İslamiada: yığmamız daha iki medal qazandı





IV İslam Oyunlarında ağır atletika yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, körpücük üzərində 21 ölkədən ümumilikdə 130 atlet çıxacaq. Onlardan 51-i qadın, 79-u isə kişidir. Azərbaycan yığma komandası yarışa tam heyət – 16 nəfərlə (8 qadın və 8 kişi) qatılacaq.
Bu gün çəkisi 53 kq olan qadınlar körpücük üzərinə çıxıblar. Bu çəkidə Azərbaycanı Səbinə Əzimova və Gülçin Əlizadə təmsil edib.
Gülçin Əlizadə birdən qaldırma hərəkətində 70 kq-ı ram edib. O, təkanla qaldırma hərəkətində 86 kq-ı başı üzərinə qaldırıb. Toplam 156 kq (70+86) nəticə göstərən Gülçin bu çəki dərəcəsində 4-cü yeri tutub.
Səbinə Əzimova birdən qaldırma hərəkətində 75 kq-ın öhdəsindən gəlib. 17 yaşlı atletimiz təkanla qaldırma hərəkətində 101 kq-ı ram edib.
Toplam 176 kq (75+101) nəticə göstərən Səbinə Əzimova bu çəki dərəcəsində 3-cü yerə çıxıb və İslam Oyunlarında ilk medalımızı qazanıb.
Qeyd edək ki, bu gün Elmir Alıyevlə (56 kq) Mərziyyə Məhərrəmova (48 kq) da yarışa qatılıb. Onlar müvafiq olaraq, 233 kq (103 + 130) və 151 kq (66 + 85) çəkini ram ediblər. Hər 2 idmançımız 6-cı yeri tutub.
Bu gün yığmamız həmçinin atıcılıqda da medal qazanıb. Günün ikinci uğuru da atıcılıq idman növündə qeydə alınıb.
Bu dəfə stend atıcılığında uğur əldə edilib. Qadınların səngər stendi yarışlarında çıxış edən Şəfəq Əmrahova yarışı gümüş medalla başa vurub.
Təsnifat mərhələsində cəmi 48 xal toplayıb, mübarizəni başa çatdıran 6 idmançı arasında sonuncu olan snayperimiz finalda daha sərrast çıxış edib. Həlledici mərhələdə 37 xal yığan Şəfəq yalnız türkiyəli Nihan Gürerdən (41 xal) geri qalıb. 3-cü olan qətərli Xoloud Hassan Əl Xələf 29 dəqiq atəş açıb. Digər idmançımız Aydan Camalova 13 xalla 6-cı yeri tutub.
Qeyd edək ki, yığmamıza ilk medalı Ruslan Lunyov qazandırıb. O, 25 metr məsafədən tapança ilə mərkəzə atəş açmaqda qızıl medala yiyələnib.