İslahatlar, sərəncamlar ölkəni vəziyyətdən uğurla çıxaracaq
Azərbaycanda 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olacaq “Biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq”
Məlum olduğu kimi, bir neçə ildir dünya ölkələri qlobal maliyyə böhranı ilə baş-başa qalıb. Artıq tarixə dönmüş 2015-ci ildə isə dünyada iqtisadi böhran daha da dərinləşib. Baş verən son proseslər dünya iqtisadiyyatının hələlik bu böhrandan çıxa bilmədiyindən xəbər verir. Lakin qlobal məkanda müşahidə edilən arzuolunmaz proseslərə baxmayaraq, Azərbaycan 2015-ci ildə də ölkədə möhkəm daxili sabitliyi qorumağa və öz iqtisadi potensialını artırmağa nail olub.
Respublikada il ərzində nəzərdə tutulan bütün vəzifələr icra edilib, sosial layihələrin icrasında hər hansı ixtisarlar aparılmayıb. Ölkə iqtisadiyyatında 1,1 faiz artıma nail olunub, kənd təsərrüfatı 6,6 faiz genişlənib. Ən yüksək artım dinamikası isə 8,4 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb. Heç şübhəsiz, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi bu uğurların mərkəzində duran başlıca məqam xalq-iqtidar birliyidir. Çünki dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət Azərbaycan xalqının maraqlarını müdafiə edir. Yeri gəlmişkən, Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində bu məsələyə toxunaraq bildirib: "Mənim üçün Azərbaycan xalqının, Azərbaycan dövlətinin maraqları hər şeydən üstündür. Gördüyümüz bütün işlərin mahiyyəti və məqsədi ondan ibarətdir ki, daha da güclü dövlət, xalqımız üçün daha da yaxşı şərait yaradaq ki, Azərbaycan xalqı rifah içində, təhlükəsizlik şəraitində yaşasın və inkişaf etsin”.
Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir
Məhz bütün bunların fonunda 2015-ci ilin ölkəmiz üçün uğurlu olduğunu deyən dövlət başçısı onu da bəyan edib ki, keçən il demokratik inkişaf istiqamətində önəmli addımlar atılıb: "Azərbaycan demokratiya yolu ilə inamla irəliləyir. Bu, bizim şüurlu seçimimizdir. Mən tam əminəm ki, köklü iqtisadi islahatlar və iqtisadi inkişaf demokratik prosesdən ayrı təmin oluna bilməz. Ona görə Azərbaycanda siyasi və iqtisadi islahatlar paralel şəkildə aparılır və aparılacaq. Keçən ilin sonunda parlament seçkiləri də bizim demokratiyaya nə qədər sadiq olduğumuzu bir daha sübut etdi. İştirak etmiş bütün müşahidəçilərin rəyinə görə parlament seçkiləri şəffaf, ədalətli keçirilib. Azərbaycan xalqının iradəsi və arzuları tam təmin edilib. Seçkilərin nəticələri bizim son illər ərzində apardığımız siyasətimizə çox böyük dəstəkdir. Çünki mən bu seçkilərin nəticələrini belə qəbul edirəm: Azərbaycan xalqı bir daha bizim siyasətimizə öz böyük dəstəyini göstərib. Buna görə mən Azərbaycan vətəndaşlarına minnətdaram və Azərbaycan xalqını bir daha əmin etmək istəyirəm ki, dünyada baş verən bütün hadisələrə, böhranlara baxmayaraq, Azərbaycan bundan sonra da inamla inkişaf edəcəkdir”.
Əlbəttə, dünyadakı mürəkkəb geosiyasi vəziyyət və iqtisadi böhranla müqayisədə Azərbaycanın əldə etdiyi göstəricilər böyük nailiyyətdir. Bununla belə, qlobal məkanda baş verən proseslər, o cümlədən də birjalarda neftin kəskin dəyər itirməsi, tərəfdaş ölkələrin milli valyutalarının 100 faizdən çox ucuzlaşması son illərdə dünya iqtisadiyyatına sıx inteqrasiya edən respublikamızın iqtisadiyyatına da öz təsirini göstərib. Yaranmış vəziyyət qarşıya yeni çağırışlar qoyub. Bütövlükdə götürdükdə, Azərbaycan iqtisadiyyatı sabit və dayanıqlıdır. Son illərdə respublikamızda diversifikasiyalı, neftdənkənar iqtisadiyyat qurulması üçün böyük işlər görülüb, zəruri infrastruktur qurulub, hüquqi təminatlar möhkəmləndirilib. Məhz bu kimi amillər də ölkəmizin yaranmış vəziyyətdən nisbətən az itkilərlə çıxacağına əminlik yaradır. İlk növbədə onu vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyev yaranmış vəziyyətdən tez bir zamanda çıxmaq və qarşıdakı illərdə də inkişafın davamlılığını təmin etmək üçün güclü siyasi iradə nümayiş etdirir.
