İstanbulda kafeyə Elçibəyin adının verilməsi dəstəkləndi: "Türkiyədə BƏYƏ böyük sayğı var"

"Bizə qəribə görünsə də, kafe sahiblərinin məkana Elçibəyin adını verməsi onun şəxsiyyətinə hörmətdən, sevgidən irəli gəlir”.
Bu barədə "Sherg.az”a Türkiyənin İstanbul şəhərində kafelərdən birinə mərhum prezident Əbülfəz Elçibəyin adının verilməsinə münasibət bildirərkən Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib. 
O diqqətə çatdırıb ki, bu cür təşəbbüslər Avropa şəhərlərində mövcuddur:
"Şərq ölkələrində bu addım yaxşı təəssürat bağışlamasa da, burada bir qəbahət yoxdur. Biz 18 il bundan əvvəl Azərbaycan hökumətinə Əbülfəz Elçibəyin adının əbədiləşdirilməsi ilə bağlı müraciət etmişik. Hansısa küçəyə onun adının verilməsi, evinin qarşısında xatirə lövhəsinin asılması və s. təklif edilib. Türkiyə dövlətində də Elçibəyə böyük hörmət, sayğı var. 
Ona görə, belə məkanlara şəxsiyyətlərin adlarının verilməsi kimi təşəbbüslər çox olur. Hətta həmin insanların kafelərə çox gəldiyini nəzərə alaraq, daha güclü təbliğat vasitəsi kimi qəbul olunur. Güman ki, o kafenin təsisçiləri də bu cür məsələləri nəzərə alaraq, həmin addımı atıblar”.
Qeyd edək ki, İstanbulun Aksaray səmtində fəaliyyət göstərəcək sözügedən restoranda daha çox gənclərin toplanacağı gözlənilir. Belə ki, xidmət menyüsündə daha çox çay, sulu qəlyan və digər tütün məmulatlarının təqdimatı göstərilir.
Aysel Aslan