“Şiddət heç vaxt çıxış yolu deyil” - EKSPERT

  • Məktəb rəhbərinin uşağı incitməsi, ona əl qaldırması və ya fiziki zorakılıq göstərməsi qanun pozuntusudur

“Ümumiyyətlə, cəmiyyətdə baş verən bəzi hadisələrin müəyyən sosial təzahürləri var. Bu məsələlər ictimai maraqlarla, ictimai münasibətlərlə və insanlararası əlaqələrin tənzimlənməsi ilə bağlıdır. Təbii ki, uşaqlara qarşı zorakılıq həm normadan kənar davranışdır, həm ictimai təhlükə yaradır, həm də uşaq hüquqlarının kobud şəkildə pozulması deməkdir”.

Bu sözləri Sherg.az-a açıqlamasında sosioloq Naib Niftəliyev Samux rayonu Alabaşlı qəsəbə tam orta məktəbinin direktoru Vüsalə Hüseynova barəsində xüsusi qayğıya ehtiyacı olan (qüsurlu) 7-ci sinif şagirdi N. Vəliyevaya qarşı fiziki şiddət göstərməsi iddialarına münasibət bildirərkən söylədi. 

Qeyd edək ki, həmin hadisə ilə bağlı məlumat və video sosial şəbəkələrdə yayılıb. Şagirdin atası Ceyhun Vəliyev iddia edir ki, məktəbli forması olan ağ köynəyin üstündən geyinilən jileti olmadığına görə övladı direktor tərəfindən şiddətə məruz qalıb. Ailə aztəminatlıdır, uşaq isə xüsusi qayğıya ehtiyacı olanlar kateqoriyasına aiddir. Ata isə iddia edir ki, övladı direktor tərəfindən digər şagirdlərin qarşısında təhqir edilib, şiddətə məruz qalıb və məktəbdən uzaqlaşdırılıb. Məktəbə gedən ata direktorun irəli çıxıb cavab verməsini tələb edib. 

Sosioloq Naib Niftəliyev bildirdi ki, uşağın müəyyən xüsusiyyətləri, çatışmazlıqları, hətta fiziki və ya digər məhdudiyyətləri ola bilər. Valideynin maddi vəziyyəti, uşağın qayğısı və saxlanılması, eləcə də onun ehtiyaclarının qarşılanması ilə bağlı imkanları məhdud ola bilər. Belə hallarda uşağın lazımi təminatla əhatə olunması üçün müvafiq tədbirlər görülməlidir: 

- Kimsə maddi baxımdan çətin vəziyyətdədirsə, müəyyən məhdudiyyətləri, əngəlləri varsa, onu incitmək yox, himayə etmək, qorumaq gərəkdir. Sosial xidmət qurumlarının fəaliyyəti də məhz bu istiqamətdə qurulmalıdır. Belə uşaqlar və onların ailələri müvafiq dövlət qurumlarının dəstəyi ilə zəruri xidmətlərlə təmin edilməlidirlər. Maddi və sosial yardımın göstərilməsi, maddi imkanları məhdud olan uşaqların məktəbli forması ilə təmin olunması, dövlətin onların qayğısına qalması istiqamətində müvafiq qanunvericilik aktları və təşəbbüslər mövcuddur. Sadəcə, təəssüf ki, bəzi hallarda həm təhsil sistemində çalışan ayrı-ayrı vəzifəli şəxslər, həm bəzi məmurlar, həm də digər şəxslər bu kimi məsələlərdə məsuliyyəti öz üzərlərinə götürmürlər. Uşaqlara qarşı istənilən zorakılıq və yanlış davranış yolverilməzdir. Uşağın müəyyən davranış xüsusiyyətlərinin olması, bəzən qaydalardan kənara çıxması və ya müəyyən çətinliklər yaşaması onun inkişaf prosesinin bir hissəsi ola bilər. Uşaqlar səhv edə-edə öyrənirlər. Davranış normaları onlara həm ailədə, həm də məktəbdə aşılanır. Buna görə də uşağın səhvlərinə düzgün yanaşmaq, onun davranışını izah etmək və istiqamətləndirmək lazımdır.