Dövlət başçısı bu məqsədlə ölkənin güclü iqtisadi potensialına əsaslanaraq bir sıra mühüm qərarlar qəbul edib, iqtisadiyyatın daha geniş və səmərəli şaxələndirilməsinə, investisiya qoyuluşunun, ixracyönümlü daxili istehsalın təşviq edilməsinə hesablanan fərman və sərəncamlar imzalayıb. Bütün bunlara istinadən demək mümkündür ki, Azərbaycan qlobal təsirlərin ortaya çıxartdığı yeni çağırışlara uğurla adaptasiya olunaraq yeni iqtisadi inkişaf kursuna start verib. Prezident İlham Əliyev konfransdakı nitqində qarşıda duran hədəfləri açıqlayıb. Azərbaycanın yaranmış vəziyyətdən uğurla çıxacağına əminlik ifadə edən dövlət başçısı bildirib ki, ölkəmizdə 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaq: "...Görülmüş tədbirlər nəticəsində sosial müdafiə paketinin təqdim edilməsi, qiymətlərə nəzarət, eyni zamanda, çox dərin iqtisadi islahatların aparılması bizə imkan verəcək ki, bu vəziyyətdən də uğurla çıxa bilək. 2016-cı il çox ciddi iqtisadi islahatlar ili olmalıdır və olacaq. Artıq müvafiq qərarlar qəbul edilmiş, qanunvericiliyə dəyişikliklər olunub. Mən bir neçə fərman, sərəncam imzalamışam. Əlavə sərəncamlar imzalanacaq ki, biz bu il iqtisadiyyatımızı daha da gücləndirək. Bu islahatların əsas məqsədi ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı şəffaflığına görə dünyanın aparıcı ölkələrinin iqtisadiyyatlarından fərqlənməsin. Əminəm ki, biz bunu birgə səylərlə təmin edəcəyik”.
Hər bir ölkənin inkişafı üçün azad, ədalətli, sərbəst rəqabət əsas şərtdir
Ölkəmizin dünyada yaşanan qlobal çətinliklərin fonunda öz təhlükəsizliyini təmin etmək üçün ilk növbədə daxili resurslara istinad edərək müəyyənləşdirdiyi iqtisadi inkişaf modelinin ən səciyyəvi cəhətlərindən biri respublikada qeyri-neft sektorunun üstün inkişafının təmin olunması və yerli istehsalın güclü şəkildə təşviq edilməsi ilə bağlıdır. Son 12 ildə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq yerli istehsalın davamlı şəkildə dəstəklənməsi sayəsində ölkədə çoxlu sayda yeni istehsalatlar yaranıb. Son illərdə respublikamızda daxili istehsalın genişlənməsindən söhbət açarkən geniş potensiala malik aqrar sektorun imkanlarından daha səmərəli istifadə olunmasını xüsusi qeyd etmək lazımdır. Eyni zamanda, sənayedə və digər sahələrdə də daxili istehsalı artırmaq imkanları kifayət qədər genişdir. O da qeyd edilməlidir ki, Azərbaycan əlverişli coğrafi məkanda yerləşir. Son illərdə yaradılan infrastruktur sayəsində ölkəmizin geniş tranzit imkanları yaranıb. Bundan başqa, respublikamız cəlbedici ixrac bazarları ilə əhatə olunub. Həmin bazarlarda müştərilər ənənəvi Azərbaycan mallarını yaxşı tanıyırlar və gözləyirlər. Təbii ki, respublikanın güclü iqtisadi və intellektual potensialı Azərbaycan brendi ilə buraxılan malların siyahısını daha da zənginləşdirməyə imkan verir. Onu da nəzərə almaq lazımdır ki, son illərdə xarici ölkələrdə milli məhsullarımızın tanıdılması, satış və logistik mərkəzlərin yaradılması istiqamətində məqsədyönlü iş aparılır. Qazaxıstanın Aktau şəhərində yaradılan logistik mərkəz artıq istifadəyə hazırdır, digər şəhərlərdə də belə mərkəzlər inşa olunur. Bütün bunlar ölkəmizdə yerli istehsalının stimullaşdırılmasına xidmət göstərən müsbət məqamlardır. Təəssüf doğuran haldır ki, ölkədə daxili istehsalın genişlənməsinə "yaşıl işıq” yandıran belə müsbət məqamlarla yanaşı, bu sahədə daha geniş fəaliyyətin qarşısını alan bəzi mənfi hallar hələ də qalmaqdadır. Bazar iqtisadiyyatı sərbəst rəqabətə əsaslanan iqtisadiyyatdır. Təəssüf ki, bir sıra hallarda azad rəqabət mühitinə süni müdaxilələr edilir. İqtisadiyyatımız belə mənfi təzahürlərdən tezliklə yaxa qurtarmalıdır. Prezident İlham Əliyev bununla bağlı ciddi mesajlarını verərək bildirib ki, biz mütləq daxili bazarımızı, yerli istehsalı qorumalıyıq, inhisarçılığa yol verməməliyik. Daxili istehsalın genişləndirilməsi, eyni zamanda, əlverişli investisiya mühitinin yaradılması və investisiya qoyuluşunun təşviq edilməsi ilə bağlıdır. Ölkədə investisiya iqlimi bütövlükdə müsbətdir. Möhkəm daxili sabitlik və dövlətin güclü siyasi iradəsi Azərbaycanı yüksək investisiya cəlbediciliyinə malik ölkəyə çevirib. Son 12 ildə respublikamıza müxtəlif mənbələrdən 200 milyard dollardan çox sərmayələr yönəldilməsi bunu bir daha təsdiqləyir. Prezident İlham Əliyev sözügedən konfransdakı nitqində yaranmış vəziyyətdə aparılan islahatlara uyğun olaraq investisiya qoyuluşunun prioritet istiqamətlərini nəzərə çatdırıb. "...Çalışmalıyıq ki, indi xarici sərmayəni qeyri-neft sektoruna, ixracyönümlü məhsulların istehsalına yönəldək”. Ümumiyyətlə, aparılan islahatlar çərçivəsində ixracyönümlü məhsul istehsalı bundan sonra güclü şəkildə təşviq olunacaq. Bununla bağlı fikirlərini diqqətə çatdıran Prezident İlham Əliyev bildirib: "Azərbaycanda rəqabətqabiliyyətli məhsulu istehsal edən, bunu dünya bazarına çıxaran sahibkarlara dövlət tərəfindən güzəştlər edilməlidir”.
İsmayıl