İŞİD təhlükəsi göz altına alınmalıdır

“Qafqazı da müharibə çəlləyinə çevirmək istəyən qüvvələr var”



Azərbaycan həssas və vacib bir bölgədə yerləşdiyindən Yaxın Şərqdə və Suriyada baş verən hadisələrin bura keçmə riski var”. Bu barədə politoloq Tofiq Abbasov bildirib. Ekspertin sözlərinə görə, Suriyada və İraqın şimalındakı proseslər yaxın ərazidə baş verdiyindən Azərbaycan risk zonası sayıla bilər:

"İŞİD qruplaşmaları emissarları postsovet məkanındakı müsəlmanlar arasında təbliğat apararaq, bu ölkələrin vətəndaşları hesabına sıralarını genişləndirməyə çalışırlar. Bu baxımdan radikal qruplaşmaların ölkəmizdə vəziyyəti gərginləşdirməsi istisna deyil. Amma buna baxmayaraq Azərbaycan hüquq-mühafizə orqanları aktiv işləyir. Məhz bunun nəticəsidir ki, son illərdə müxtəlif belə qruplaşmaları zərərsizləşdiriblər. Hansı ki, bu qruplar Azərbaycanda nəinki terror aktı törətməyə cəhd edib, eyni zamanda insanlara qarşı bir sıra təhdidlər edilib”.

Politoloq onu da bəyan edib ki, Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələ ilə bağlı ayıq-sayıq olsalar da, bölgəni müharibə çəlləyinə çevirən qüvvələr bunun arealının genişlənməsində maraqlıdırlar. "Ona görə də Azərbaycan bu məsələdə ayıq-sayıq olmalıdır. Düzdür, Azərbaycan özünü belə təhlükələrdən qoruyan ölkədir və buna qadirdir. Ancaq heç nəyi istisna etmək olmaz. Artıq Rusiyada radikal dini qruplaşmaların aktivləşməsi ilə bağlı ciddi narahatçılıq olduğundan İŞİD-ə qarşı mübarizədə ikinci koalisiyanı yaratmaq istəyir və bu məqsədlə İran, İraq və Bəşər Əsədlə bu sahədə sıx əməkdaşlıq etməyə başlayıb. Həmçinin bizə qonşu və strateji müttəfiq ölkə olan Türkiyə də bu prosesin içindədir. Gürcüstan da bölgəyə yaxın olduğundan bu ölkənin Pankisi deyilən ərazisində radikal islamçıların təlim bazası yerləşir və orada onlar təlimlər keçirlər. Ona görə də Azərbaycan hüquq-mühafizə orqanları bütün bunları qiymətləndirməlidirlər. Çünki uğurlu qabaqlayıcı tədbirləri vaxtında əldə edilən kəşfiyyat məlumatları əsasında həyata keçirmək olar. Bu baxımdan bir daha deyirəm ki, həssas və əhəmiyyətli coğrafi məkanda yerləşdiyimizi nəzərə alaraq qabaqlayıcı tədbirləri həyata keçirməliyik”.

Ayyət Əhməd