“İŞİD” Qafqazda peyda olub
Bu məlumat informasiya təbliğatı məqsədi də daşıya bilər
"İŞİD” terror təşkilatı Şimali Qafqazda öz vilayətini yaratdığını elan edib. Əbu Muhammed əl-Kadari isə İŞİD-in yeni "Qafqaz əyalətinin” lideri təyin olunub. İŞİD-in Şimali Qafqazda vilayət yaratması ilə bağlı yayılan xəbərlər digər region ölkələri kimi Azərbaycanda da narahatlıqla qarşılanmaqdadır.
Politoloqlar isə hesab edir ki, terror qrupunun Şimali Qafqazda vilayət yaratması Azərbaycan və digər region ölkələri üçün çox ciddi problemdir. Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı, politoloq Arzu Nağıyevin qənaətincə, İŞİD-in Şimali Qafqazda vilayət yaratması əslində gözlənən proses idi: "Eyni mərkəzdən maliyyələşən qruplar biət edərək, eyni məqsəd və mərama
qulluq etdiklərini göstərməli idilər. Bu da oldu. Şimali Qafqaz bu gün deyil, bir neçə il bundan əvvəl vilayət kimi təqdim edilirdi. Bu gün isə sadəcə olaraq İŞİD-in bir vilayəti olduğu bəyan edilib.
"İŞİD”-in vilayət yaratdıqları ərazinin hazırda Rusiya Federasiyasının, daha doğrusu, Şimali Qafqazın tərkibində olduğunu vurğulayan politoloq deyib ki, bütün bunlar hələlik sözdə olan məsələlərdir: "Rusiya, daha doğrusu, Çeçenistan və daha maraqlı olan federasiya üzvləri çox güman ki, "İŞİD”-ə qarşı mübarizəni gücləndirəcəklər və yəqin ki, bu işdə Azərbaycanla qarşılıqlı proseslərin də aparılması istisna deyil. Sözsüz ki, bölgəni İŞİD təhlükəsindən qorumaq üçün sərhədlərimizdə daha ciddi tədbirlərin həyata keçirilməsi zəruri və labüddür”.
İŞİD-in Qafqazda möhkəmlənməsinə Rusiyanın hansı reaksiyanı verəcəyinə gəldikdə isə A.Nağıyev deyib ki, Rusiyanın bütün güc strukturları hazırda aparılan antiterror əməliyyatlarını daha da genişləndirə bilər: "Bu gün Rusiya Şimali Qafqazda bu proseslərə nəzarəti gücləndirməsə, onun Orta Asiya tərfədən də İŞİD və ya digər terror təşkilatları ilə üz-üzə qalacağı istisna deyil. Məhz buna görə də Rusiya bütün gücü ilə İŞİD-ə qarşı mübarizə aparacaq”.
Politoloq deyib ki, İŞİD-in sərhədimizə yaxınlaşması bu təşkilata qoşulan azərbaycanlıların sayına bir o qədər də təsir etməyəcək: "İŞİD və ya digər qanunsuz silahlı birləşmələrə Azərbaycan vətəndaşlarının qoşulması təzə xəbər deyil və bundan sonra da istisna edilmir. Ərazi yaxınlığı baxımından isə bu, səbəb və məqsəddən asılı olacaq. İnanmıram ki, külli miqdarda qoşulmalar olsun. Həm də ki, azərbaycanlıların qanunsuz silahlı birləşmələrə qoşulmasının qarşısını almaq üçün ölkədə xeyli sayda təqdirəlayiq addımlar atılır. Hazırda maariflənmə, təbliğat və qanuni tətbiqlər daha güclü və təsirlidir. Hesab edirəm ki, azərbaycanlı gənclərin İŞİD və digər terror təşkilatlarının qarşısının alınması istiqamətində istər hüquq-mühafizə orqanları, istərsə də digər qurumlar daha ciddi addımlar atacaq”.
"Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu isə məlum informasiyanın təbliğati məqsəd daşıya biləcəyini vurğulayıb: "Əslində belə bir qurumun yaradılması təbliğati bir məsələ kimi qəbul edilə bilər. Çünki İŞİD bu kimi məsələlərdən daha çox təbliğat məqsədi ilə istifadə edir. Ola bilsin ki, İŞİD öz coğrafiyasını genişləndirdiyini göstərmək istəyir. Göstərmək istəyir ki, öz təsirini yeni və müxtəlif məkanlara yayır. O ki qaldı təhlükəyə, bu təhlükə çoxdan var. Azərbaycandan, Şimali Qafqazdan bəlkə də yüzlərlə, minlərlə insan terror qrupunun tərkibində döyüşürsə, bunun özü artıq təhlükədir. Əgər bu informasiyanın arxasında həqiqətən də ciddi bir şəbəkələşmə dayanırsa, bu, mövcud təhlükənin miqyasını daha da artırır. Əgər bu açıqlama sırf təbliğat xarakterlidirsə, o zaman hesab etmək olar ki, yeni bir şey yoxdur”.
