“İTV-dəki həmkarlarımızın daha çox iş görməyə potensialı çatır. Onları düzgün yönləndirməklə faydalı nəticələr əldə etmək mümkündür”
İTV-də direktor dəyişikliyi yerinə düşdü
Balakişi Qasımov kifayət qədər dinamik bir şəxs olduğunu sübut edib
“İTV-dəki həmkarlarımızın daha çox iş görməyə potensialı çatır. Onları düzgün yönləndirməklə faydalı nəticələr əldə etmək mümkündür”
“İTV-dəki həmkarlarımızın daha çox iş görməyə potensialı çatır. Onları düzgün yönləndirməklə faydalı nəticələr əldə etmək mümkündür”
(Əvvəli ötən sayda)
2005-ci ildə Azərbaycan Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirdi və İctimai Televiziyanı meydana gətirdi. Yaradılmış televiziya Azərbaycanın kifayət qədər zəngin olan ictimai həyatına güzgü tutmalı, ölkəmizdə baş verən hadisələri, olayların təhlilini, regionda gedən prosesləri mümkün qədər işıqlandırmalı idi. Eyni zamanda, insanları ən çox narahat edən müxtəlif problemləri mütəmadi olaraq efirdə müzakirəyə çıxarmalı idi. Ötən 13 ildə İTV bir sıra layihələrə imza atıb.
Gözləntilərin müəyyən hissəsini doğruldub. Lakin ölkə ictimaiyyətinin istəklərinə tam cavab verə bilməyib. Məhz bu baxımdan ictimaiyyət nümayəndələrinin, ziyalıların tənqidinə məruz qalıb. Halbuki, sosial sifarişdən meydana gələn ictimai televiziyanın əsas missiyası aktual məsələləri daim gündəmdə saxlamaq, cəmiyyətdə mövcud olan çatışmazlıqları obyektiv şəkildə efirə daşımaqdır. Rəhbərliyin dəyişməsi ilə İctimai Televiziyanın fəaliyyəti yenidən gündəmə gəlib. Telekanalın Yayım Şurasında səs çoxluğu ilə baş direktor seçilən Balakişi Qasımov ümidləri doğruldacağına söz verib.
Yeni rəhbər gələcək fəaliyyəti ilə bağlı açıqlama verərək bildirib ki, İctimai Televiziyanı müasir, innovativ media strukturuna çevirmək, ölkənin qabaqcıl kütləvi informasiya vasitələri sırasına çıxarmaq üçün çalışacaq: "Televiziya və radio sahəsində uğur peşəkar komanda ilə sıx bağlıdır. Hazırda İctimai Televiziyada peşəkarlar var və onlarla birlikdə tamaşaçı üçün daha maraqlı verilişlər istehsal etmək mümkündür. Azərbaycanın inkişafının, cəmiyyətdə baş verən proseslərin işıqlandırılmasında, maarifləndirmə işində televiziya və radionun rolu əvəzsizdir. İctimai Televiziya və radionun məqsədi adından da göründüyü kimi, cəmiyyətə xidmət etməkdir. Biz bu işin öhdəsindən daha yaxşı gəlmək niyyətindəyik”. Məlumat üçün deyək ki, 40 yaşlı Balakişi Qasımov 1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisasını bitirib. Lakin onun əmək fəaliyyətinin əksər dövrü media-televiziya sahəsi ilə bağlı olub. İTV-nin baş direktoru seçilənə qədər "Gametv.az” prodüser mərkəzinin rəhbəri vəzifəsində çalışıb. Eyni zamanda, Azərbaycan Televiziyasında yayımlanan beynəlxalq lisenziyalı "Əlaçı”, "61!”, "Breyn-rinq”, "Kim? Harda? Nə vaxt?” verilişlərinin baş prodüseri və rejissoru olub.
Mövzunu "Şərq”ə dəyərləndirən İTV-nin Yayım Şurasının üzvü Azər Həsrət deyib ki, İctimai Televiziya cəmiyyətin maraqlarına xidmət edən media qurumudur. Bu baxımdan ictimaiyyətin telekanaldan gözləntiləri kifayət qədər böyükdür:
"Son illər cəmiyyət arasında fikirlər var ki, İTV ictimai maraqları yetərincə ifadə edə, bütövlükdə tam tribunaya çevrilə bilmir. Cəmiyyət daha əhatəli televiziya görmək istəyir. Hesab edirəm ki, direktorun dəyişdirilməsi yerinə düşdü. Balakişi Qasımov kifayət qədər dinamik bir şəxs olduğunu sübut edib. Yeni çağırışları dərk edən və müasir dünya baxışına sahib olan B.Qasımovdan böyük ümidlə islahatlar gözləyirik. Artıq televiziyada kadr dəyişikliyi başlayıb.
Düzgün kadrlar olmadan heç bir işi qurmaq mümkün deyil. Ona görə də Yayım Şurası olaraq B.Qasımovun kadr siyasətinə müsbət yanaşırıq. Çox güman ki, qısa müddətdə İctimai Televiziya və Radio Yayımında keyfiyyət fərqini görəcəyik. Yeni sədrə inamımız, güvənimiz böyükdür. Məhz bu baxımdan Yayım Şurasının iclasında Balakişi Qasımovu yekdilliklə dəstəklədik. Baxmayaraq ki, digər namizədlər arasında da kifayət qədər tanınmış jurnalistlər, öz işinin ustası olan şəxslər var idi. Biz onların da ciddi işlər görə biləcəyindən əmin idik. Lakin bəzi amilləri nəzərə alaraq, Balakişi Qasımova üstünlük verdik. Yeniliklər olacaq, amma bir qədər vaxt aparacaq. Yaxşı olar ki, toplum bir anın içində hər şeyin düzələcəyini gözləməsin. Bəlli bir zaman tanımalıyıq ki, yeni sədr kadr problemini çözsün və qarşıda duran digər məsələləri həll etsin”.
