Amma bu terrorçuların tamamilə sıradan çıxarılması anlamını vermir
"Bu təşkilatın bir çox ölkələrdə yatmış hücrələri mövcuddur. Nə vaxtsa həmin terrorçular başqa bir təşkilat adı altında üzə çıxacaqlar"
İŞİD terror təşkilatı 14 dəqiqəlik yeni propaqanda videosunu yayımlayıb.
Suriya və İraqda mövqelərini itirən təşkilat Afrika ölkələri Somali və Malidə güclənməyə davam edir. Terror qrupu fəaliyyətini Əl-Şəbab və Camaat Nəsr Əl-İslam vəl Müslimin təşkilatlarını maliyyələşdirməklə gücləndirməyə çalışır.
Camaat Nəsr Əl-İslam vəl Müslimin Əl-Qaidə terror təşkilatının Mali və Qərbi Afrika şöbəsi hesab edilir. İŞİD-in videosunda isə Əl-İslamın İŞİD-ə bağlı olduğu bildirilir. Təşkilat üzvləri isə bu iddianı rədd edir.
Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri, "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu son bir neçə il ərzində Suriyada, İraqda İŞİD-ə çox böyük zərbələr dəyərək onların fəaliyyətinin xeyli zəiflədiyini deyib:
"6 il əvvəl İŞİD terrorçularının hansısa ərazini bombalaması, uşaqları diri-diri yandırması, insanlara işgəncə verməsi kimi faktlar barədə az qala hər gün xəbər oxuyurduq, videolar izləyirdik. Azərbaycandan yüzlərlə gənc bu qanunsuz terror qruplaşmasına qoşulmuşdu. Son iki ildə isə İŞİD-ə qoşulanlar və onların vəhşilikləri barədə məlumatlar xeyli dərəcədə səngiyib. Bunun da səbəbi müxtəlif ölkələrdən ibarət qruplaşmanın İŞİD-ə qarşı ciddi mübarizə aparmasıdır.
İŞİD-in neytrallaşdırılması istiqamətində addımlar müəyyən səmərə versə də, bu, İŞİD terrorçularının tamamilə məhv edilməsi anlamına gəlməməlidir. İllər əvvəl Əl-Qaidə ilə bağlı da analoji xəbərlər yayılmışdı.
Amerikanın zərbələrindən sonra Əl-Qaidənin fəaliyyəti zəifləsə də, onlar tamamilə yox olmadılar. Biz günü bu gün də ara-sıra onların törətdikləri terror faktlarına dair xəbərlər alırıq. İŞİD terrorçularını da eyni sonluq gözləyir. Onlar hər nə qədər zərərsizləşdirilsə də, bu təşkilatın bir çox ölkələrdə yatmış hücrələri mövcuddur. Nə vaxtsa həmin terrorçular başqa bir təşkilat adı altında üzə çıxacaqlar.
Yəni əvvəlki İŞİD kimi güclü təşkilat olmasa da, yeni bir terror qruplaşmasının yaradılması mümkündür. Məgər İŞİD-in özü Əl-Qaidədən törəmədi? Fikrimcə, İŞİD sıralarında döyüşən terrorçular hazırda gizləndikləri regionlarda istənilən vaxt gərginlik ocağı yarada bilərlər. Bunu nə vaxt və necə edəcəkləri isə İŞİD-in şəbəkələşmiş strukturunun strateji planından asılı olacaq”.
Şəymən