Amma Türkiyə ilə viza rejimini ləğv etməliyik
Milli Məclisin oktyabrın 28-də keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev Azərbaycanın Türkiyə və İranla viza rejimi ləğv edilməsini təklif edib.
Deputat bildirib ki, İranda 30 milyondan artıq azərbaycanlı yaşayır və buna görə də Azərbaycan hökuməti Türkiyə və İranla viza rejimini ləğv etməlidir: "Bəzi Türkiyə saytlarında Azərbaycana qarşı təxribatçı yazılar gedir. Bu gün mən bir yazı oxudum ki, Türkiyədə müəyyən adamlar bizə rişxənd edirlər. Onlar bizim Türkiyə ilə dostluq və qardaşlığımız haqqında dediklərimizə ironiya ilə yanaşıb, hələ də viza rejimini qaldırmamağımızı xatırladırlar. Ona görə də mən Türkiyə və İranla viza rejiminin qaldırılması üçün hökuməti müvafiq addımlar atmağa çağırıram. Bu həm də kimlərə xidmət etdiyi bəlli olmayan media orqanlarının bizə qarşı təbliğatına son qoyardı”.
Millət vəkilinin təklifini müsbət dəyərləndirən "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu deyib ki, biz bir gündə iki dövlətlə viza rejimini ləğv etməliyik: "Ona görə ki, Türkiyə bizim strateji müttəfiqimizdir. Düzdü, İranla bağlı suallar var. Tehranın Ermənistan siyasəti bizi narahat edir. Amma cənub qonşumuzla münasibətlər nisbətən normallaşır. Ortaq layihələr həyata keçiririk. Digər yandan İranda 30 milyon azərbaycanlı yaşayır. Çalışmalıyıq ki, onların Azərbaycanla əlaqələri güclənsin və gələcəkdə Tehrana da təsir göstərsinlər ki, İran Ermənistan siyasətindən əl çəksin. Məncə, bu məsələni uzatmaq olmaz. Həm də nəzərə almaq lazımdır ki, işğalçı Ermənistan İran vətəndaşları üçün vizanı aradan qaldırıb. Necə olur ki, İran azərbaycanlıları Ermənistana rahat şəkildə, öz ölkələri saydıqları Azərbaycana isə viza ilə gedib-gəlirlər. Bu mənada düşünürəm ki, vizanı aradan qaldırmaq gərəkir. Doğrudur, bəzən deyirlər ki, təhlükə ola bilər. Türkiyə və İranda ermənilər yaşayır. Ona qalsa, Rusiya və Gürcüstanda da ermənilər yaşayır. Bu iki ölkənin vətəndaşlarına viza tətbiq etmirik. Aydınca görünür ki, bu da vizanın saxlanılmasına səbəb ola bilməz”.
Ayyət Əhməd