İstanbul Aydın Universiteti xarici tələbə sayına görə birincidir




Türkiyənin Yüksək Öğrətim Kurulu (YÖK) 2014-2015 illər üçün universitetlərin təhsil statistikasını açıqlayıb.
Statistikada Türkiyədə fəaliyyət göstərən universitetlərin müxtəlif göstəriciləri elan edilib. YÖK-ün açıqladığı rəqəmlərə əsasən İstanbul Aydın Universiteti (İAU)Türkiyədə fəaliyyət göstərən vəqf universitetləri arasında xarici tələbələrin ən çox seçdiyi universitetlər kateqoriyasında ilk pilləni tutub. İAU bu kateqoriyada Türkiyədə fəaliyyət göstərən 185 universitet arasında isə 12-ci yerdə qərarlaşıb.
Ekspertlərə görə, bu statistika Türkiyədə 2003-ildən etibarən fəaliyyət göstərən İstanbul Aydın Universiteti üçün olduqca yüksək göstəricidir. Hazırda universitetdə 97 ölkədən 2500-dən artıq xarici tələbə təhsil alır.
İstanbul Aydın Universitetinin Avropa Birliyinin tətbiq etdiyi ortaq kredit sisteminə uyğun çalışır. Bu universitet həmin prosesləri uğurla tamamlayaraq, bu etiketləri almış universitetdir. İstanbul Aydın Universitetinin diplomları Avropa Birliyi standartlarındadır. Tələbələr İstanbul Aydın Universitetindən almış diplomla dünyanın hər hansı bir yerində o etiketi göstərərək təhsilinə davam edə bilər. Bir çox xarici proqramlardan yararlanaraq xarici ölkələrdə təhsil ala bilər.
Xatırladaq ki, İstanbul Aydın Universiteti azərbaycanlı gənclərin də ən çox seçdiyi ali təhsil ocaqlarındandır. Hazırda universitetdə 250-dən artıq azərbaycanlı tələbə təhsil alır.