N.Niftəliev qeyd etdi ki, məktəb rəhbərinin uşağı incitməsi, ona əl qaldırması və ya fiziki zorakılıq göstərməsi qanun pozuntusudur və belə hallara yol verilməməlidir. Əgər belə bir hadisə baş veribsə, məsələ araşdırılmalı, müvafiq tədbirlər görülməli və həmin şəxsin vəzifəsinin icrasından kənarlaşdırılması məsələsinə baxılmalıdır: 

- Digər tərəfdən, uşağın tərbiyəsi üçün müxtəlif üsullar mövcuddur. Lakin qanunvericilik baxımından uşağa qarşı zorakılıq, təzyiq, mobbinq və ya bullinq xarakterli hərəkətlər yolverilməzdir və qanunla müəyyən edilmiş hallarda məsuliyyətə səbəb olur. Belə hallar müvafiq hüquqi tədbirlərlə yanaşı, əmək intizamının pozulmasına görə digər sanksiyaların tətbiqi ilə də nəticələnə bilər. Əlbəttə, hər bir konkret hadisənin bütün halları araşdırılmalı və dəqiqləşdirilməlidir. Düşünürəm ki, zorakılıq cəmiyyətdə heç bir halda problemin həlli vasitəsinə çevrilməməlidir. Şiddət heç vaxt çıxış yolu deyil. Uşağa qarşı bu cür davranış nə tərbiyə üsulu, nə də pedaqoji yanaşma hesab oluna bilər. Bu, hətta məktəb direktoru və ya müəllim kimi məsul vəzifə tutan şəxslərə də yaraşan davranış deyil. Sosioloji baxımdan bu məsələdə sosial-psixoloji amillər də özünü göstərir. Bəzi insanlar onlara müəyyən səlahiyyətlər verildikdə, həmin səlahiyyətlərdən sui-istifadə edərək başqaları ilə istədikləri kimi rəftar edə biləcəklərini düşünürlər. Halbuki zor tətbiq etmək, uşağı alçaltmaq, təhqir etmək və qorxutmaq heç vaxt ciddi tərbiyə üsulu sayıla bilməz. Uşağa münasibətdə fərqli, sağlam və konstruktiv davranış modeli seçilməlidir. Sosioloji baxımdan belə halların ayrıca təhlilinə, onların səbəblərinin müəyyənləşdirilməsinə və profilaktik tədbirlərin gücləndirilməsinə ehtiyac var. Təhsil sahəsində çalışan şəxslər yalnız öz ixtisasları üzrə deyil, həm də psixoloji və sosioloji məsələlər üzrə müvafiq biliklərə malik olmalıdırlar. Belə uşaqlarla necə davranmaq, onların ehtiyaclarını necə müəyyənləşdirmək və təlim-tərbiyə prosesini necə təşkil etmək, ilk növbədə, pedaqoji və psixoloji biliklər, eləcə də idarəçilik bacarıqları tələb edir. Təəssüf ki, məktəblərimizin bir qismində müvafiq vəzifələrdə çalışan şəxslərin bu baxımdan lazımi səriştələrə malik olmaması halları ilə qarşılaşırıq.

Sosioloq bildirdi ki, əgər yayılan məlumatlar həqiqətə uyğundursa, baş vermiş hadisə məktəb direktorunun idarəçilik səriştəsi, pedaqoji qabiliyyəti, cəmiyyətlə münasibətləri anlama səviyyəsi, eləcə də valideynlər, məktəb rəhbərliyi, müəllimlər və şagirdlər arasındakı münasibətlərə dair bilikləri ilə bağlı ciddi suallar yaradır. Belə bir şəxsin tutduğu vəzifəyə uyğunluğu məsələsi də müvafiq qaydada qiymətləndirilməlidir.