İslam Universitetinə qəbul olanlar psixoloji testdən keçəcək

“Həmin təhsil müəssisəsi molladan bir az yuxarı səviyyədə olan axund yetişdirməklə məşğuldur”




Bakı İslam Universitetinə qəbul qaydalarında dəyişiklik edilib. Yeniliyə əsasən abituriyentlər psixoloji testdən keçiriləcək. Universitetdən verilən xəbərə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) əmrinə əsasən 2015/2016-cı tədris ili üçün Bakı İslam Universitetində təhsil almaq istəyən abituriyentlərin seçilməsi məqsədilə Dini-Psixoloji Komissiya yaradılıb.

İyulun 25-də III ixtisas qrupu üzrə imtahan verəcək abituriyentlər iyulun 13, 14, 15, 16, 17-də saat 9:00-dan 13:00-dək universitetdə fəaliyyət göstərən Dini-Psixoloji Komissiyaya müraciət etməlidirlər. Bununla yanaşı, mayın 17-də III ixtisas qrupu üzrə imtahan verən və 100-dən artıq bal toplayan, lakin Dini-Psixoloji Komissiyadan keçməyənlər də yuxarıda qeyd olunan tarixlərdə təşkil olunacaq komissiyaya müraciət edə bilərlər.

Dəyişikliyi dəyərləndirən ilahiyyatçı-alim Elşad Miri "Şərq”ə deyib ki, bu, bir qədər müəmmalı məsələdir: "Həmin testləri müəyyənləşdirənlərdən soruşmaq lazımdır ki, belə bir yoxlamaya nə ehtiyac var. Səbəbləri varsa, aydınlıq gətirilməlidir. Fikrimcə, TQDK həmin təhsil ocağını digərlərindən fərqləndirməli deyildi. Hazırda BDU-da ilahiyyatçı yetişdirən ilahiyyat fakültəsi var. Belə olan halda İslam Universiteti niyə yaradılıb? Faktiki olaraq həmin təhsil müəssisəsi molladan bir az yuxarı səviyyədə olan axund yetişdirməklə məşğuldur ki, bu da ölkəmizdə

mollalığın başqa bir formasının yayılmasına rəvac verir. Mollalar axundlardan "insaflıdırlar”. Molla 5-10 manatla kifayətlənir. Axunda isə daha çox verməli olursan. Sonda bir daha qeyd edirəm ki, test məsələsinə dair konkret səbəb ortaya qoyulmalıdır”.

Ayyət Əhməd