“İslam həmrəyliyi və media”
Azərbaycan dini və məzhəbi zəmində münaqişələrin yaşanmadığı çox nadir ölkələrdən biridir. İndiki dövrdə bu reallığı əminliklə ifadə etmək mümkündür. Ölkəmiz tarixən tolerantlıq mühitinin təşəkkül tapmasına, mədəniyyətlərararası dialoqun qurulmasına və islam dəyərlərinin təbliğinə böyük töhfələr verib. Şübhəsiz ki, həmrəylik və birgə yaşam sahəsində əldə etdiyimiz uğurlar əsrlər boyunca formalaşmış mənəvi dəyərlər sistemindən və dövlət-din siyasətinin düzgün qurulmasından irəli gəlir. Dünyada fərqli mədəniyyətlərin və dinlərin süni vasitələrlə radikallaşdırıldığı həssas bir dönəmdə məhz Azərbaycanın multikulturalizm, həmrəylik və birlik çağırışları ölkəmizi xoşməramlı dialoq məkanına çevirib. Həmrəyliyi əməli şəkildə nümayiş etdirən ölkəmiz təlatümlü dünyada etibarlı sülh və sabitlik adasına çevrilib. İslam Həmrəyliyi dövrün tələbidir
Azərbaycan dövləti müsəlman ölkələrə həmrəylik çağırışları edərkən sadəcə dini müstəvidəki birliyi nəzərdə tutmur. Rəsmi Bakı islam dövlətlərinin və xalqlarının maddi-mənəvi cəhətdən də həmrəy olmasını istəyir. Böyük bir coğrafiyanı əhatə edən müsəlman ölkələri zəngin təbii resurslara malik olmalarına baxmayaraq, dünya iqtisadiyyatında elə də böyük pay sahibi deyillər. Milyonlarla müsəlman müasir dövrün elmi, texniki və mədəni nailiyyətlərindən kənarda qalıb. Məhz buna görə də müsəlman xalqların rifahının yüksəldilməsi, dövlətlərin siyasi və iqtisadi cəhətdən möhkəm olması üçün islam aləminin siyasi və iqtisadi arenada həmrəylik nümayiş etdirməsi dövrün tələbinə çevrilib. Sözsüz ki, müxtəlif təşkilatlar çərçivəsində, ölkələrarası qarşılıqlı münasibətlər müstəvisində müəyyən əməkdaşlıq müşahidə olunur. Lakin görülən işlər dövrün çağırışları və şərtləri daxilində islam dünyasının güclənməsi üçün yetərli deyil. İslam ölkələri həmrəyliyi əməli formada nümayiş etdirməli, beynəlxalq tribunalarda müsəlman dünyasının maraqları naminə biri-birinə dəstək olmalıdırlar. İslam aləminin önəmli bir parçası sayılan Azərbaycan müsəlman dünyasında baş verən mənfi prosesləri və arzuolunmaz tendensiyaları aradan qaldırmağa çalışır. Əlbəttə, Azərbaycanın təşəbbüsü əbəs yerə deyil. Qərbin islamafob dairələri yaranmış fürsətdən istifadə edərək terrorla islamı eyniləşdirmək və müsəlman aləmini gözdən salmaq istəyirlər. Ona görə də dövlətimiz və Prezidentimiz müsəlman ölkələrinin sülh və sabitlik şəraitində yaşamasında maraqlıdır.
Azərbaycan həmrəylik nümunəsi kimi...
