İstanbulun azərbaycanlı gözəli...

“Beynim 20 yaşımdakı kimi dumanlı deyil”Nəsrin Cavadzadə: “Əvvəllər kimsə desəydi ki, alnında sızanaq çıxıb, elə həmin gün axşama qədər kefim olmayacaqdı”
"Al yazmalım”, "Gözəl günlər görəcəyik”, "Dilbərin səkkiz günü” filmlərindən, eləcə də türk seiallarından yaxşı tanıdığımız və əslən azərbaycanlı olan Nəsrin Cavadzadə son vaxtlar türk mətbuatının marağında olan sənətçilər sırasında yer alır. Kimdir Nəsrin Cavadzadə? Əslən azərbaycanlı olan aktrisaya maraq necə yarandı? Nəzərə alsaq ki, türk şou-biznesində, kino sektorunda yabançılara, yəni başqa yerlərdən gələnlərə qəribə bir qısqanclıq hökm sürür, onda aktrisa olaraq özünə qarşı bu qədər maraq yaratmaq da əslində asan deyil.
Amma azərbaycanlı aktrisa bunun bacardı. 31 yaşlı aktrisa qısa müddət ərzində türk seriallarının, filmlərin maraqlı qəhrəmanına çevrilə bildi. Türk mətbuatında boy-boy barəsində yazılar yazılmağa başlandı. Çoxları azərbaycanlı aktrisa ilə maraqlanmağa başladı. Bundan əlavə aktrisanın cəsarətli fotosessiyaları da türk mətbuatında müzakirələrə səbəb oldu. Aktrisanın yarıçılpaq şəkilləri kimisi üçün cəsarətli addım, kimisi üçün isə qınaq obyekti olaraq dəyərləndirildi. Nəsrinin şəxsi həyatı ilə də maraqlananlar az olmadı. Aktrisanın əslən azərbaycanlı olması, yetənəyi, aktrisa olaraq potensialı, ailəsi barədə də yazanlar tapıldı. Daha çox isə Nəsrin Cavadzadənin sevgilisinin olub-olmaması
ilə maraqlananlar oldu. Nəsrin Cavadzadənin şəxsi həyatında olan kişi kimdir? Aktrisa ailəlidirmi? Bu suallar hətta paparadze jurnalistlərinin günlərlə onu izləməyinə də gətirib çıxara bildi.
Həqiqətən kimdir Nəsrin Cavadzadə?
Qəhrəmanımız azərbaycanlıdır. 1982-ci ildə Bakıda dünyaya göz açan aktrisa 11 yaşına qədər Bakıda yaşayıb. 11 yaşında anası ilə Türkiyəyə köç edən Nəsrinin həyatı da Türkiyəyə gələndən sonra dəyişir. Marmara Universitetinin Kino və televiziya fakültəsinin məzunu olan Nəsrin Cavadzadə seriallara çəkilməyə başlayır. Elə ilk vaxtlardan da potensialı diqqət çəkir. Aktrisanın eyni zamanda zahiri görünüşü, cəsarətli addımları da ona olan marağı bir az da çoxaldır. Onun maraqlı, çox cəsarətli fotosessiyaları da aktrisanın nə qədər sərbəst olduğunu göstərmiş olur.
Aktrisa Türkiyəyə gedən vaxtlarda böyük çətinliklər yaşadığını qeyd edir: "Uşaqlığım Bakıda keçib, xoşbəxt uşaqlığım olub. Ailənin tək uşağıyam, anam və nənəm uşaq həkimi, atam isə iqtisadçıdır. SSRİ dağıldı və həyatım tamamilə dəyişdi. Anam mənim Türkiyədə daha yaxşı bir gələcəyim olacağını düşündü. Həmin illərdə Bakı çox ağrılı günlər yaşayırdı, onların izi hələ də qalır. Anamla birgə 11 yaşımda Türkiyəyə gəldim, atamla anam boşandılar. Atam Bakıda qaldı, 4 il əvvəl də vəfat etdi. 11 yaşımda tanımadığın bir ölkəyə gəlmək və hər şeyə sıfırdan başlamaq çətin idi. Xüsusilə də bayramlarda özümü çox tənha hiss edirdim. Amma bəlkə də belə olmasaydı, çətinliklərlə mübarizə apara bilməyəcəkdim. Mübarizə insanı gücləndirir. Nəticədə səni öldürməyən şey səni daha da gücləndirir”.
Yaş kompleksinin də olmadığını vurğulayan aktrisa "31 yaşım var. Beynim 20 yaşımdakı kimi dumanlı deyil. Yaşımdan məmnunam. Əvvəllər kimsə desəydi ki, alnında sızanaq çıxıb, elə həmin gün axşama qədər kefim olmayacaqdı. İndi isə o Nəsrindən əsər-əlamət yoxdur.
Televiziyada özümü ilk dəfə seyr edəndə çox çirkin olduğumu düşündüm. Özümdən küsdüm, 3 il seriallara çəkilmədim. Amma indi baxıram, çirkin olmadığımı görürəm. Səyahət etməyi çox sevirəm. Amma hara getsəm də, sevgilim İstanbuldur.
Aktrisa olaraq, yaşlanmaqdan qorxmuram. Düzdür, ulduzların belə bir qorxusu var, onları başa düşürəm. Çünki onlara böyük təzyiqlər var. Amma mən ulduz deyiləm, mənim zənnimcə, aktyorluq uzun müddətli bir marafondur. İnsanlar 80 yaşında elə işlər görür ki, baxanda həyəcan keçirirsən. Münasibətdə olduğum insanlara çox bağlıyam, onlardan ayrılmaq istəmirəm. Sevgilimlə 7 ildir ki, bir yerdəyik, birlikdə yaşayırıq. Mənim üçün baxımlı olmaq o deməkdir ki, kökəlməyəsən və idman edəsən. İdman həyatımın bir hissəsidir. Uzun müddətdir ki, baletlə də məşğulam”.
Bu qədər maraqlı olan aktrisa qısa müddətdə müxtəlif böyük ödüllərə də sahib ola bilib. Azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ötən həftə Türkiyənin ən nüfuzlu mükafatlarından biri olan "Qızıl portağal” (Altın portakal) qazanıb.
Aktrisa "Kış günəşi”, "Görüş günü kadınları”, "Samanyolu”, "Yersiz yurdsuz” və digər seriallarda çəkilib.
Tahirə