İşğalçı rejimin pulu kəsildi

ABŞ-dakı diplomatik korpusumuz fəal olmalıdır
Seçki ili olduğundan erməni lobbisi Amerika rəhbərliyinə təzyiq edəcək


Amerika Birləşmiş Ştatlarının gələnilki dövlət büdcəsində Dağlıq Qarabağdakı işğalçı rejimə yardım üçün vəsait nəzərdə tutulmayıb. Bu fakt Prezident Barak Obama tərəfindən təsdiq olunmuş 2017-ci ilin dövlət büdcəsinin dərcindən sonra məlum olub. Xatırladaq ki, bundan əvvəlki büdcələrdə hər il Dağlıq Qarabağ rejiminə 1,5 milyon dollar ayrılırdı. ABŞ rəhbərliyinin bu qərarı Amerika Ermənilərinin Milli Komitəsinin (ANCA) təlaşına səbəb olub. ANCA-nın icraçı direktoru Aram Ambaryan ABŞ-dan Dağlıq Qarabağdakı işğal rejiminə 5 milyon dollar yardım ayırmağı tələb edib.

Millət vəkili Elman Məmmədov "Şərq”ə açıqlamasında bildirib ki, indiyə kimi qondarma rejimə maliyyə yardımı göstərən ABŞ-ın 2017-ci ilin büdcəsində ermənilərə vəsait ayırmaması təqdirəlayiq addımdır: "Mən bunu alqışlayıram. Deməli, artıq Amerika rəhbərliyi anlayır ki, Dağlıq Qarabağdakı rejim qondarmadır. Ona görə də Azərbaycanın ərazi bütövlüyünə hörmət əlaməti olaraq belə bir qərar verib. Bu cür yanaşma dövlətlərimiz arasında strateji əməkdaşlığı gücləndirir. Ümid edirik, gələcəkdə ABŞ-ın dəstəyi ilə qondarma qurum birdəfəlik ləğv olunacaq və Amerika rəhbərliyi Azərbaycanın tərkibindəki Dağlıq Qarabağa pul ayıracaq. Biz də dövlət olaraq qanunlarımızı qəbul edən erməni icmasına yardım edəcəyik”. Deputatın sözlərinə görə, ABŞ-dakı erməni lobbisi Dövlət Departamentinə və Senata təzyiq göstərir: "Biz dəfələrlə bunun şahidi olmuşuq. Yəqin ki, bu dəfə də erməni diasporası qondarma rejimə yardım ayrılması üçün amerikalı rəsmilərə təsir edəcək. Hətta ermənilər bəzən ABŞ Prezidenti Barak Obamanı da sıxışdırırlar. Onu da nəzərə almaq lazımdır ki, Amerikada seçki ilidir. Erməni lobbisi namizədlərin mövqeyindən istifadə etməyə çalışacaq. Yaxşı olar ki, ABŞ-dakı diplomatik korpusumuz fəal olsun”. Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov bunu Azərbaycan diplomatiyasının qələbəsi sayıb: "İndiyə kimi ABŞ Xankəndindəki rejimə hər il 1,5 milyon dollar yardım ayırırdı. Bu, Azərbaycanın haqlı narazılığına səbəb olurdu. Rəsmi Bakı dəfələrlə ABŞ Dövlət Departamentinə məktub yazaraq işğal edilmiş ərazilərə yardımı dayandırmağı tələb edirdi. Göründüyü kimi, ABŞ tərəfindən sağlam düşüncə nümayiş etdirilib. Düşünürəm ki, Barak Obama administrasiyası geriyə addım atmayacaq. Amma istənilən halda Azərbaycan diplomatiyası dinc durmamalıdır və erməni lobbisinin əks gedişlərinin qarşısını almalıdır. Ambaryanın bu cür davranması səbəbsiz deyil və müəyyən məqsəd daşıyır. Əvvəlki illərdə ABŞ-dakı erməni lobbisi inad göstərərək, Amerika rəhbərliyi qarşısında tələblər qoyub və müəyyən məqsədlərə çatıb. Məsələn, bu cür inadın nəticəsində 2017-ci ildə Ermənistana ayrılacaq iqtisadi yardım 22 faiz artırılıb. Odur ki, diplomatiyamız üçün görüləcək çox işlər var. Buna görə də əldə edilmiş ilk uğurdan kifayətlənib rahatlaşmaq olmaz. Azərbaycan ictimaiyyətinin daha böyük uğurlara ehtiyacı var”.

İsmayıl