“İşıq” Azərbaycanda qadın mətbuatının bayraqdarı olub
Qəzet maarifçi ideyalarla gündəmə gəlmiş, qadınların taleyini düşünməyə, maarifə, bir növ, zülmdən işığa səsləməklə ziyalı qadınlarımızı səfərbər edib
Azərbaycanda "insanlar üçün həyati və zəruri bir məsələni” əhatə edən qadın mətbuatının yaranması XX əsrin əvvəllərinə təsadüf edir. Elə bir zamana ki, qadın problemi, ona münasibət, insan hüquqlarının qorunması kimi qəliz məsələlər əsrin ilk onilliyində çıxan demokratik ruhlu qəzet və jurnalların əhatə dairəsinə sığmadı, ictimaiyyətin diqqətində olan qadınların maarifləndirilməsi, qadın azadlığı məsələləri qadın mətbuatının yaranması zərurətini doğurdu.
"İşıq” islam dünyasının qanunları ilə ömür sürən qadınların şüarlarını silkələyib
Belə bir vaxtda dövrünün tələb və ehtiyaclarını böyük həssaslıqla duyan Hacı Zeynalabdin Tağıyev millət qarşısındakı xidmətlərinin sırasına bir yaxşılıq da qoşub. O, "İşıq” adlı ilk qadın qəzetini təsis edib. Onun ilk nömrəsi 1911-ci il yanvarın 22-də çapdan çıxıb”. Qəzetin 1911-ci ilin yanvarından 1912-ci ilin dekabrına qədər 64 (bəzi mənbələrə görə, 68) sayı işıq üzü görüb. Mətbuat tariximiz öyrənilərkən əsrin əvvəllərinin nəşrləri burjua və demokratik ruhlu mətbuata bölündüyündən bu qəzet necə deyərlər, ortalıqda qalıb və indiyə qədər tam tədqiq edilməyib. Amma ayrı-ayrı məqalə və materiallar onun haqqında bəzi məlumatları öyrənmək imkanı yaradır.
Məcmuənin redaktoru Azərbaycanın ziyalı qadınlarından biri, təhsilinə görə həkim olan, ictimai, mədəni həyatda fəal iştirak edən, qadın xeyriyyə cəmiyyətlərinin yaradılmasının təşəbbüskarlarından biri Xədicə Əlibəyova, naşiri isə onun həyat yoldaşı Mustafa Əlibəyov olub. Hüquqşünas, vəkil, jurnalist, yazıçı M.Əlibəyov insan hüquqlarının, xüsusilə qadın hüquqlarının müdafiəçisi kimi də tanınıb.
"İşıq” həftədə bir dəfə, şənbə günü nəşr olunan elmi-pedaqoji, ədəbi, təbabət və evdarlığa dair qadın məcmuəsi idi. Burada uşaq tərbiyəsi, ədəbiyyat, təbabət və evdarlıqla yanaşı, hüquqa, mədəniyyətə, şəriət qaydalarına, dünya xəbərlərinə aid müxtəlif guşələr olub.
Qəzet o zaman müsəlman həyatının ən ağrılı bir sahəsi, qızların təhsilə cəlb olunmasına səy göstərilməsi, qadınların öz hüquqlarını dərk etməsi, anaların övladının tərbiyəsilə ciddi məşğul olması məqsədindən yaranıb. Çünki həmin dövrdə Azərbaycan qadınlarının şəxsi taleyində, ictimai həyatında başlıca problem, məhz bunlar olub. Həmin vaxtda qız qardaşlarının fədakarlığını alqışlayan Hüseyn Cavid, Əhməd Cavad, Məhəmməd Hadi kimi şairlər, o zaman Peterburq, Kiyev, Odessa şəhərlərində təhsil alan azərbaycanlı gənclər də "İşıq”ın nəşrə başlaması ilə əlaqədar öz çıxışlarında sevinc və razılıqlarını ifadə edir, qadınlara məxsus bir qəzetin meydana çıxmasının onların maariflənməsinə böyük təsir göstərəcəyini ifadə edən məktubları ilə orada çıxış ediblər. "İşıq”ın yaşadığı şərəfli həyat yolu cəhalət girdabında yaşayan savadsız qadınların həyatında əhəmiyyətli dəyişikliklərin yaranmasına səbəb olub. Cəmi iki il fəaliyyətdə olsa da, o, nəinki XX əsrin əvvəllərində Azərbaycan qadınlarının gözlərinə işıq, zəkalarına nur oldu, islam dünyasının qanunları ilə ömür sürən qadınların şüarlarını silkələyib, həm də Azərbaycan mətbuatı tarixində qadın mətbuatının bünövrəsini, ənənəsini yaratdı, qadın problemlərinin mətbuatda həllinin zəmini oldu.
