişfişədən qorxmuruq, rədd olsun axundlar”, "İranlı, yetər susdun artıq, öz qeyrətini göstərməyinin vaxtıdır”, "Diktatora ölüm” kimi sərt şüarlar səsləndiriblər.
Yürüşçülər əhalini qorxunu bir kənara atıb molla hakimiyyətinə qarşı keçirilən kütləvi etirazlara qatılmağa çağırıblar. İsfahanın bəzi küçələrində hökumət qüvvələrinin etirazçıları dağıtmaq üçün dəyənək və gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir. Gecə saatlarına qədər davam edən etirazlarda mümkün həbslərin olub-olmadığı barədə hər hansı bir məlumat yayılmayıb.
Mövcud prosesi dəyərləndirən Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan "Sherg.az”a açıqlamasında deyib ki, İranın milli valyutasının ilk dəfə deyil ki devalvasiyaya uğrayır: 
"Əvvəllər də milli valyuta dəyərdən düşmüşdü, ancaq həmin vaxtlar İran hakimiyyətinə qarşı etirazlar olmadı. Bu dəfəki proseslər isə ciddi görünür. Hətta hakimiyyət böhranı ilə də nəticələnə bilər. İranın keçmiş prezidenti Mahmud Əhmədinejad mövcud durumla bağlı aksiya keçirtmək üçün ölkənin daxili işlər nazirliyinə müraciət edib. DİN isə hələlik heç bir reaksiya verməyib. Eyni zamanda M.Əhmədinejad Amerika prezidenti Trampa da müraciət edib ki, ABŞ-da yaşıl kart alan İran hakimiyyəti yaxınlarının və onların bank hesablarının siyahısını versin. 
Deməli, artıq keçmiş hakimiyyət təmsilçiləri də aktivləşiblər. Hətta bəzi nüfuzlu dini liderlər də Ə.Nejatı dəstəkləyir. İndiki hökumət isə mövcud maliyyə problemərinin məsuliyyətini əvvəlki hökumətin üzərinə atmaq istəyir. Lakin Həsən Ruhaninin hökumət başına keçməsi 5 ildən çoxdur. Bu müddət ərzində yeni hökumət mövcud problemləri aradan qaldıra bilməyibsə, deməli heç bir islahat aparılmayıb”.
İran parlamentinin 290 deputandan 200-nün mövcud iqtisadi problemləri aradan qaldırmaq üçün Həsən Ruhaniyə müraciət etdiyini vurğulayan S. Soltanın sözlərinə görə, parlamentarilər hökumətdə dəyişikliklər edilməsi təklifini irəli sürüblər. Eyni zamanda iqtisadi sahəyə rəhbərlik edən şəxslərin işdən azad edilməsini tələb ediblər: 
"Ancaq bütün bunlar baş tutsa belə İrandakı mövcud problemlər aradan qalxmayacaq. Dediyim kimi cərəyan edən proseslərin kökü İranın milli valyutasının devalvasiyaya uğramasından qaynaqlanmır. Ortada siyasi ambisyalar var və bu da birmənalı olaraq İranın xarici siyasəti ilə bağlıdır. İlk növbədə də ABŞ və onun müttəfiqlərinin İrana qarşı tətbiq etdiyi sanksiyalar və Amerikanın 2015-ci ildə imzalanan razılaşma sənədindən imtinası ilə bağlıdır. Məhz bunun nəticəsində ölkənin milli valyutası son 6 ay ərzində 3 dəfə ucuzlaşıb, sosial narazılıq artıb. Bir neçə gün əvvəl İsfahanda sürücülər və bazarda çalışan sahibkarlar ayağa qalxmışdı. Tacirlər də dəstək vermişdi. Bu gün baş verən proseslər də onun davamıdır”.
İrandakı etiraz aksiyasının xaricdən idarə olunduğuna inanmadığını deyən S. Soltan hesab edir ki, daxildəki vəziyyətin günü- gündən pisləşməsi insanların səbr kasasını doldurub: 
"Siyasi cəhətdən ayıq və fəal olan İran cəmiyyəti hökumətin fəaliyyətsizliyinə qarşı etiraz aksiyalarına start verib. "Xomeyniyə ölüm” kimi bir-iki şüarı istisna etsək əsas diqqət ölkənin iqtisadi- sosial problemlərinin həllinə yönəlib. Ancaq İranda marağı olan aparıcı ölkələri, xüsusən də ABŞ, Rusiya və Çinii unutmamaq lazımdır. Şübhəsiz ki, qərb dövlətləri də İrandakı mövcud vəziyyətdən istifadə etməyə çalışacaqlar. Maraqların təmin olunması üçün ya
mövcud hakimiyyət istefa verməli, ya da ABŞ-ın şərtlərini qəbul etməlidir. O zamana qədər də aksiyalar davam edəcək”.
Politoloqun sözlərinə görə, etiraz aksiyalarının genişlənməsi İranda yeni mərhələnin başlanğıcı da ola bilər.
Şəymən