
“İŞİD-in Qafqazda xeyli tərəfdarları var”
İlham İsmayıl: “Hadisələrin gedişindən məlum olur ki, onlar müsəlman dünyasının hər bir ölkəsinə təsir etməyi və şəriət dövləti qurmağı planlaşdırır”

Son günlər İŞİD-in böyük planları ilə bağlı müxtəlif fikirlər səsləndirilir və bu planın içində Azərbaycanın olduğu iddia edilir. Eyni zamanda, İŞİD-in Qafqaza gələcəyi ilə bağlı müxtəlif fikirlər də ortaya atılıb. "İraq Şam İslam Dövləti” terror qruplaşması Şimali Qafqazda öz vilayətini yaratdığını elan edib.
"Qafqaz vilayəti”nin yaradılması Dağıstan, Çeçenistan, İnquşetiya, Kabardin-Balkar və Qaraçay-Çərkəzdəki silahlı qruplaşmaların İŞİD terror xəvaric qruplaşmasının lideri Əbu Bəkr əl-Bağdadiyə sədaqət andı içməsindən sonra elan edilib. Andı Rusiyada qadağan edilmiş "İmarət
Qafqaz” qruplaşmasının üzvləri içiblər. Təbii ki, bizə bir o qədər də yaxın olmayan Suriya, İraq torpaqlarında meydan sulayan İŞİD-in yavaş-yavaş sərhəddimizə yaxınlaşması Azərbaycan üçün də ciddi təhlükədir. "Əli”ni Yaxın Şərqdən belə Azərbaycana uzadıb, öz təbliğatını aparan, gənclərimizi "cihad” adı ilə öz təsiri altına alan İŞİD şimal sərhəddimizdə möhkəmləndikdən sonra nələr etməz ki? İŞİD-lə bağlı narahatlığımızı artıran digər arqument İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayinin açıqlamalarıdır. İŞİD-in özünü bölgədə çox təbliğ etdiyini və malik olduğu gücü 5 qat artıq göstərməyə çalışdığını vurğulayan səfirə görə, İŞİD-i yaradan Qərb ölkələrinin mediası bu qruplaşmanın gücünü daha böyük göstərməyə çalışır. Möhsün Pak Ayin deyib ki, İŞİD-ə çoxlu köməklilərin göstərilməsinə baxmayaraq, İraqda bu terror təşkilatı o qədər də güclü deyil və demək olar ki, zəifləyib. Suriyada da öz hədəflərinə çata bilməyiblər. Yəməndə bunlar "Əl-Qaidə” adı ilə fəaliyyət göstərirlər və burda da bir uğur əldə edə bilməyərək məğlubiyyətə düçar olublar. Təbii olaraq İŞİD-in və terror qruplarının hədəflərindən biri də Qafqazdır. Bunların Qafqazda 2 hədəfləri var. Birinci məqsədləri Şimali Qafqazda, Rusiyanın müsəlman əyalətlərində təhlükə törətməkdir. Onlar Rusiyaya təzyiqlər göstərməklə bu ölkənin Suriya və İraqdakı mövqeyində dəyişikliyə nail olmağa çalışırlar. Əslində İŞİD bu gün Qafqazda Qərb ölkələrinin hədəflərinə xidmət edir. Onların ikinci hədəfi isə şiə ölkəsi olan Azərbaycandır və bunu dəfələrlə bəyan ediblər.
Şimali Qafqaz və Azərbaycanda İŞİD təhlükəsi ilə bağlı "Şərq”in suallarını cavablandıran Təhlükəsizlik Araşdırmaları Mərkəzinin rəhbəri, Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovniki, politoloq İlham İsmayıl deyib ki, İŞİD-in Qafqazda xeyli tərəfdarının olduğu və strukturlaşdığı məlum faktlardı. İŞİD indi "İslam Dövləti” adlanır. Şimali Qafqazdakı tərəfdarlar ötən aylarda İslam Dövlətini tanıdıqlarını və onun rəhbəri Əl-Bağdadiyə biət gətirdiklərini açıqlayıb, bir sıra məsələlərdə fikir ayrılığı olsa da, bu məsələdə yekdillik nümayiş etdiriblər. Vilayət yaratmaq klassik anlamda mümkün olmasa da, Mahaçqalada, Xasavyurtda və Şimali Qafqazın digər respublikalarında tərəfdarlar bunu elan ediblər.
- "İslam Dövləti”nin Qafqazla bağlı nə kimi planları ola bilər?
- Bu terror qruplaşmasının Qafqazla bağlı konkret hansı planının olduğu mənə məlum olmasa da, hadisələrin gedişindən məlum olur ki, İD müsəlman dünyasının hər bir ölkəsinə təsir etməyi və şəriət dövləti qurmağı planlaşdırır.
- İranın Azərbaycandakı səfiri deyib ki, Şimali Qafqazdan sonra "İŞİD”in ikinci hədəfi Azərbaycandır. Səfirin bu iddiası nə dərəcədə realdır?
- İran səfirinin dediklərində təbliğat notları var və İŞİD-in əleyhinə olan bir dövlət kimi Azərbaycanın İranla bu istiqamətdə bir olması siyasətindən qaynaqlanır, həm də sabah İranın Azərbaycanda törədə biləcəyi hər hansı zorakı, terror hadisəsini asanlıqla İD-nin ayağına yazıb özlərini sığortalamaq məqsədi də ola bilər.
- İD-nin Azərbaycanda möhkəmlənməsi mümkündürmü? Ümumiyyətlə, bu təşkilat Şimali Qafqazda möhkəmləndikdən sonra onlara qoşulan azərbaycanlı gənclərin sayı arta bilərmi?
- Təbii ki, bu mümkündür. Azərbaycanda gənclər arasında işsizlik, cəmiyyətdə məmur özbaşınalığı artdıqca, gənclərin İslam Dövlətinə meyli də arta bilər və faktiki olaraq, getdikcə artır da. Suriyada, İraqda İslam Dövlətinin tərkibinə qoşulub, onların tərəfindən vuruşmağa gedənlər də buna sübutdur. Şimali Qafqazın bizə olan yaxınlığı və təsirini də bura əlavə etsək, deməli, təhlükə daha böyükdür.
- Azərbaycan hökuməti İŞİD-ə qarşı necə mübarizə apara bilər?
- Başlıca olaraq, Azərbaycan bu prosesə gənclərimizin Suriyaya gedib terrorçu qruplaşmanın tərkibinə qoşulmasının qarşısını almaqla başlamalıdır. Bunun üçün də Suriyaya keçərkən sərhəddə yaxalanan, yaxud da oradan gələnləri qanunla cəzalandırıb, məsuliyyətə cəlb etmək lazımdır. Eyni zamanda, cəmiyyətdə dini maarifləndirməni ön plana çəkmək, idarəetmədə ədalət prinsipini gözləməklə İslam Dövlətinə qarşı mübarizə aparmaq olar.
- Bəs, Azərbaycanın Qafqaz dövlətləri ilə İŞİD təhlükəsinə qarşı birlikdə mübarizə aparma ehtimalı varmı?
- Şimali Qafqaz respublikaları ilə deyil, amma Rusiya Federasiyası ilə birgə mübarizədə təhlükəni azalda bilər.
Şəymən