Terror qruplaşmalarının üzvləri artıq geri, ölkələrinə qayıdırlar
“Təbii ki, onların Rusiyaya və digər MDB ölkələrinə qayıdışı yeni terrorlar, qanlı cinayətlər deməkdir. Azərbaycan üçün də bu risklər mövcuddur”
"Terror təşkilatlarının Şimali Qafqazda və MDB ölkələrində fəaliyyət göstərəcəkləri barədə sənədlər əldə etmişik”. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov deyib. MDB ölkələri xüsusi xidmət və təhlükəsizlik orqanları rəhbərlərinin Bakıda keçirilən iclasında çıxış edən Bortnikov bildirib ki, son dövrlər əsas diqqət terrorçuluq və ekstremizmə qarşı mübarizəyə yönəlib:
"Hazırkı geosiyasi vəziyyət təəssüf ki, mənfi ssenari üzrə inkişaf edir. MDB ölkələrinin birbaşa sərhədində yerləşən Əfqanıstan və Yaxın Şərq regionunda vəziyyət narahatlıq yaradır. İŞİD, "Cəbhat-əl-Nüsra” kimi terror təşkilatlarının genişlənməsi günün reallığıdır. MDB-yə üzv və digər ölkələr üçün ən böyük təhdid mühacir terrorçuların çıxdıqları ölkələrə geri qayıtması və bu ölkələrdə aktivləşməsidir”. Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev də çıxışında vurğulayıb ki, MDB ölkələrində təhdidlərin yeni elementləri ortaya çıxıb. Onun sözlərinə görə, problemlərin həlli üçün birgə müzakirələr və ümumi yanaşmanın işlənməsi tələb olunur: "Terrorçuluq və dini ekstremizmlə, transregional mütəşəkkil cinayətkarlıqla mübarizə mühüm məsələdir. Yalnız koordinasiyalı fəaliyyətlə təhdidlərə qarşı mübarizə aparmaq, ölkələrimizin təhlükəsizliyi və stabilliyinin təminatını həyata keçirmək mümkündür”. Məsələ ilə bağlı "Şərq”ə danışan keçmiş MTN polkovniki İlham İsmayıl deyib ki, Suriyada koalisiya qüvvələrinin İŞİD-ə qarşı təzyiqi nəticəsində terrorçular geri çəkilir: "Nəzərə almaq lazımdır ki, terrorçulara ən çox dəstək verənlər, onların silahlı gücünü təşkil edənlər məhz Şimali Qafqazdan olan Rusiya vətəndaşlarıdır. Əksəriyyəti də çeçenlərdir. Onlar potensial terrorçu, radikal dindarlardır. İŞİD geri çəkildikcə, qruplaşma üzvləri vətənlərinə geri dönəcəklər. Təbii ki, onların Rusiyaya və digər MDB ölkələrinə qayıdışı yeni terrorlar, qanlı cinayətlər deməkdir. Azərbaycan üçün də bu risklər mövcuddur. Xeyli sayda azərbaycanlı radikal dindar İŞİD-in sıralarında vuruşur. Ona görə də xüsusi xidmət orqanlarının həyəcan təbili çalması, birgə əməkdaşlığa meyl etməsi normal və zəruri haldır. Ələlxüsus Rusiya və Azərbaycanın təhlükəsizlik orqanları arasında sıx əməkdaşlığın olması vacibdir. Çünki terror hadisələrinin qarşısının alınmasında qabaqlayıcı informasiyalar mühüm rol oynayır. Terror aktı əvvəlcədən ifşa olunmazsa, hadisənin qarşısını almaq çətin olur. Məncə, belə adamlara qarşı qanunun ən sərt tələblərini tətbiq etmək lazımdır. Görünür, Rusiya rəsmilərinin əlində konkret faktlar var”. Ekspertin sözlərinə görə, uzun müddətdir, dünyanın ən böyük dövlətləri terrorçu qruplaşmalara qarşı mübarizə aparırlar. Amma buna baxmayaraq, terrorun kökünü kəsmək mümkün olmur: "Əksinə, terrorçular zəbt etdikləri ərazilərdə özlərinə "dövlət” qururlar. Məncə, İŞİD-ə qarşı mübarizə ən azı bir-iki il davam edəcək. Nə qədər ki, Bəşər Əsəd yerindədir, terror da onunla bərabər olacaq. Bu, artıq terrorizm tarixidir”.
İsmayıl