Dünyada, xüsusilə islam aləmində baş verən hadisələr həmrəyliyi qaçılmaz zərurətə çevirib. Aydındır ki, həmrəylik ilk olaraq müsəlman ölkələrin daxilində, daha sonra isə islam dövlətləri arasında formalaşmalıdır. Daxildə qarşıdurma yaşayan bir dövlət dünyaya həmrəylik mesajı verə bilməz. Azərbaycan sahib olduğu islam həmrəyliyini dünyaya nümayiş etdirməklə bütün müsəlman aləminə öz mesajını verib. Üstünlüyümüz odur ki, Azərbaycanda islam həmrəyliyinin prinsipləri milli birliyimizin, mənəvi dəyərlərimizin və azərbaycançılığın tamamlayıcı tərkib hissəsidir. Dövlətimiz öz müstəqilliyini bərpa etdikdən sonra keçmiş sovet respublikalarından ilk olaraq İslam Əməkdaşlığı Təşkilatına üzv olmaq barədə müraciət edib və 1991-ci ilin dekabrında quruma üzv seçilib. Azərbaycanın islam ölkələri ilə münasibətləri ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir və strateji əhəmiyyət kəsb edir. Eyni zamanda Azərbaycan İslam Hərbi Alyansı adlanan qurumda 34 islam dövlətinin yaratdığı hərbi blokda öz təmsilçiliyi ilə terrora qarşı mübarizədə iştirakını təmin edib. 2017-ci il martın 1-də Prezident İlham Əliyev İslamabadda keçirilən İƏT-in XIII sammitindəki çıxışında xüsusilə vurğulayıb ki, Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə ən çox əhəmiyyət verən ölkədir. Dövlət başçısı vurğulayıb ki, bu gün islamafobiya dünyada ən ciddi təhlükələrdən sayılır.
Dini və mədəni müxtəlifliyin harmoniyası...
Müxtəlif dini icmaların biri-birinə qaynayıb-qarışdığı ölkəmizdə hökm sürən dayanıqlı həmrəylik təcrübəsi bütün islam dünyası üçün nümunə sayıla bilər. Azərbaycan dövlətinin islam ölkələri ilə siyasi-iqtisadi və mədəni əlaqələrə önəm verməsi, bir sıra yüksək islami tədbirlərə ev sahibliyi etməsi bunun bariz göstəricisidir. Xüsusilə, dünyanın aparıcı kütləvi informasiya vasitələrinin islam ölkələrində baş verən neqativ hadisələri tirajladığı dövrdə həmrəyliklə bağlı məqalələrin, reportajların Bakıdan dünyaya yayılması müsəlmanlarda gələcəyə xoşbəxt ümid yaradır. Azərbaycanın müsəlman dünyasına nümunə olması fikri boşuna deyilmir. 2017-ci ilin 12-22 may tarixlərində ölkəmizdə dünyanın 50-dən çox müsəlman dövlətinin 4000-dək idmançısının iştirakı ilə IV İslam Həmrəyliyi Oyunları keçirildi. Bu yarış sadəcə idman hadisəsi deyil, həm də sivilizasiyalararası əməkdaşlığın, islam həmrəyliyinin göstəricisi oldu. İslam Həmrəyliyi Oyunlarının Bakıda keçirilməsi tolerantlıq və multikultural dəyərlərin sübutu kimi başa düşülməlidir. Prezident İlham Əliyevin 10 yanvar 2017-ci il tarixli sərəncamı ilə 2017-ci ilin "İslam Həmrəyliyi İli” elan edilməsi dövlətin bu istiqamətdə yürütdüyü məqsədyönlü addımların davamı idi. Sərəncamda vurğulandığı kimi "Azərbaycanın islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin islam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapdı”. Şübhəsiz ki, islam həmrəyliyi ilə bağlı işlər sadəcə bir il üçün nəzərdə tutulmayıb. 2016-cı ildə Heydər Məscidində sünni və şiə məzhəbinə mənsub dindarların qıldığı Vəhdət namazı bu işin xeyli əvvəldən başladığını göstərir. Naxçıvanın islam mədəniyyətinin paytaxtı seçilməsi də həmrəylik niyyətimizin müvəqqəti olmadığından xəbər verir. Əminliklə demək olar ki, ölkəmiz islam dünyasının idman və mədəniyyət mərkəzi rolunu hələ uzun müddət yerinə yetirəcək.
