"İraq və Suriyadakı vətəndaşlarımızı yoxlamadan gətirmək təhlükəlidir"

İlqar Altay: "Çünki eləsi var ki, qandallı olaraq gətirilib, həbs edilməlidir. Eləsi var, başı pozulub, psixi xəstəxanaya yerləşdirilməlidir""Bir çoxu terrorçulara qoşulub, başlar kəsib, cəllada çevrilib. Digər qismi ideoloji və psixoloji cəhətdən pozulub. Dini fanatizm və ekstremizm ruhuna yetişiblər"
"İraq və Suriya kimi müharibə bölgələrinə hansısa səbəbdən getmiş insanlarımızın geriyə qaytarılması dövlətçilik baxımından vacibdir və qanunidir”.
Bunu "Sherg.az”a İraq və Suriyadakı Azərbaycan vətəndaşlarının ölkəyə qaytarılmasına münasibət bildirərkən Azərbaycan İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, kriminalist İlqar Altay deyib. 
Onun sözlərinə görə, təhlükəli olub-olmamasına baxmayaraq, onlar Azərbaycan vətəndaşlarıdır və onların bu ölkədə yaşamaq hüququ var:
"Ona görə də Azərbaycan hökuməti bu barədə tədbir görür, xüsusi komissiya yaradıb. Rusiya və s. ölkələr də bu cür tədbirləri həyata keçirirlər. Ancaq məsələ orasındadır ki, həmin bölgəyə həmin vətəndaşların əksəriyyəti qanunsuz olaraq gediblər. Bir çoxu qanunsuz silahlı dəstələrə, terrorçulara qoşulublar, başlar kəsiblər, cəllada çevrilib, qətllər törədiblər. Bundan başqa bir çoxu ideoloji və psixoloji cəhətdən pozulublar. Dini fanatizm və ekstremizm ruhuna yetişiblər. Bunların hamısını yoxlamadan, ayırd etmədən ölkəyə gətirmək də təhlükəlidir. Eləsi var qandallı olaraq gətirilib, həbs edilməlidir. Eləsi var, başı pozulub, psixi xəstəxanaya yerləşdirilməlidir. Xüsusi xidmət orqanlarının suallarına cavab verəcək olanlar var ki, vətənə xəyanət şübhəsi və ya təqsiri altındadır. Onların üzərində işlənməlidir. Onların öz yanlarında apardığı ailə, arvad-uşaqlar burada xüsusi bərpa sığınacaqlarına yerləşdirilməlidirlər.
Bu qədər insanın adaptasiya məsələsi var. Bütün bunlar ciddi işlərdir. Həm dövlətin təhlükəsizliyini, həm də insanların taleyini əhatə edir. Buna görə, proses dövlət tərəfindən sistemli surətdə öz həllini tapmalıdır”.
Həmin şəxslərin cəmiyyətə uyğunlaşdılmasına toxunan İ.Altay vurğulayıb ki, adaptasiya probleminə xüsusi yanaşılmalıdır:
"Aylar və illərlə müharibə, İŞİD rejimi, başkəsmə qan-qada bölgəsində yaşamaq, bu dəhşətləri görmək və bunlara öyrəşmək dərəcəsində mənəvi-psixoloji dəyişmək həddinə çatmışlar sabit cəmiyyət sistemi üçün xeyli fərqli insanlardır. 
Xüsusən ilk dövrlərdə bizim üçün qeyri-adi onlar üçünsə adi görünən cəmiyyətə qarşı ifrat hərəkətləri, davranışları gözləmək mümkündür. Məsələn, müharibə, vəhşiliklər bölgəsindən Avropaya düşmüş suriyalı qaçqın gənclərin, cavanların oradakı qızlara, qadınlara hətta heyvanlara, qadın heykəllərinə qarşı seksual pozuntulu əməlləri və buna görə həbsə alınmaları faktdır. Bundan başqa qaçqınlar tərəfindən törədilən oğurluq, xuliqanlıq, ağır xəsarət, qətl hadisələri də az deyil. Çünki, bu heç kəsə sirr olmayan məlum faktdır ki, qeyri-sabit, xaos, müharibə zonasında yaşayan insanlar tamam fərqli psixoloji durumda olurlar. Bütün bunlar nəzərə alınıb, o regiondan gələnlərə xüsusi yanaşılmalıdır və üzərlərində nəzarət olmalıdır”.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlının sözlərinə görə, həmin şəxslərin ölkəyə qaytarılması üçün Dövlət Proqramı hazırlanır. S. Salahlı bildirib ki, bu, qlobal və böyük məsələdir, həllini hər hansı dövlət qurumu ayrılıqda üzərinə götürə bilməz.
Aysel Aslan