"İşıq” qəzetinin əsas tədqiqatçılarından olan Amaliya Qasımovanın sözlərinə görə, sovet hakimiyyəti illərində "İşıq” qəzeti Azərbaycanda qadın mətbuatının bayraqdarı kimi tarixdə öz yerini tuta bilməyib: "Həmin illərdə bu qəzet burjua mətbuatı kimi qiymətləndirilərək tədqiqatlardan kənarda qalıb. Amma bu gün cəsarətlə deyə bilərik ki, Azərbaycanda müstəqillik illərində rus dilində nəşrə başlamış "Mir jenşini” qəzetini nəzərə almasaq, "İşıq” son yüz ildə ölkəmizdə ana dilində nəşr olunmuş yeganə qadın qəzetidir. Xədicə Əlibəyova isə Azərbaycanda ilk qadın redaktor olub. Mətbuat tariximizdə "İşıq” qəzetinin yeri və əhəmiyyəti böyükdür. Bu qəzet Azərbaycan xalqının milli-mədəni irslərindən biridir. Geniş imkanlara malik olmamasına, nəşr müddətinin qısalığına, daimi işçi heyətinin məhdudluğuna baxmayaraq, bu qəzet fikir plüralizmi şəraitində Azərbaycan qadınının, bütövlükdə müsəlman qadın aləminin qarşısında duran problemlərin və onların həlli yollarının araşdırılmasında əvəzedilməz işlər görüb. Qəzet maarifçi ideyalarla gündəmə gələrək, öz savadsız həmvətənlərinin - qadınların taleyini düşünüb, onları maarifə, zülmətdən işığa səsləmək üçün ziyalı qadınlarımızı səfərbər edib. Qəzet Həlimə Axundova, Çayqıraqlı Həyat xanım, Tabu Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi müxbirlər yetişdirib. Qadınlarımızın bu mətbuat orqanındakı çıxışları sübut edib ki, artıq Azərbaycan qadını oyanıb. O, öz hüquqsuz vəziyyətini dərk edir, çıxış yolu axtarır”.
"İşıq” Azərbaycan mətbuat tarixində ilk qadın mətbu orqanı kimi mühüm tarixi əhəmiyyətə malikdir
Tədqiqatçı qeyd edib ki, qəzetin başında dayanan Mustafa bəylə Xədicə xanım bir tərəfdən elm və mədəni tərəqqi yoluna çıxmağa, fanatik və saxtakar dindarlara inanmamağa, ev həbsxanasından azad olmağa çağırır, digər tərəfdən çadranı təbliğ edərək örtülülüyə haqq qazandıran, köhnə adət-ənənələri yaşatmağa çalışanlara öz səhifələrində yer ayırıb. Xədicə xanım qadına yalnız o qədər təhsil verməyin tərəfdarı idi ki, o, ana kimi öz övladına yetərincə tərbiyə verə bilsin. Xədicə xanım öz məqalələrində dövrün nadanlıqdan doğan ağrı-acısını çox gözəl bir dillə ifadə edib: "Zira, avara və sərgərdan oğullarımız Sibir səhralarında və həbsxanalar küncündə çürüyürlər. Divanxanalardakı xidmətlərin ən kiçiyində çalışır, dilmanc, mirzə, yasavuldan yuxarı qalxmırlar. Bunlara səbəb isə müsəlman xanımların tərbiyəsizliyidir”.
Bir faktı da vurğulamaq lazımdır ki, Xədicə xanım qadın intibahı dedikdə, ancaq onların təhsil alması, övladlarına tərbiyə verməsi kimi cəhətləri nəzərdə tutub: "... Xanımın öz vəzifəsi onu evdə qalmağa məcbur edir. Xanım gərək evi idarə etsin, uşaq saxlasın, müxtəsəri, evin bütün ehtiyacına göz yetirsin. Belə olan surətdə xanımı heç kim həbs etməyib, xanımın öz vəzifəsi onu həbs edib”.
Məsələyə belə yanaşma isə "İşıq”la bəzi mətbu orqanlar, xüsusilə "Molla Nəsrəddin” məktəbinin nümayəndələri arasında soyuqluq yaradır, bəzən qarşıdurmalara gətirib çıxarırdı. Bunları Mirzə Cəlilin özünəməxsus atmacalarından da aydınca sezmək olur: "Doğrudur, Bakıda çıxan "İşıq” qəzeti müsəlman qardaşlarımızı işıqlandırır, amma bunu gərək biləsən ki, çox bərk işıq da bir şey deyil, adamın gözünü qamaşdırır”.
