İranın təzyiqi Ermənistan kartı ilə başladı

İslam ölkəsi liderinin İrəvana səfəri Bakıda riyakarlıq kimi qarşılandı
İran Prezidenti Həsən Ruhani dekabrın 21-də Ermənistana rəsmi səfər edəcək. Bir günlük səfərin məqsədi İranın region və qonşu ölkələrlə əlaqələrinin dərinləşməsi və gücləndirilməsidir. Səfər zamanı Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcə də iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq, İrəvanda İran və Ermənistan iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.
Maraqlıdır ki, İran həmişə müsəlman həmrəyliyini əsas gətirərək, Azərbaycanın Fələstinə qarşı təcavüzkarlıqda ittiham edilən İsraillə əlaqələrinə etiraz edir. Bir neçə gün öncə isə İran nümayəndələri İsrailin baş naziri Benyamin Netanyahunun Bakıya rəsmi səfəri əleyhinə əks-təbliğat kampaniyası həyata keçirdilər. Lakin indi İranın dövlət başçısı Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, on minlərlə müsəlman əhalisini qətlə yetirmiş, məscidlərində donuz otaran ermənilərlə əməkdaşlığı genişləndirmək üçün İrəvana rəsmi səfər edir. Bəziləri bunu İranın xarici siyasətində məntiqsizlik, digərləri ikili standartlı yanaşma adlandırırlar. Ermənistan da müstəqilliyini elan edəndən Tehran Yerevanı özünün ən yaxın müttəfiqlərindən biri sayır. Düzdür, İran İrəvanın işğalçı olduğunu "etiraf” edir. Ancaq Dağlıq Qarabağ münaqişəsinə yanaşmada riyakarlıq edir. Tehran "işğalçı” kimi tanıdığı bir dövlətlə bütün sahələr üzrə əməkdaşlığı genişləndirir. Tehranın İrəvanla əlaqələrini inkişaf etdirməsi İranın Cənubi Qafqazda maraqlarını təmin etmək istəyindən irəli gəlir. Bu istəyi və niyyəti həyata keçirmək üçün istifadə ediləcək ən asan alət Ermənistan kartıdır. İran bu kartla Azərbaycana, Türkiyəyə təzyiq edir. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib ki, İran özünü islam dininin "keşikçisi” kimi təqdim edir, bir yandan da qəsbkarla qardaşlıq edir: "İranın qəsbkar Ermənistana qardaş olması heç kəsdə şübhə doğurmur. İran müstəqillik illərində Ermənistana 2 milyard dollardan çox yardım edib. Ermənistan üçün xilaskar, həyat yolu olub. Bunu biz yox, Ermənistan prezidentlərinin özləri etiraf ediblər. Sonuncu dəfə 2008-ci ildə Cənubi Osetiyada 5 gün davam edən müharibədə Ermənistanda benzin və ərzaq qıtlığı yarandı. İran həm neft, həm də ərzaq məhsulları ilə Ermənistana yardım etdi. Heç bir müqavilə, sənəd imzalanmadan yardım etdi. Belə yardımı ancaq qardaş edə bilər. Qəsbkar Ermənistan ordusunun möhkəmləndirilməsinə yardım etmək də islam prinsiplərinə ziddir. İran Ermənistana hərbi yardım edəndə Azərbaycanla İsrail arasında hərbi əməkdaşlığın izi-tozu yox idi. İsrail Baş naziri və Prezidenti Azərbaycana səfər etməmişdi”. Politoloq deyib ki, İran Dağlıq Qarabağ tənzimlənməsinə bir neçə dəfə vasitəçilik etmək istəyib. Azərbaycan heç vaxt İranın vasitəçilik missiyasını rədd etməyib və üç dəfə qəbul edib: "Birinci dəfə razılıq verəndə Şuşa işğal olundu. Şuşa işğal olunduqdan sonra İran Ermənistanla münasibətlərini nəinki azaltdı, əksinə, bir az da artırdı. 2 dəfə isə Azərbaycan rəsmən İranın vasitəçilik missiyasına razılıq verməsinə baxmayaraq, bu alınmayıb”.
Politoloq Fikrət Sadıqov da bildirib ki, İranın öz xarici siyasətində müəyyən düzəlişlər etməsinə ehtiyac var: "Xarici siyasətdə rəsmi Tehranın öz prioritetləri var və bu onun öz işidir. İran müsəlman dövlətidir, beynəlxalq praktikada həm də "islam həmrəyliyi” anlayışı var. Əgər İran başa düşür və faktiki olaraq etiraf edirsə ki, Azərbaycanın torpaqları işğal altındadır və günahkar da Ermənistandır, o zaman öz xarici siyasətinə müəyyən düzəlişlər etməlidir. Hər halda bu məqamları nəzərə almalıdır. Çünki Azərbaycanın maraqları İran üçün müəyyən mənada yaxın olmalıdır”. Politoloq hesab edir ki, İran Ermənistanla münasibətlər saxlaya bilər, amma üstünlüyü hər zaman Azərbaycana verməlidir: "İran Ermənistanla dostluq edəndə, ona himayədarlıq edəndə Azərbaycanda müəyyən suallar yaranır ki, niyə və hansı səbəblərə görə bunu edir? Axı işğalçı Ermənistana təzyiq olunmalıdır. Biz dövlətləri buna çağırırıq. Təbii ki, ilk növbədə bizə yaxın olan dövlətlərin bu addımları atmasını istəyərdik. Əksinə, görürük ki, İran Ermənistanla ilbəil daha isti münasibətlər qurur, bu ölkə ilə sazişlər imzalayır, ikitərəfli əlaqələri inkişaf etdirir. Əlbəttə, bu, bizi qane edə bilməz, buna biganə qala bilmərik və sözümüzü hər halda deyirik”. F.Sadıqovun fikrincə, burada çox incə bir məqam da var: "İran Prezidenti Ermənistana olan səfərini bir neçə dəfə təxirə saldı. Nəhayət, axırıncı variant kimi maraqlı bir səfər marşrutu seçdi. Ruhani Ermənistandan Qazaxıstana, oradan da Qırğızıstana gedəcək. Bəlkə də belə bir marşrutun seçilməsinin özü də bizim mövqeyimizin nəticəsidir. Çünki hiss olunur ki, İran burada müəyyən balansı qorumağa çalışır. Yəni Ruhani təkcə Ermənistana yox, digər müsəlman ölkələrinə də səfər edir”.
İsmayıl