Sabiq MTN zabiti, politoloq Sülhəddin Əkbərin fikrincə isə İŞİD terror təşkilatı Şimali Qafqazda öz vilayətini yaratması çox ciddi təhlükədən xəbər verir. Ekspert İŞİD təhlükəsinin artıq bizim regiona gəldiyini deyib: "Bu, ciddi təhdiddir. Bu təhdidin pontensial təhlükədən reala çevrilməsi də açıq görünür. Burda iki məqama diqqət etmək yetərlidir. Birincisi, regionun xəritəsinə baxmaq lazımdır. İŞİD Pakistandan Şimali Afrikaya qədər böyük bir ərazidə öz fəaliyyətini genişləndirib. Eyni zamanda, hazırda Şimali Qafqaz və Mərkəzi Asiyada İŞİD öz aktivliyini artırıb. Azərbaycan isə İŞİD-in yayıldığı bu coğrafiyanın mərkəzində yerləşir. İkincisi, nəzərə almaq lazımdır ki, İŞİD sıralarında Azərbaycan vətəndaşları döyüşürlər və zaman-zaman Azərbaycanı da açıq şəkildə təhdid edirlər. Bu məqsədlə xüsusi təbliğat xəritələri buraxılır, eyni zamanda azərbaycanlı İŞİD-çiləri bir araya toplayıb, onlara gələcək hədəflər də göstərilir”.
Azərbaycan hakimiyyətinin də təhlükəni ciddi qəbul etdiyini qeyd edən S.Əkbərin fikrincə, bu təhlükə Azərbaycanı da təhdid edib: "Düşünürəm ki, bu potensial təhdidə ciddi baxmaq lazımdır. Mənə elə gəlir ki, vəziyyəti Azərbaycan hakimiyyəti də bütün ciddiyyəti ilə dərk edir. Belə olmasaydı, Azərbaycan Cinayət Məcəlləsinə xaricdə silahlı qruplara qoşulanlara ağır cəza nəzərdə tutan müvafiq dəyişikliklər edilməzdi. Düşünürəm ki, bu, Azərbaycan üçün ciddi bir təhdiddir və real təhlükəyə çevrilmə ehtimalı da getdikcə yüksəlir”.
S.Əkbər bildirib ki, İŞİD-in Qafqazda peyda olması ilə yanaşı qruplaşma Orta Asiya respublikalarını da təhdid edib: "Qafqaz Əmirliyinin İŞİD-lə əlaqələri olsa da, bu qruplaşmaya
birbaşa tabe olmamışdı. Ancaq indi onlar da İŞİD-in tabeliyinə keçdiklərini bəyan edirlər və artıq İŞİD də bu biəti qəbul edib. İkinci tərəfdən, onu da nəzərə almaq lazımdır ki, artıq İŞİD Mərkəzi Asiyanın sərhədlərinə doğru irəliləyir. İŞİD-ə yazılan silahlı qruplar, xüsusən də Özbəkistan İslam Hərəkatı və "Cundullah” başda olmaqla 5 minə qədər silahlının cəm olduğu qruplaşmalar artıq Əfqanıstanın şimalında Mərkəzi Asiyanın cənub sərhədləri boyunca yerləşərək öz mövqelərini gücləndirməyə çalışırlar. Bilirsiniz ki, Rusiyanın xüsusi xidmət orqanları MDB respublikaları xüsusi xidmət orqanları rəhbərləri ilə birlikdə bu təhdidi müzakirə ediblər.
Və birgə koordinasiyalı fəaliyyətlə bağlı qərar qəbul ediblər. Bu baş verənlər onu göstərir ki, dünyada və regionda gedən geopolitik prosesləri nəzərə alsaq, Rusiya üçün xüsusilə də Şimali Qafqaz və bütövlükdə Mərkəzi Asiya üçün ciddi təhdiddir və real təhlükəyə çevrilmə ehtimalı artıb. Ola bilsin ki, İŞİD-in terror əməliyyatları əvvəlcə aşağı intensivlikdə başlaya bilər, sonradan isə geniş miqyaslı müharibəyə çevrilə bilər. Necə ki biz bunu İraqda və Suriyada görürük”.
Şəymən