"Azərbaycanda heç vaxt dini-etnik zəmində münaqişə baş verməyib”
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bəyan edib ki, dövlət-din münasibətlərinin uğurlu Azərbaycan modeli digər ölkələr üçün ən mükəmməl örnəkdir. Komitə rəhbərinin sözlərinə görə, aparılan müşahidələr belə deməyə əsas verir ki, multikultural ölkələrin əhalisi daha dözümlü olur: "Tarixə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində müxtəlif dinlərin, dillərin, mədəniyyətlərin nümayəndələri rahat şəkildə yaşayıb və heç zaman dini-etnik zəmində münaqişə baş verməyib. Bütün bunlar bir daha sübut edir ki, xalqımız dünyanın ehtiyac duyduğu və əldə etməkdə çətinlik çəkdiyi birgəyaşayışı, həmrəy olmağı dədə-babalarımızdan miras kimi qəbul edərək günümüzədək qoruyub saxlayıb. Bu gün biz dünyada baş verən neqativ hadisələrin fonunda bu dəyərlərin nə qədər önəm daşıdığının şahidi oluruq. Xüsusilə də din adından istifadə edib, insanlar arasında təfriqə salmaqla xaos yaratmaq günümüzün xoşagəlməz reallığına çevrilib”. Komitə sədri bildirib ki, hazırda ölkələr arasında iqtisadi, siyasi, hərbi sahələrlə yanaşı, sivilizasiya və din rəqabəti də gedir: "Təəssüf ki, bu rəqabət sağlam şəkildə deyil, günahsız insanların həyatı bahasına başa gəlir. Biz bunu Yaxın Şərqdə, Suriyada və digər müsəlman ölkələrində açıq şəkildə görürük. Nəticəsi də göz qabağındadır: "rəngli inqilab”ların, "bahar”ların gətirdiyi "payız”, səfalət, xaos, viranə qalmış şəhərlər, yurd-yuvasını tərk etmiş milyonlarla insan...”.
"Sülh və sabitliyin yolu həmrəylik ideyasının təbliğ olunmasından keçir”
Mübariz Qurbanlının fikrincə, islam dini adı altında fəaliyyət göstərən terror təşkilatlarını dəstəkləyən qrupların dünyada islamafobiya meyillərinin artmasına rəvac verdikləri danılmaz faktdır: "Avropa ictimai rəyini diqqətlə izləsək, bütün terrorların islam dini ilə əlaqələndirildiyini görərik. Halbuki 2015-ci ildə ümumilikdə dünya üzrə terrorların 70 faizi müsəlman, 5 faizi isə Avropa ölkələrində baş verib. Lakin dünya mediasında aparılan məqsədyönlü informasiya siyasəti nəticəsində 5 faizin ətrafında qoparılan hay-küy 70 faizin səsini batırıb. Müsəlman ölkələrində terror törədənlər islam adı altında fəaliyyət göstərən və bəzi dairələr tərəfindən maliyyələşdirilən qruplardır. Ona görə də bu gün müsəlman dünyasında din amilindən istifadə edərək yaradılan qarşıdurmaların qarşısını almaq üçün alternativ yollar arayıb tapmağa hər zamankından daha çox ehtiyac var. Bu yol isə dini tolerantlığın, birgəyaşayışın, multikultural dəyərlərin, eyni zamanda, müsəlmanlar arasında həmrəylik ideyasının təbliğ və təşviq olunmasından keçir”.
"Bu gün islam dünyasının həmrəyliyə əvvəlkindən daha çox ehtiyacı var”
Millət vəkili Fazil Mustafa bir müddət əvvəl İstanbulda keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının IX Zirvə görüşünü xatırladıb. Deputat vurğulayıb ki, zirvə görüşündəki çıxışında bir çox məsələlərə diqqət yönəldən dövlət başçısı İlham Əliyev islamafobiyaya qarşı birgə səylərin göstərilməsi ilə bağlı çağırış edib: "Azərbaycanın islam həmrəyliyinə xüsusi əhəmiyyət və töhfələr verdiyini önə çəkən Prezident bildirdi ki, Azərbaycan dövləti dünyada ən ciddi təhlükələrdən biri olan islamafobiyaya qarşı fəal mübarizə aparır. Prezidentin bu çağırışı müasir dövrün çox böyük ictimai-siyasi, beynəlxalq və ideoloji əhəmiyyəti olan bir tələbdir. Çünki bu gün dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin, islamafobiyanın geniş vüsət alması fonunda bütün dünyanın, xüsusilə islam aləminin həmrəyliyə əvvəlkindən daha çox ehtiyacı var. Şübhəsiz ki, ölkə başçısının bu təşəbbüsü təkcə din amilini ehtiva etmir. Eyni zamanda, müsəlman ölkələrinin siyasi, iqtisadi və mədəni sahələrdə biri-birinə dəstək verməsi məsələsini də özündə əks etdirir. Bununla yanaşı, çağırış islam ölkələri arasına nifaq salmaq istəyənlərə tutarlı cavabdır”.
Azərbaycan mediası islam həmrəyliyini necə təbliğ edir?
