İsrail Azərbaycana dost əlini uzatdı

Kənd təsərrüfatının inkişafını bu ölkədən öyrənə bilərik
Bu “cənnət vadisi”ndə ilin 12 ayı badımcan yetişdirilir



Netanyahu: "Ölkəmizin dünyada ən məhsuldar inəklərə sahib olması ilə öyünürəm. Bizim inəklər Fransa, Hollandiya, hətta Amerika inəklərindən daha məhsuldardır”



İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya işgüzar səfəri zamanı iki ölkə arasındakı mövcud əməkdaşlığın yüksək səviyyəsindən məmnunluğunu vurğuladı. Baş nazir qeyd etdi ki, Azərbaycanla İsrail istənilən sahədə birlikdə möcüzələr yarada bilər. B.Netanyahu xüsusilə kənd təsərrüfatında əldə edilən nailiyyətlərdən danışdı və qeyd etdi ki, İsrail bu sahədə böyük resurslara malikdir:"Ölkəmizin dünyada ən məhsuldar inəklərə sahib olması ilə öyünürəm. Bizim inəklər Fransa, Hollandiya, hətta Amerika inəklərindən daha məhsuldardır”.

Təbii ki, müsbət təcrübələrin öyrənilməsi və tətbiqi hər zaman gərəklidir. Azərbaycan kənd
təsərrüfatının da "qızıl dövrü” olub. Süd, ət, yun istehsalına görə SSRİ-də birinci olduğumuz illər
yaddaşlardadır. Amma son illərdə, məhz kənd təsərrüfatı sahəsində təəssüf ki, öyünməli halımız
yoxdur. Bir halda ki, İsrail dövləti Azərbaycana dost əlini uzadır, qalır işin bizim üzərimizə düşən
tərəfi. Təklif olunan yardımı - dost əlini necə qəbul edəcəyimiz.

Azərbaycanla İsrail arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq, idxal-ixrac barədə danışmazdan
öncə bu ölkənin məhdud imkanlarla bolluğa necə nail olduğu ilə maraqlandıq. Qarşımıza heyrətamiz
faktlar çıxdı. Və İsraili "vadidə cənnət” adlandıranların yanılmadığı bəlli oldu.
Susuzluğun yaratdığı möcüzə İsraildə kənd təsərrüfatının inkişafı barədə Sputnik.az saytında maraqlı məqalə ilə tanış olduq.

"Dəniz səviyyəsindən 150 metr alçaqda, susuz vadidə bir möcüzə gerçəkləşib.

İsrail təkcə ağır sənaye məhsullarının deyil, həm də kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı
sahəsində dünya liderləri sırasındadır. Bu ölkə Ölü dənizin cənubunda, İordaniya sərhədi boyunca,
Akabe körfəzinə doğru uzanan, suyun olmadığı Arava çölündə təsərrüfat qurub. Sputnik Türkiyə
KİV-ləri əsasında bu ölkədə aqrar inkişafın əsasları ilə bağlı kiçik araşdırma aparıb. 7 təsərrüfatda
İsrailin ümumi meyvə-tərəvəz ixracatının 66 faizi reallaşdırılır. Yeraltı suların duzlu və kənd
təsərrüfatı üçün əlverişli olmamasına baxmayaraq, qurulan kənd təsərrüfatı texnologiyaları
sayəsində hər cür yaş meyvə və tərəvəzin yetişdirildiyi moşavlarda 3500 insan çalışır. Kibutzlar və
moşavlar İsraildə kənd təsərrüfatı deyəndə ağıla iki anlayış gəlir. Bunlardan biri kibutzlar, digəri isə
moşavlardır. İsrailin çöl bölgələrdə qurduğu xüsusi mülkiyyətə əsaslanan kooperativ təsərrüfatlara
"moşav” adı verilib. Kollektiv həyat tərzinin olduğu kibutzlarda isə xüsusi mülkiyyət yoxdur.
Moşav sahibləri gəlirlərini tamamilə kənd təsərrüfatına dayanaraq təmin edirlər. Kibutzlarda isə
kənd təsərrüfatının xaricində yüksək əlavə dəyər təmin edən sənaye istehsalına da rast gəlinir.
İsrailin Arava bölgəsində inkişaf etdirdiyi kənd təsərrüfatı texnologiyaları sayəsində, bölgədə hər
cür məhsul yetişdirilərkən, torpağın əlverişsiz və iqlimin çöl olması səbəbindən torpağın yalnız üst
qismindəki 30 santimetr hissəsində əkin aparmaq mümkündür. Yemiş, qarpız, üzüm, xurma,
pomidor, bibər, badımcan və s. yetişdirilən təsərrüfatlarda məhsulların 90 faizi Avropa və Amerika
bazarına ixrac edilir. İstehsalın 10 faizi isə daxili bazarda istehlak olunur. İldə 3, bəzən 4 dəfə
məhsul alınan təsərrüfatlarda ölkə əhalisinin 4 faizi yaşayarkən, Aravada qurulan 7 təsərrüfatda 3
min 500 insan çalışır. Günəş enerji panellərində istehsal edilən elektrik enerjisi ilə yer altındakı
quyulardan çəkilən duzlu sular təmizlənərək kənd təsərrüfatında istifadə edilir. Hər bir günəş
enerjisi panelinin gündəlik istehsal etdiyi elektrik enerjisi ilə 3 min litr duzlu su təmizlənir. Kənd
təsərrüfatında damcılı suvarma üsulundan istifadə edilir. İlin 12 ayı məhsul götürülür. Qurduğu bağlı
istixana mühitində bölgədə fasiləsiz olaraq ilin 12 ayında badımcan istehsalı edən Boaz Vatçel adlı
fermer inkişaf etdirdikləri texnologiyanı belə açıqlayır: "Bitkinin köklərinin istiliyini torpaq altına
döşədiyimiz borular vasitəsilə 12 ay sabit saxlayırıq. Qışda istiliyi artırıb, yazda azaldırıq. Beləcə
davamlı yeni məhsul alırıq. Torpağın istiliyini 12 dərəcədə sabit tuturuq”. Badımcan tarlası, bölgədə
gülçülük də var və bu, ümumi istehsal edilən məhsulların 2 faizini təşkil edir. Təsərrüfatlardan
birində çalışan kənd təsərrüfatı mütəxəssisi Kitron Maayanın mövzu ilə əlaqədar verdiyi rəqəmlər
isə olduqca diqqətçəkicidir: "İsrailin bütün tərəvəz ixracatının hamısı burada gördüyünüz
təsərrüfatlardan əldə edilir. Kənd təsərrüfatı məhsullarının ixracının 66 faizi bu təsərrüfatlardan əldə
edilir. İstehsalın 70 faizini tərəvəz təşkil edir. Ağlınıza nə gəlirsə, burda var. İstehsalın 26 faizini
xurma, 2 faizini isə güllər təşkil edir”.

