İstanbulda İslam Əməkdaşlıq Təşkilatının XIII Zirvə toplantısı başlayıb - YENİLƏNİB





İslam Əməkdaşlıq Təşkilatının (İƏT) XIII Zirvə toplantısı İstanbulda işinə başlayıb.
APA-nın Türkiyə müxbiri xəbər verir ki, Zirvə toplantısında Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edirlər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İƏT-yə üzv ölkələrin dövlət başçılarını və müşahidəçi ölkələrin təmsilçilərini toplantının keçirildiyi salonun qabağında qarşılayıb.
Sammit "Quran"oxunması ilə başlayıb.
İki gün davam edəcək Zirvə toplantısında Fələstin problemi və Ərəb-İsrail konflikti, İslam dünyasındakı konfliktli vəziyyətlər və miqrasiya, İƏT-ə üzv olmayan ölkələrdəki müsəlman icmalarının vəziyyəti, terrora və ekstremizm təhlükəsinə qarşı mübarizə, İslamofobiya, İslam dünyasındakı humanitar vəziyyət, "İƏT-2025" Fəaliyyət proqramı, üzv ölkələr arasında elmi (səhiyyə, yüksək təhsil və ətraf mühit) əməkdaşlığın gücləndirilməsi, İslam dünyasında mədəni, sosial və informasiya əlaqələrini gücləndirilməsi və s. məsələlər müzakirə ediləcək.
Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq çərçivəsində həlli üçün İƏT-ə üzv olan ölkələrin nümayəndələrindən ibarət Təmas qrupunun yaradılması məsələsinin də XIII Zirvə toplantısında müzakirə edilməsi gözlənilir.
İƏT Baş katibi İyad Madani bununla bağlı hazırlanmış tövsiyənin dövlət başçılarının müzakirəsinə çıxarılacağını deyib.
İƏT-nin İstanbuldakı Xİİİ Zirvə toplantısının açılışında Təşkilatın dönəm başqanlığı Misir Ərəb Respublikasından Türkiyəyə keçib.
2013-cü ilin iyulunda Misirdə baş vermiş hərbi çevrilişdən sonra ilk dəfə Misirin rəsmi nümayəndəsi Türkiyəyə gəlib. Zirvə toplantısının açılış mərasimində çıxış edən Misir xarici işlər naziri Semih Şükrü dönəm başqanlığını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana təhvil verib. Zirvə toplantısında iştirak edən dövlət başçılarını və müşahidəçi ölkələrin nümayəndələrini salamlayan Ərdoğan hesabat məruzəsi üçün sözü İƏT-nin Baş katibi İyad Madaniyə verib.