"İş saatlarının dəyişdirilməsi sıxlığı aradan qaldırmayacaq"- EKSPERT




"Nəqliyyatda sıxlığın aradan qaldırılması üçün yalnız dövlət orqanlarında iş saatlarının dəyişdirilməsi kifayət etməyəcək".

Bunu Sherg.az-a nəqliyyatda sıxlığın aradan qaldırılması üçün paytaxtda dövlət orqanlarında iş saatının dəyişdirilməsi ilə bağlı təkliflərə münasibət bildirərkən, nəqliyyat eksperti Ərşad Hüseynov deyib. 

O bildirib ki, təklif yalnız bu qurumlara aid edilməməlidir: 

"Bundan əlavə, Bakıda tələbə və şagirdlərin daha sıx olduğunu nəzərə alaraq, məktəb və universitetlərdə dərs saatlarının müəyyən qədər fərqləndirilməsini təklif edirəm. Həmçinin bir çox özəl şirkətlərin şəxsi avtomobildən istifadə edən kifayət qədər işçiləri var. Bütün bu müəssisələrin birlikdə hərəkət edərək, müxtəlif vaxtlarda iş və dərs saatları tətbiq etməsi pik saatların aradan qaldırılması üçün daha səmərəli olar. Nəticədə bundan əvvəl eyni vaxtda yola çıxan kütlə dörd-beş hissəyə bölünəcək. Dünya təcrübəsində də nəqliyyatda sıxlığın azaldılması üçün bu metod istifadə edildiyindən, Azərbaycanda tətbiqi effektiv nəticə verə bilər”.

Qeyd edək ki, Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərimli rəhbərlik etdiyi qurumun 1 illik fəaliyyəti ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı Bakı şəhərində iş saatının dəyişdirilməsi ilə bağlı müvafiq orqanlara təkliflər göndərildiyini deyib.

Aysel Aslan