Xərçəngə qarşı olan məhsullara böyük önəm

İsrail məhsullarını əsasən Avropa və Amerika bazarına ixrac edir. Amerikaya daha az olmasının
səbəbi isə məsafənin uzaq və məhsulların ömrünün qısa olmasıdır. İstehsal olunan məhsulların 90
faizi ixrac edilir, 10 faizi isə daxili bazara yönəldilir. Məhsullardan tək ixrac edilməyəni isə
üzümdür. Üzümün hamısı İsrailin daxili bazarında istehlak olunur. Bir təsərrüfatdan digər
təsərrüfata keçərkən bölgənin tamamilə səhra və əhəng rəngli torpaqdan meydana gəldiyi müşahidə
edilir. Təsərrüfatlarda kənd təsərrüfatı xaricində, son illərdə dərman sənayesi üçün də bitkilər
üzərində araşdırmalar aparılır. Xərçəng xəstəliyi ilə bağlı araşdırmalara daha çox üstünlük verilir.
Xüsusilə qan xərçəngi (lenfoma) və sinə xərçəngi ilə bağlı bitkilər üzərində araşdırma aparılır.
Dünyanın dörd bir yanına ixrac Moşavların birində, okean suyu mühitində hazırlanmış
akvariumlarda mərcanlar yetişdirilir və aparılan təcrübələrdə sümüyün müalicəsində 10 qat daha
sürətli müalicəni təmin edəcək dərman inkişaf etdirilməyə çalışılır. Təsərrüfatlarda pomidor,
badımcan, bibər üfüqi deyil, şaquli olaraq ağac şəklində yerdən 2 metr yuxarıya doğru uzanır və
orqanik kənd təsərrüfatı üstünlük təşkil edir. Xurma təsərrüfatı ilə məşğul olan fermer İtay Asael:
"İldə 4 dəfə məhsul əldə edirəm. Yalnız Avropaya deyil, Hindistan və Pakistana da ixrac edirik. Son
illərdə ərəb ölkələrinə də ixracata başlamışıq”. Bölgədə xurma yer altındakı duzlu suyla bəslənə
bilən tək bitkidir. Xurma istehsalının böyük bir qismi Avropaya ixrac edilir.

İsrailə nə verib, nə alırıq?

Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə İsrail arasında bir çox sazişlər imzalanıb.
Azərbaycanla İsrail arasında tutarlı ticarət əlaqələri var. Hərbi sahədə əməkdaşlıq əlbəttə, xüsusi
vurğulanmalıdır. İsrail Azərbaycana ən çox silah satan ölkələrdəndir.
İsraildən Azərbaycana kənd təsərrüfatı və ərzaq məhsulları, o cümlədən əsasən emal olunmuş
meyvə-tərəvəz, qoz-fındıq məhsulları, diri heyvanlar, yağlı toxum və meyvələr, heyvanlar üçün
hazır yemlər, taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar idxal olunub.
Azərbaycanın əsas ixrac məhsulu isə neft hesab edilir. İsrail Baş nazirinin məlum açıqlamasından
sonra, kənd təsərrüfatı sahəsində əməkdaşlığın daha da genişlənəcəyini gözləmək olar. Bir halda ki,
bu ölkə böyük məhsuldarlıq əldə edir, niyə də həmin təcrübəni öyrənməyək? İsrail inəklərinin
Azərbaycan mühitinə uyğunlaşdırılmasına gəlincə, Kənd Təsərrüfatı Nazirliyi bununla bağlı hələ ki,
açıqlama verməyib.

Məlahət Rzayeva