İş dəftərlərindən imtina etmək lazımdır

Bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur
Çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir


"Bəzən müəllim heç bir mənbədə məlum olmayan, müəllifi tanınmayan, etibarsız mənbələri sinfə gətirməklə şagirdlərin fəaliyyətini "genişləndirir", başqa tərəfdən də çoxsaylı ev tapşırıqları verməklə onları yükləyir. Bu da müəyyən uşaqlar üçün həm maraqsız, həm də yorucu görünür”. Bu sözləri təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib. Onun sözlərinə görə, sosial şəbəkələrdə hansısa mətndən bir parça qoyublar və böyük tənqid atəşinə tuturlar ki, Təhsil Nazirliyi hara baxır?

M.Vəliyevanın fikrincə, günah həmin vəsaiti dərsdə tətbiq edən müəllimdədir: "Düşünürlər ki, şagird çox yazarsa, eyni tapşırığı bir neçə dəfə yerinə yetirərsə, onda vərdiş formalaşdıracaq və biliyi möhkəmlənəcək. Amma bu, yanlış yoldur”.

Təhsil eksperti Kamran Əsədov ölkə prezidenti İlham Əliyevin 2004-cü ildə imzaladığı sərəncamı xatırladıb. Sərəncama əsasən orta məktəblərdə şagirdlər tərəfindən istifadə olunan bütün dərs vəsaitlərinin dövlət tərəfindən pulsuz olaraq verildiyini vurğulayan K.Əsədov deyib ki, həmin dərs vəsaitində şagirdin keçdiyi mövzunu mənimsəməsi üçün bütün suallar və tapşırıqlar var:

 "Dünya təcrübəsində də iş dəftəri kimi əlava vəsaitlər arzuolunan deyil. Çünki bu, şagirdlərin əlavə yüklənməsinə səbəb olur. Ümumilikdə isə hesab edirəm ki, iş dəftərlərinin məcburi tələb olunması, sadəcə olaraq, kimlərinsə şəxsi maraqlarına xidmət edir. 2010-cu ilə qədər iş dəftərlərinin istifadəsi bu qədər geniş hal almamışdı. Həmin zamanla müqayisə etsək, şagirdlərin bilik və bacarıqlarında elə bir fərqin olmadığını görərik. Apardığımız araşdırmalar göstərir ki, məktəblilər üçün nəzərdə tutulan iş dəftərlərinin qiyməti olduqca bahadır”.

K.Əsədovun fikrincə, qiymətlərin yüksək olmasının başlıca səbəbi marketinq xərclərinin düzgün hesablanmamasıdır: "Bir iş dəftərinin maksimum qiyməti 1 manatı keçə bilməz. Çünki çap xərcləri buna imkan yaradır. Qiymətdən əlavə, testlər, iş dəftərləri uşaqların çantalarının ağırlaşmasına səbəb olur. Təsəvvür edin ki, bir şagird azı 6 fənn keçirsə, hər fənnin ayrıca iş, test və qiymətləndirmə dəftəri varsa, bu, çantanın xeyli ağırlaşmasına səbəb olur. Mən hesab edirəm ki, iş dəftərlərindən imtina etmək lazımdır. Çünki bunların heç birinin təhsilin müsbət yöndə inkişafına təsiri yoxdur. 

Adicə olaraq, kurikulumun başlıca tələbi ondan ibarətdir ki, şagirddə nitq mədəniyyəti, danışıq qabiliyyəti yüksək səviyyədə olsun. Sadaladığımız bu ləvazımatlar isə, uşaqları bu bacarıqlardan məhrum edir.
İş dəftərlərinin sayının çox olması təkcə ailə büdcəsinə ağırlıq etmir, qeyd etdiyim kimi, gündə ən azı 5-6 fənn keçən şagirdlər də məktəbə gedib-gələn zaman bu ağırlığı qaldırmq məcburiyyətində olurlar. Müşahidələrimiz əsasında onu deyə bilərik ki, çox ağır olduğu üçün, əksər hallarda valideynlər övladlarının çantalarını özləri daşımalı olur”.

Təhsil eksperti çıxış yolu olaraq qeyd edib ki, çalışma dəftərləri sinifdə qalmalı, tədris olunan fənlərin sayı azaldılmalı, kitabların həcmində ixtisarlar edilməlidir: "Amerikada uşaqlar çantalarında evə hər gün ağır kitabları gətirmək məcburiyyətində də deyillər. Müəllim onların edəcəyi tapşırığın sürətini bir vərəqdə verir. ABŞ-da uşaqların maraqlı cəzalandırılması və mükafatlandırılması üsulu da var. ABŞ-da həftənin 5-ci günü isə şagirdlərə heç bir ev tapşırığı verilmir, onlara şənbə və bazar günləri istirahət üçün şərait yaradılır. Uşaqların dərsi qavraması isə hər həftə keçirilən test imtahanları nəticəsində məlum olur.

Hesab edirəm ki, Təhsil Nazirliyi tərəfindən orta məktəblərdə istifadə olunacaq resursların konkret siyahısını müəyyən etməli, bu siyahıda olmayan vəsaitlərin orta məktəblərdə istifadəsinə birmənalı olaraq qadağa qoymalıdır”.

Şəymən