"İşçilərin təhlükəsizliyi üçün sərt normalar var, amma əməl olunmur" - EKSPERT





"Fəhlələrin, tikinti və digər sahələrdə işçilərin təhlükəsizliyinin təmin olunması üçün müvafiq qaydalar var. Sadəcə şirkət rəhbərləri, müvafiq şəxslər qayda-qanunlara əməl etməlidirlər”.

Bunu "Sherg.az”a özəl müəssisələrdə, tikinti şirkətlərində işçilərin təhlükəsizliyin təmin olunmamasından danışarkən "Konstitusiya” Araşdırmalar Fondunun eksperti Zaur İbrahimli söyləyib.

O qeyd edib ki, əməyin mühafizəsində və müəssisələrin təhlükəsizlik qaydalarına riayət etməsinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Xidməti və Fövqəladə Hallar Nazirliyi nəzarət həyata keçirir:

"Digər aidiyyəti qurumların müəyyən etdiyi normalarda və Cinayət Məcəlləsində də işçilərin təhlükəsizliyinin təmin olunması barədə müvafiq müddəalar var. Nə qədər sərt normalar tətbiq olunsa da, statistikaya diqqət etdikdə bunun nəticələrini görə bilmirik. Həmçinin, vəzifəli şəxslərin necə cəzalandırılması barədə də cüzi məlumatlar yer alır.

Sahibkarlıq müəssisələrində yoxlamaların 4 il müddətinə dayandırılması barədə ölkə başçısının təşəbbüsü ilə müvafiq qərar qəbul olunub. Bəzi sahibkarlar isə bu qərardan sui-istifadə edir, əməyin mühafizəsi, təhlükəsizlik tədbirlərinin görülməsi ilə bağlı addımlar atmırlar. Düşünürəm ki, bədbəxt hadisələrin qarşısının alınması üçün müəssisə əməkdaşları və həmkarlar təşkilatları səy göstərməlidirlər. İşçilər müvafiq qurumlara müraciət və şikayətlər ünvanlamaqla problemin qabardılmasına nail ola bilərlər. Həmkarlar ittifaqları isə mütləq aktivlik göstərməli, işləyənlərin hüquqlarını müdafiə edən, müstəqil qurum kimi etirazlarını bildirməlidirlər. İş yerlərində maarifləndirmələr aparılmalı, insanların həyatı ilə bağlı məsələləri sahibkarlıq subyektləri ilə ciddi müzakirə etməlidirlər”.

Qeyd edək ki, Saray qəsəbəsi ərazisində fəaliyyət göstərən "Sen İnşaat” Məhdud Məsuliyyətli Cəmiyyətində fəhlə işləyən, 1964-cü il təvəllüdlü Qurbanov Ağaməli Mirzəbala oğlu həmin müəssisənin həyətyanı sahəsində istismar müddəti bitmiş yük avtomobilinin yanacaq çənini qaz kəsici alətlə kəsərkən yanacaq məhlulunun üzərinə tökülməsi nəticəsində yanıq xəsarətləri alaraq Bakı şəhəri 5 nömrəli xəstəxanaya yerləşdirilmiş və iyulun 26-da orada vəfat edib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aysel Aslan