İraqın ABŞ qarşısında öhdəlikləri var

İstəyirlər ki, Türkiyənin bölgədə fəallığını zəiflətsinlər
Tofiq Abbasov proseslərin Yaxın Şərqdə mövcud xəritəni dəyişməyə yönəldiyini bildirib


Türkiyənin İraqla münasibətləri getdikcə gərginləşir. İraq hökuməti Türkiyə hərbçilərinin Mosul yaxınlığındakı Başika hərbi düşərgəsindən çıxmasını tələb edir. Və bununla bağlı BMT Təhlükəsizlik Şurasına da müraciət edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğansa İraqın Baş naziri Əl-İbadiyə ağır ifadələr səsləndirdi. Yəni, Türkiyə Başikanı tərk etməməkdə hələ ki, qərarlı görünür.

Region onsuz da od-alovun içində olduğu bir müddətdə iki dövlət arasında bu şəkildə gərginlik davam edərsə, hansı nəticələrə gətirib çıxara bilər?

Politoloq Tofiq Abbasov "Şərq”ə açıqlamasında cərəyan edən proseslərin Yaxın Şərqdə mövcud xəritəni dəyişməyə yönəldiyini bildirdi:

- Bu, artıq aşkardır ki, fövqəldövlətlər Yaxın Şərqdə siyasi xəritəni dəyişmək istəyirlər və bu yolda heç bir itkidən çəkinmirlər. Mənzərə necədir? Türkiyənin həm İraq, həm də Suriya rəhbərliyi ilə çətinliyi var. Həm İraq, həm də Suriya ərazisində qondarma islam dövləti ilə mübarizə gedir. Bundan əlavə digər müxtəlif terror qruplaşmaları da bir bayraq altında hər iki tərəfə müharibə elan edib. Türkiyə isə belə bir gərgin durumda, təbii ki, təhdidləri özündən uzaqlaşdırmaqdan ötrü çalışır bufer zona yaratsın, eyni zamanda daxildə də kürd amilinin dağıdıcı təsirini minimuma endirsin. Böyük dövlətlər həm açıq, həm gizli şəkildə terror qurplaşmalarını dəstəkləyir. Daha burada sirr qalacaq bir şey yoxdur. İstər məxfi sənədlər vasitəsilə, istərsə də media vasitəsilə ictimaiyyət bundan xəbərdardır. Belə şəraitdə Türkiyə sakit otura bilməz. Ona görə də çalışır ki, İraq və Suriyada təsir gücünü artırsın. Məlumdur ki, İraq Kürdüstanı deyilən şimal bölgəsi de-fakto müstəqilliyini bərpa etməyə çalışır. Qərb də onlara dəstək verir. Yadınızdadırsa, Rəcəb Tayyib Ərdoğan Baş nazir olduğu vaxtda İraq Ərbilinə səfər etdi, kürd liderləri ilə görüşdü. Bunlar münasibətləri normallaşdırmaq, bəlkə də Kürdüstan ərazilərinin genişlənməməsi məqsədi daşıyırdı. Amma sonra Suriya kürdləri də prosesə qatıldı. Və indi bölgədə faktiki 2 böyük kürd anklavı var. Türkiyə də sərhədlərində təhlükə yaranmasını əngəlləmək istəyir. İraq mərkəzi dövləti də çalışır Türkiyənin bölgədə fəallığını zəiflətsin, Mosulun azad olunmasında Türkiyənin iştirakının qarşısını alsın.

Ancaq niyə, müsəlman dövləti İraq, başqa bir müsəlman dövləti Türkiyə ilə deyil, hansısa başqa güclə "işbirliyi”nə üstünlük verir? Normalda düşünülə bilər ki, İraq əksinə, Türkiyə ilə əlbir hərəkət etməlidir.

Politoloq burada siyasi maraqların daha sıx olduğunu qeyd etdi:

- İraq dövlətinin ABŞ qarşısında öhdəlikləri var. Əl-İbadidən öncə Nuri əl-Maliki də ABŞ-ın dəstəyi ilə hökumətə gəlmişdi. İraq hökuməti koalisiya qüvvələrinə borclu olduğunu danmır. Ona görə də İraq hökuməti ABŞ-ın istəyini yerinə yetirir. ABŞ-ın da, Qərbin də bölgədə məqsədi bəllidir. ABŞ çalışır bölgədə dayaq nöqtələri olsun. Qərbə məqsədinə çatmaq üçün bir platforma lazımdır. Burada var minimum plan, bir də var maksimum plan. Minimum plan islam dövlətinin yaranması, maksimum plan kürd dövlətinin yaranmasıdır. Sadəcə, Qərb koalisiyası çalışır dağıdıcı qüvvəni - "İŞİD”i islam dövləti kimi modifikasiya etsin. Baxın, əvvəlcə Rakkanı "İŞİD”in paytaxtı elan etdilər, indi Əl-Babdan söhbət gedir. Bilirsiz, bütün bu proseslərin hədəfi birdir; müsəlman dövlətlərini zəiflətmək, regionu öz nüfuz və təsir dairəsində saxlamaq. Fikir versək görərik ki, istər "ərəb baharı” gerçəkləşmiş müsəlman dövlətləri, istərsə də bundan öncə ABŞ-ın təsiri altında olan ölkələr (İraq, Əfqanıstan) keçmiş sovet rejimi ilə dost olanlardır. Bu dövlətləri zəiflətməkdə məqsəd həm də oradakı sol təmayüllü qüvvələri tamamilə parçalayıb, sıradan çıxarmaqdır. Bundan sonra artıq öz istəklərini, planlarını asanlıqla həyata keçirəcəklər. İndi dağıtdıqları, viran qoyduqları ölkələrə özləri investisiya cəlb edəcəklər, yenə də özləri gəlir əldə edəcək. Bu mənada Türkiyənin sərt mövqe sərgiləməsi başadüşüləndir. Türkiyə tamamilə haqlı olaraq sərhədlərinin güvənliyini təmin etmək, daxili stabilliyi qorumağa çalışır.

Məlahət Rzayeva