Azərbaycan mətbuatı hər zaman milli və dini dəyərlərə hörmətlə yanaşıb, elmi və mənəvi maariflənməyə, həmrəyliyin təbliğinə xüsusi önəm verib. İnformasiyaların tüğyan etdiyi indiki rəqabət mühitində KİV-lərimiz islam həmrəyliyi modelinin cəmiyyətdə və dünyada təbliğ edilməsində müstəsna rol oynayırlar. Lakin bu sahədə müəyyən problemlərin olması heç kimə sirr deyil. Ötən gün Dini Komitənin "ölkədə bəzi saytlar məzhəb qarşıdurması yaratmağa çalışır” ifadəsi də problemin olduğunu ortaya qoyur. Media ekspertlərinə görə, belə həssas məqamlarda milli-mənəvi dəyərlərə sahib, vətənpərvər media təmsilçilərinin üzərinə əlavə məsuliyyət düşür. Məsələ ilə bağlı fikirlərini bölüşən "Azərbaycanda birgəyaşayış və multikulturalizm” kitabının müəllifi, "Azadinform” informasiya agentliyinin rəhbəri Niyaz Niftiyev təəssüflə vurğulayıb ki, bəzi həmkarlar sahib olduqları internet resurslarının imkanlarından istifadə edərək məzhəb ayrı-seçkiliyi yaratmağa cəhd göstərirlər. Onun sözlərinə görə, bu proses xüsusən islami ayinlərin yerinə yetirildiyi aylarda, məsələn, məhərrəmlikdə, həcc mövsümündə, qurbanlıqda və s. zamanlar daha dözülməz hal alır: "Sosial şəbəkələr sanki döyüş meydanına çevrilir, müxtəlif islam ölkələrində müsəlman adət-ənənələrindən yarımçıq materiallar hazırlanır. Videolar paylaşılaraq insanları gülüş hədəfinə çevirirlər. Biz dövlət olaraq "İslam həmrəyliyi” ilini yaşayırıq. O baxımdan bu kimi yanaşmalar qətiyyən yolverilməzdir. Xüsusən, Azərbaycana məsafə baxımından yaxın olan islam ölkələrində baş verənlər fonunda gərginlik yaratmaq qəbuledilməzdir”.
"KİV-lər dini məzhəblərin daha dayaxınlaşmasına stimul verə bilərlər”
Baş redaktor bəyan edib ki, hazırda Azərbaycanda təriqətçilik meyillərinin güclənməsi məzhəb problemini unutdurub. Ekspertin sözlərinə görə, bu, öz-özlüyündə çox yaxşı haldır: "İstər mediada, istərsə də sosial şəbəkələrdə kiminin şiə, kiminin isə sünnü olması daha az adamı maraqlandırır. Media bu məsələdə daha çox vəhdət prizmasından çıxış edir. Təbii ki, bu xoş məqamdan çıxış edən Azərbaycan KİV-ləri gələcəkdə məzhəblərin daha da yaxınlaşmasına stimul verə bilərlər. Təəssüf ki, bəzi media orqanları ölkədə dindarların sayının getdikcə artmasında xoş olmayan məqamlar axtarır, ictimai fikirdə narahatlıq toxumu səpən materiallar dərc edirlər. Əlbəttə, bu amil daha çox ibadətlə məşğul olan insanların xaricdən ixrac olunan təriqətlərin təsiri altına düşmələri ilə izah edilir. Amma gəlin qəbul edək ki, bu gün dinə gələn insanların heç də hamısı yad təriqətlərin "xeyir-duası”nı almırlar. Şübhəsiz, gənclərin bir çoxunun islamdakı bəzi təriqətlərin təsiri altında olduğunu qəbul edirik. Bir vaxtlar qapımızı vaxtsız döyüb mətbəximizə qədər ayaq açan missionerlik var idi. Sevindirici haldır ki, artıq islam təriqətləri fonunda missionerlik arxa plana keçib. Onların fəaliyyəti müstəqilliyimizin ilk illərindən fərqli olaraq indi açıq-aşkar hiss olunmur. Bəlkə də bu bir taktikadır, amma reallıqdır”.
İsmayıl Qocayev
Yazı "İslam həmrəyliyi və media” mövzusundakı müsabiqəyə təqdim olunur.