Nəşr müddətinin azlığına, problemlərin bolluğuna baxmayaraq, "İşıq” Azərbaycan mətbuat tarixində ilk qadın mətbu orqanı kimi mühüm tarixi əhəmiyyətə malikdir. Bu məcmuə fikir plüralizmi şəraitində, nəinki Azərbaycan, bütövlükdə müsəlman qadınlarının qarşısında duran problemlərin həlli yollarının araşdırılmasında əvəzsiz xidmətlər göstərib, dövrün mənəvi-ictimai ab-havasının sağlamlaşdırılması işinə başqa mətbuat orqanları ilə yanaşı, öz qiymətli töhfəsini verə bilib.
Xədicə xanım və onun yazarları "İşıq” qəzetinin ilk nömrəsində "Hüququmuz” məqaləsində əks olunan manifestə ömürlərinin sonuna kimi sadiq qalıblar: "Bu dərəcəyə kimi bizim hüquq və ixtiyarımız qəsb və puç olmuşdur. Qəsb olmuş hüquq və ixtiyarımız yolunda sükuti-ixtiyar olunmasın gərək... demək həqqimizdir. Əsrlərlə xabi-qəflətdə qalmağımızdan bidər olub kəs mədəniyyət etməyə... çalışmalıyız”.
Qəzet müəyyən çətinliklər üzündən tezliklə nəşrini dayandırsa da, Mustafa bəylə Xədicə xanımın fəaliyyəti bir an da olsa, dayanmadı. Onlar 1920-1946-cı illərdə Şəkiyə köçərək əhalinin maarifləndirilməsi, təhsil ocaqlarının açılmasında, insanların pozulan hüquqlarının bərpasında, səhiyyə işinin təşkilində əvəzsiz xidmətlər göstəriblər. Onların təşəbbüsü ilə şəhərdə ginekoloji şöbə açılır, tibb texnikumu yaradılıb. Lakin 1937-ci ilin acı küləyi bu ailədən də yan keçməyib. SSRİ Konstitusiyasının müzakirələri vaxtı bir hüquqşünas kimi Azərbaycan neftinin daha çox öz sahiblərinə çatmalı olduğu təklifini verməsi, Mustafa bəyin həbsi və sürgünə göndərilməsi ilə nəticələnir. Ömrü boyu hamını müdafiə edən Mustafa bəy bu dəfə özü müdafiəsiz qalıb. O, 1943-cü ildə Vətəndən uzaqlarda dünyasını dəyişir və oradaca müsəlman qəbiristanında dəfn olunur. 1946-cı ildə övladları ilə yenidən Bakıya köçən Xədicə xanım isə 1961-ci il mayın 19-da həyatla vidalaşır. "Elm və həyat” jurnalının redaktor müavini Ülkər Hüseynovanın sözlərinə görə, "İşıq” qəzeti geniş imkanlara malik olmamasına, daimi işçi heyətinin məhdudluğuna baxmayaraq, Azərbaycan qadınının, bütövlükdə müsəlman qadın aləminin qarşısında duran problemlərin və onların həlli yollarının araşdırılmasında əvəzedilməz işlər görüb. Qəzet maarifçi ideyalarla gündəmə gəlmiş, qadınların taleyini düşünməyə, maarifə, bir növ, zülmdən işığa səsləməklə ziyalı qadınlarımızı səfərbər edib. Qəzetin miras qoyduğu irsin dərindən öyrənilməsinə ehtiyac duyulduğunu vurğulayan Ü.Hüseynova deyib ki, nəşrin redaktoru Xədicə xanımın Həlimə xanım Axundova, Çayqıraqlı Həyat xanım, Tubu xanım Salatınzadə, Asya Axundova, Nabat Nərimanova kimi qadın müxbirlərin yetişməsində müstəsna pay sahibi olub.
Qəzetin cəmiyyətdə milli vətənpərvərlik ruhunun aşılanmasındakı müstəsna rolu olub. Qəzet anaları öz övladlarını Qafqaz İslam Ordusuna yazdırmağa çağırırdı. Vətən, müstəqillik uğrunda mübarizəni təlqin edirdi ki, bu, son dərəcə vacib məqamdır.
(davamı olacaq...)
Şəymən
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb