“İstəmərəm övladım sənətə gəlsin”

Anar Heybətov: “Özüm bu çətinliyi görmüşəm, övladıma arzu etmirəm”
“Azərbaycanın elə güclü aktyorları var ki, onlar türk sənətçilərdən heç də geri qalmırlar”


Aktyor olmaq üçün əslində elə əzəl gündən aktyor doğulmaq gərəkdir. Çünki bu peşə istedadı sevir. Nə qədər oxusan da, təhsil alsan da, içində aktyor olaraq o istedad yoxdursa, uğur əldə etmək mümkün deyil. Təhsil isə sadəcə bu istedad sahəsinin bir qədər də təcrübəli, peşəkar olmasına imkan yaratmış olur.

Yəqin ona görə də teatr sahəsində hər zaman istedadlı aktyorlar seçilə bilir. Bütün zamanlarda rəhbərlərlə əsasən istedadı olan aktyorlar işləyə bilir.

Akademik Milli Dram Teatrının səhnəsində illərdi çalışan aktyor Anar Heybətov da əbəs yerə tamaşaçıların sevimlisi deyil. Görünüşü gənc olan, amma illərini teatra verən Anar Heybətovu sevənlərin çoxluğunu nəzərə alıb bu dəfə onunla həmsöhbət olmaq qərarına gəldik.

"Şərq”in qonağı olan Anar Heybətovla teatr sənətindən danışdıq.

- Son günlər bir çox teatr sahəsində olan insanların fikri o qənaətə gətirib çıxarır ki, bu gün müasir Azərbaycan dramaturgiyası zəifdi. Elə bu səbəbdən də teatrlarımızda müasir əsərlərin səhnəyə qoyulması problem həddinə çatır...

- Əslində bu, daha çox rejissorların cavab verə biləcəyi sual oldu. Mən aktyoram. Çalışıram ki, mənə həvalə olunan obrazları yaxşı oynayım. Təbii ki, müasir əsərin də səhnəyə qoyulmasını istərəm. Müasir dramaturqlara gəlincə isə, yəqin ki, Azərpaşa Nemətov teatra gələndən sonra onlarla da işləmək üçün planları olar. Yəqin ki, müasir əsərlərə yer verilər. Təbii ki, söhbət yaxşı əsərdən gedir.

- Sən də elə düşünürsən ki, Azərbaycanda bu gün müasir dramaturgiya yox səviyyəsindədir, zəifdir?

- Əslində bəli, müasir dramaturgiya, əsərlərə ehtiyac var. Çox yazarlar da pyes yaza bilər. Amma dramaturgiya bir qədər fərqli sahədi, çətin janrdı. Yazmaq olar. Amma onu pyes şəklində təqdim etmək hər yazarın gücü daxilində deyil. Sözün düzü, bir neçə cavan yazarların pyeslərini oxumuşam, hiss olunur ki, maraq, istək var. Amma pyes səviyyəsində deyil. Yəni məişət həyatını əks etdirən, primitiv bir əsərdi. Əli Əmirlinin pyesləri isə insanı düşündürür axı. İnşallah, yaxşı əsərlər olsa, teatra təqdim olunsa, növbəti mövsümlərdə gənc yazarların da əsərləri səhnəyə qoyular.

- Bu gün teatrda sabitlik hiss olunur. Bir vaxtlar teatr vulkan kimi püskürürdü.

- O söhbətlərə qayıtmaq istəməzdim. Həqiqətən bir müddət teatrda kifayət qədər ağır mühitdə işləmək məcburiyyətində olmuşuq. O gərginliklər az qala bizi teatra küsdürmüşdü. İndi şükür bir neçə aydı ki, teatr əvvəlki abu-havaya qayıdıb. Teatr bizim ikinci evimiz sayılır. İnsan öz evində rahat olmayanda necə gərgin olursa, biz də o gərginliyi yaşamışıq. İndi əsl sənət ab-havası hiss olunur. Hamı işini görür, mehribandı bu gün. Hamı işinə gəlir, məşqlər gedir, tamaşalar təqdim olunur. Əvvəl insan teatra gəlmək istəmirdi.

- Teatrda sənə təqdim olunan obrazlardan razısan, ya hələ də arzusunda olduğun obraz var?

- Bu yaxınlarda "Ölülər” tamaşasının premyerası oldu. Ən çox arzuladığım obrazı axır ki, oynadım. "Ölülər” tamaşasında Kefli İsgəndəri oynadım. Hələ tələbəlik illərindən o obrazı oynamağı arzulamışam. Ən çox arzuladığım rollardan biri idi. Qismət oldu, oynadım. Mənə elə gəlir ki, hər bir aktyorun arzu etdiyi obraz olur. Qismətim oldu, şükür edirəm.

- Bu obrazın sənə həvalə olunması qısqanclıq yaratdı?

- Səmimi desək, vallah nə deyim. Hər halda olmamış olmaz. Bir də bu qısqanclığın olması yaxşıdı. Mən özüm də bu rolda olmasaydım, mənim özümdə də qısqanclıq yaranardı.

- Yəni yaxşı obrazı qısqanmamaq mümkün deyil...

- Təbii ki, aktyor yaxşı obrazı qısqanır. Bunu etiraf etməsək də, hər bir aktyor yaxşı rolu qısqanır.

- Son illər ən çox tələbat olan aktyor sayılırsan. Akademik Dram Teatrında varsan, paralel olaraq bu gün bir çox seriallarda baş rollara dəvət alırsan. Amma hələ də fəxri ada layiq görülməmisən.

- Mən bu barədə düşünmürəm.

- Düşünmürsən, ya danışmaq istəmirsən?

Nə danışmaq istəmirəm, nə də düşünmək. Təbii ki, fəxri ad aktyora stimul verir, məsuliyyətini çoxaldır, ona daha da üzərində işləməyə həvəs yaradır. Amma mənim üçün bunun səhnədə heç bir önəmi yoxdu. Yenə deyirəm, fəxri adı hamı arzulayır. Kim dəsə ki, arzulamıram, istəmirəm, yalan olar. Amma mən səhnəni o qədər çox sevirəm ki, obrazı oynayanda mənim üçün bunun heç bir fərqi yoxdu. Heç vaxt da deyə bilmərəm ki, niyə ad verilmir. 

- Bu gün seriallarda da daha çox dəvət alan, tələbatlı aktyor sayılırsan. Seriallara maddi duruma görə çəkilirsən, ya o sahədə də özünü sınayırsan.

- Əvvəla sağ olsunlar rejissorlar dəvət edirlər. Ordan da 5-3 manat qazana bilirik. Bu da bizim bir yaramızı sağalda bilir. Akytorların məvacibi o qədər çox da deyil axı. Hərə birtəhər ailəsinə çörəkpulu qazanır. Serialdan da çörək pulumuzu qazanırıq.

- Türk seriallarında aktyorlar əməlli-başlı qonorar alırlar. Bizdə isə hələ də 50 manat qonorar verilir.

Mən istəmirəm ki, Türkiyə ilə müqayisə olunaq. Çünki Türkiyənin əhalisi bizdən çoxdu. Onların gəlirinin də çox olması təbiidi. Onların sinemalarında çəkilən aktyor böyük qonorar əldə edir. Çünki baxış çoxdu. 80 minlik əhali ilə 9 milyonluq əhalini müqayisə etmək düzgün olmaz. Qaldı bizim seriallarda 50 manat qonorara, başqalarını deyə bilmərəm, mən 50 manata çəkilmirəm. Əvvəldən rejissor, filmin prodüseri, meneceri ilə danışığımız olur. Demirəm çox qazanıram. Amma şükür, ailəmizi dolandırırıq. Türkiyədə təqdimat güclüdür. Piar güclüdür. Bizdə bu yoxdu. Düzdü, axır vaxtlar bizdə də komediya janrında çəkilən filmlər olur. Amma onlarda filmin piarı güclü olur. Yəqin ona görə də bizdə sadə insanlar aktyorlarımızın çoxunu tanımasa da, türk aktyorlarını özümüzünkülərdən yaxşı tanıyırıq.

- Türk seriallarına necə, dəvət almısan?

- Düzünü desəm, yox. Axı bizi tanımırlar. Dəvət etmək üçün o sahədə səni tanıyanlar olmalıdır.

- Deyirsiz ki, festivallara gedirsiz, maraqlanan olurmu?

- Bunun üçün xüsusi bir qurum olmalıdı, bu işlə məşğul olan insanlar olmalıdı. Onlar Azərbaycan aktyorlarının piarını etməlidir. Mən hesab edirəm ki, Azərbaycanın elə güclü aktyorları var ki, onlar türk sənətçilərdən heç də geri qalmırlar. Sadəcə onların imkanları böyükdür. Bizim teatr sənəti onlarınkından qat-qat üstündü. Bunu əminliklə deyə bilərəm. Mən professional teatr səhnəsindən danışıram. Azərbaycan teatrı inanın çox güclü məktəbi ilə seçilir.

- Bu mövsüm yeni seriallarda görə bilmədik səni...

- Əslində bir neçə maraqlı təkliflər oldu. Sadəcə mən "Ölülər” tamaşasına görə serial təklifinə razı olmadım. "Ölülər” kifayət qədər ağır, ciddi əsərdi. İstədim bütünlükdə bu obrazı oynamaq üçün vaxtım olsun. Serial çəkilişləri, ordan teatra gəl. Bu alınmazdı. Məşqlər zaman tələb edirdi. Ona görə də serial dəvətinə razı olmadım. Amma inşallah, yeni mövsümdə seriallardan birində görünəcəm. Yeni bir seriala dəvət almışam, inşallah, yeni mövsümdə maraqlı bir iş olmalıdır.

- Ailəlisən, övladın var...

- Bəli, bir qızım var, 4 yaşında. Allah hamının balasını saxlasın.

- Gələcəkdə qızın sənətə gəlsə, Anar razı olar?

- Sözün düzü istəmərəm ki, övladım sənətə gəlsin. Çox çətin sahədi. Özüm bu çətinliyi görmüşəm, övladıma arzu etmirəm bu çətinliyi. Amma istəsə, istedadı olsa, bəlkə də razı olaram. Amma hər halda istəmərəm.

- Şəxsi biznesin var idi. Bu gün də bizneslə məşğul olursan?

- Yox, artıq bir neçə ildi şəxsi biznesim yoxdu. Bəli, vaxtilə bizneslə də məşğul olurdum. Amma artıq xeyli vaxtdı bizneslə vidalaşmışam. Ancaq sənətimlə məşğul oluram.

Tahirə Məmmədqızı