İranın Avropaya qapısı açılıb

Azərbaycan da bu bazarda öz yerini tutmağa çalışmalıdır



Azərbaycan Prezidenti İlham Əliyev fevralın sonunda İrana səfər edəcək. Bunu İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin deyib. Onun sözlərinə görə, səfər İran Prezidenti Həsən Ruhaninin dəvəti əsasında reallaşacaq: "Rəsmi səfər zamanı iqtisadiyyat və enerji sahəsində sənədlər imzalanacaq”. Məlumdur ki, Qərb dövlətlərinin İran üzərindən iqtisadi sanksiyaları qaldırmasından sonra cənub qonşumuz bir çox ölkələrlə siyasi və iqtisadi əməkdaşlığa başlayıb.

Bir çox Avropa dövlətləri ilə İran arasında milyard dollarlıq sazişlər, kontraktlar imzalanıb. Hazırda İran böyük enerji ehtiyatlarına malik olan əlverişli iqtisadi portnyor kimi dəyərləndirilir. Azərbaycanın energetika naziri Natiq Əliyev də jurnalistlərə açıqlamasında deyib ki, İrana qarşı sanksiyaların aradan qaldırılması iki dövlət arasında iqtisadi əməkdaşlığı sıxlaşdıracaq: "Bizim neft-qaz və enerji sahələrində böyük layihələrimiz var. O cümlədən, İran qazının Azərbaycandan tranzit olunması məsələsi də gündəlikdədir. Həmçinin, İran qaz anbarlarının istifadəsi, yenidən qurulması və başqa sahələri inkişaf etdirəcəyik”. Nazir bildirib ki, iki ölkə arasında nəqliyyat sahəsində böyük işlər görülür: "Şimal-Cənub nəqliyyat dəhlizi yaradılır. Bu, nəinki tranzit məqsədlər üçündür, eləcə də elektrik enerjisinin Rusiyadan Azərbaycana, Azərbaycandan da İrana ixracını nəzərdə tutur”.

Məsələ ilə bağlı "Şərq”ə danışan iqtisadçı-ekspert Natiq Cəfərli İranla əməkdaşlığın Azərbaycana müəyyən üstünlüklər vəd etdiyini bildirib. Onun sözlərinə görə, İranın infrastruktur layihələrinə ehtiyacı var: "Son bir ay içində İran Qərb dövlətləri ilə 40 milyardlıq müqavilələr imzalayıb. Azərbaycan da bu bazarda öz yerini tutmağa çalışmalıdır. İranla neft-qaz sənayesində, tikinti sahəsində ciddi əməkdaşlıq perspektivi var. Düzdür, İranın enerji resurslarının Azərbaycan üzərindən dünyaya çatdırılması bir az problemli məsələdir. Çünki fars körfəzi vasitəsilə dünya okeanına çıxışı olan İran öz qazını sıxılmış şəkildə, neftini isə tankerlərlə su yoluyla daşıya bilər. İranın Türkiyə ilə təqribən 20 milyard kub metrlik həcmi olan boru kəməri də var. Bu da imkan verir ki, İran qazı Türkiyə üzərindən Avropaya çatdırılsın”. Ekspertin fikrincə, İranın TANAP və TAP layihəsinə qoşulması üçün ciddi danışıqlar aparılmalıdır: "TANAP-da Azərbaycanın 57 faizlik payının olduğunu nəzərə alaraq, gələcəkdə tranzit xətlərindən və İran qazının Avropaya çatdırılmasından ölkəmiz kifayət qədər dividendlər qazana bilər. Bu sahə çox perspektivlidir və Avropa üçün də maraqlıdır. Çünki Azərbaycanın qaz potensialı o qədər böyük deyil. 2020-ci ildə Azərbaycan Avropaya cəmi 10 milyard kub metr qaz satmağı düşünür. Amma həm TANAP-ın, həm də TAP layihəsinin təqribən 30-32 milyard kub metr həcmində qaz çıxartma qabiliyyəti var. Ona görə də İran qazından istifadə etmək zəruridir. Əgər anlaşma olarsa, Azərbaycan üçün çox gəlirli sahəyə çevrilər”. İqtisadçının sözlərinə görə, ikinci ən mühüm sahə təmir-tikinti işləridir: "Azərbaycan şirkətləri beynəlxalq təcrübəyə malikdir. Bir çox şirkətlərimiz Avropada, Ukraynada, Serbiyada, Gürcüstanda mühüm layihələr həyata keçirib. Həmin şirkətlərin İranın investisiya bumunda iştirak etməsi Azərbaycana əlavə qazanclar gətirər. Fikrimcə, əsas danışıqlar bu iki istiqamət üzrə aparılacaq. Bu anlamda Prezidentin İrana səfəri çox önəmlidir”. "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə deyib ki, indi gündəmdə olan əsas mövzu Rusiya ilə İranı birləşdirən dəmir yol xəttinin tikintisi və bərpasıdır: "Əgər xəttin qalan hissəsinin tikintisi başa çatarsa, Azərbaycanın bölgədəki tranzit statusu artacaq. Üstəgəl, Azərbaycan İranın enerji layihələrində iştirak edəcək. İran qazının Azərbaycan üzərindən Avropa bazarlarına daşınması da müzakirə olunacaq. Çünki İran qazının Ermənistan üzərindən Gürcüstana çatdırılması mövzusu gündəmdədir. Təbii ki, bu, Azərbaycanda müəyyən narahatlıq doğurur. Ona görə də bu məsələlərdə Ermənistanı qabaqlamaq lazımdır. Azərbaycanla əməkdaşlıq İran üçün daha faydalı olar. Səfərdən sonra İranın regional əməkdaşlıqda kimə üstünlük verməsi məlum olacaq”. Politoloq səfər əsnasında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikir mübadiləsi aparılacağını deyib. Amma onun fikrincə, bu məsələdə İranın heç bir müsbət rolunu gözləməyə dəyməz: "İran 1992-ci ildə vasitəçi olmaq istədi. O da bizim əleyhimizə işlədi və Şuşa işğal olundu. İnanmıram ki, ikinci dəfə bu səhvi təkrarlayaq. İran vasitəçi olmaq istəyə bilər. Lakin İran-Ermənistan əlaqələrini nəzərə alsaq, bu ölkənin vasitəçiliyinin xeyrimizə olmayacağını demək olar”.

İsmayıl