"İşğalın arxasında duran Ermənistandır, Azərbaycan da danışıqları onunla aparacaq" - ŞƏRH






"Ermənistan qondarma Dağlıq Qarabağın danışıqlarda iştirak etməsini irəli sürməklə iki hədəfə nail olmaq istəyir. Birincisi odur ki, "DQR” subyekt kimi qəbul olunsun. İkincisi də işğalçı dövlət adı Ermənistanın üzərindən götürülsün".

Bunu "Sherg.az”a N.Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlarda üçüncü tərəfin - Qondarma Dağlıq Qarabağ rəhbərinin iştirakının vacibliyi ilə bağlı iddialarına münasibət bildirərkən politoloq İlqar Vəlizadə deyib.

O söyləyib ki, Azərbaycan bu iddialara tutarlı cavab verir:

"Azərbaycan qondarma Dağlıq Qarabağ rəhbərliyi ilə danışıqlar aparsa, deməli onu beynəlxalq subyekt kimi tanımış olacaq. Rəsmi Bakı bunun Ermənistanın tələsi olduğunu çox yaxşı anlayır. Dağlıq Qarabağ Azərbaycan ərazisi olduğuna görə, danışıqlarda eyni hüquqlu subyekt kimi iştirak etməsi mümkün deyil.

Biz hər zaman Ermənistanın Azərbaycan torpaqlarını işğal etdiyini vurğulayırıq. Rəsmi İrəvan isə "DQR"ın danışıqlarda iştirak etməsi ilə özünü kənarlaşdırmağa çalışır. Beləliklə, tənqidi yanaşma, Azərbaycanın irəli sürdüyü suallar Ermənistana deyil, qondarma Dağlıq Qarabağa qarşı səsləndiriləcək. Ermənistan isə bu məsələdə "sudan quru çıxmış” olacaq”.

İ.Vəlizadə diqqətə çatdırıb ki, Ermənistan qondarma Dağlıq Qarabağın müstəqil subyekt olduğunu iddia edirsə, arqumentlərini ortaya qoymalıdır:

" "DQR" müstəqil subyektdirsə, nəyə görə, orada Ermənistanın hərbi hissələri yerləşir ? Nəyə görə, Ermənistan vətəndaşları Dağlıq Qarabağda hərbi xidmət keçir ? Nəyə görə, Dağlıq Qarabağ faktiki olaraq Ermənistan ordusu tərəfindən qorunur? Bundan başqa, nəyə görə, "DQR”ın büdcəsinin formalaşmasında, təchizatında da Ermənistan iştirak edir.

Düşmən ölkə bu faktları nə ilə əsaslandıraraq, qondarma Dağlıq Qarabağın müstəqil subyekt olduğunu iddia edir ? Həqiqətən DQR "müstəqil subyektdirsə”, onda Ermənistan qoşunlarını oradan çıxarsın, Azərbaycanın Dağlıq Qarabağla təmaslarına mane olmasın.

Məhz bundan sonra Azərbaycan Dağlıq Qarabağla hər hansı danışıqlar apara və problemi həll edə bilər. İşğal faktı ortadadır və bu amilin arxasında duran Ermənistan dövlətidir, Azərbaycan yalnız onunla danışıqlar apara bilər.

Ermənistan rəhbərliyinin apardığı siyasət o dərəcədə bəsit və ziddiyyətlidir ki, yolun sonu növbəti müharibə, yaxud gərginlik olacaq. Beləliklə, Ermənistan iqtisadiyyatında, daxili və xarici siyasətində yeni böhranlı vəziyyətlə üzləşəcək”.


Aysel Aslan