Baba Vəziroğlu: “Məktəblərdə bu qərar çoxdan qəbul edilməli idi”

  • “Hər kəs təhsil ocağının qaydalarına hörmət etməlidir” 

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII qurultayında ideoloji işin formal və şablon yanaşmalardan uzaq, müasir dövrün çağırışlarına uyğun qurulmasının vacibliyini vurğuladı.

Bu mesaj informasiya müharibələrinin gücləndiyi, milli və dini həssaslıqların müxtəlif məqsədlər üçün istifadə olunduğu bir dövrdə xüsusi əhəmiyyət daşıyır. Nazirlər Kabinetinin məktəblərdə geyim qaydaları ilə bağlı qərarı ətrafında yaranan müzakirələr də bu baxımdan diqqət çəkir. Xüsusilə hicab məsələsinin qabardılması və ayrı-ayrı hadisələr üzərindən Azərbaycan əleyhinə fikirlərin yayılması cəmiyyətdə məsələyə daha həssas və obyektiv yanaşmağı zəruri edir. 

Əməkdar İncəsənət Xadimi, şair Baba Vəziroğlu Sherg.az-a açıqlamasında bildirib ki, məktəblərdə müvafiq qaydaların tətbiqi ilə bağlı qərar çoxdan verilməli idi:

“Məncə, bu, hərtərəfli düşünülmüş düzgün qərardır. Hətta deyərdim ki, bu qərar gecikib. Çünki onun çoxdan qəbul olunmasına ehtiyac var idi. Azərbaycan müxtəlif etnik qrupların, dini baxışların, milli adət-ənənələrin və fərqli mentalitetlərin mövcud olduğu azad bir ölkədir. Hər kəsin öz düşüncəsinə, inancına və milli adət-ənənələrinə uyğun yaşamaq hüququ var. Lakin məktəb mühitində bu azadlıqlar müəyyən çərçivədə tənzimlənməlidir. Çünki məktəb dini və ya milli məbəd deyil, elm və təhsil ocağıdır. İnsanlara bilik, ziya və işıq bəxş edən bu məkanda hamı ümumi qaydalara hörmətlə yanaşmalıdır”.

B. Vəziroğlu qeyd edib ki, Azərbaycanda müxtəlif etnik qruplar yaşayır və onların hər birinin özünəməxsus adət-ənənələri var:

“Ancaq bu o demək deyil ki, hər kəs öz ənənələrini olduğu kimi məktəb mühitinə gətirməlidir. Bu müqayisəni ona görə aparıram ki, məktəbin özünəməxsus nizam-intizamı və qaydaları var. Bir daha vurğulayıram ki, məktəb elm, təhsil və maarifçilik məbədidir. Bu məkana qədəm qoyan hər kəs onun qayda-qanunlarına hörmətlə yanaşmalı və onları anlayışla qarşılamalıdır. Bu prinsip həm şagirdlərə, həm müəllimlərə, həm də məktəblə əlaqəsi olan hər kəsə şamil edilməlidir”.