A.Həsrət bildirib ki, ən çox müzakirə olunan məsələ hər hansı mövzunun müzakirəsi zamanı efirdə fərqli qütblərin olmaması, alternativ fikirlərin səsləndirilməməsidir: "Bəzən eyni mövzuda dəvət olunan ekspertlərin hamısı faktiki olaraq bənzər mövqedən çıxış edirlər. Bu da alternativ fikirlərin olmadığı görüntüsünü yaradır. Düzdür, çox vaxt elə məsələlər müzakirə olunur ki, orada əks fikir səsləndirmək sadəcə mümkün olmur, fərqli düşüncəyə yer qalmır. Lakin düşünürük ki, ictimai mövzuların müzakirəsi zamanı alternativ ifadələr səsləndirəcək insanların kanala cəlb edilməsinə ciddi zərurət var. Yəqin ki, bu məsələ də öz həllini tapacaq”.
Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə "Şərq”ə açıqlamasında bildirib ki, İctimai Televiziyanın Azərbaycanın media məkanında özünəməxsus yeri var. İndiyə qədər tekekanal kifayət qədər uğurlara imza atıb. Onun sözlərinə görə, Azərbaycanı Avropa məkanında, Avropa Yayımçılar Birliyində təmsil edən yeganə qurum İTV-dir:
"İctimai Televiziya beynəlxalq statusundan istifadə edərək ciddi işlər görüb. Təkcə Avroviziya mahnı müsabiqəsinə qoşulması ölkəmizin təbliğinə böyük töhfə verib. Konkret durumlarda, siyasi aktivlik və seçkilər zamanında İctimai Televiziya Azərbaycan mühitində fəaliyyət göstərib, ictimai rəyin düzgün istiqamətlənməsinə çalışıb. Bəs, bugünə kimi göstərilən fəaliyyət qənaətbəxşdirmi? Əlbəttə, bunu geniş müzakirə edə bilərik. Qısaca onu vurğulayım ki, İTV-də kifayət qədər potensiallı həmkarlarımız çalışırlar və peşəkar media işçiləri kimi mətbuatı gözəl bilirlər. Məncə, vətənpərvər və peşəkar kadrların sahib olduğu potensial sayəsində daha çox nailiyyətlər əldə etmək mümkündür. Hesab edirəm ki, İTV-dəki həmkarlarımızın daha çox iş görməyə potensialı çatır. Onları düzgün yönləndirməklə faydalı nəticələr əldə etmək mümkündür”.
M.Ələsgərlinin fikrincə, İctimai Televiziya ilə bağlı keçmişdən daha çox gələcəyi müzakirə etmək lazımdır: "Televiziyada çalışan kadrların bacarığından yararlanaraq daha nələri ortalığa qoymaq olar, buna baş sındırmalıyıq. Hansı yeniliklərə, nailiyyətlərə ehtiyac varsa, onları müzakirəyə açmalıyıq. Müzakirələr bunun üzərində qurulmalıdır. Fürsətdən istifadə edib Balakişi Qasımov başda olmaqla təzə heyəti təbrik edirəm. Həmçinin, dostumuz Murad Hüseynovu direktor müavini olması münasibəti ilə təbrik edirəm. Kifayət qədər uğurlu təyinatlardır. Ümid edirik, İTV-nin və orada çalışan bütün həmkarlarımızın bilik və bacarıqlarından tam istifadə edərək, yeni nailiyyətlər qazanmaq mümkün olacaq. Hər halda buna ümid edirik”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov da bildirib ki, İTV-nin yeni rəhbərliyindən gözləntilər çoxdur: "İnanıram ki, yeni rəhbərlik ictimaiyyətin ümidlərini doğruldacaq. Tələsmək lazım deyil. İşi iş görüləndən sonra dəyərləndirmək lazımdır. Əminəm ki, yeni rəhbərliyin fəaliyyəti nəticəsində biz tam başqa İTV-ni görəcəyik. Gələn xəbərlər buna əyani sübutdur. Tanınmış jurnalist Murad Hüseynov İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktor müavini vəzifəsinə təsdiqlənib. Baş direktor Balakişi Qasımov deyib ki, şirkətin İdarə heyətində dəyişikliklər telekanalın effektivləşdirilməsi, müasir standartlara uyğunlaşdırılması məqsədilə edilib. Yeni tərkibdə tanınmış peşəkarlar var. Əminəm ki, onların görəcəkləri iş də peşəkarcasına olacaq. Gözləntilərim isə daha çevik, peşəkarlardan ibarət, aktual mövzulara daha çox önəm verilən televiziyanın formalaşması ilə bağlıdır”.
"Yeni Müsavat” qəzetinin müxbiri Elşad Məmmədli də bəyan edib ki, İTV əslində, adına, missiyasına uyğun olaraq indiki formatda fəaliyyət göstərməməlidir: "İTV-nin missiyası tamam başqa olmalıdır. Lakin təəssüflər olsun ki, bu telekanal ötən 13 il ərzində gözləntiləri doğrultmayıb. Səmimi desəm, İTV-nin bundan sonra da tam missiyası üzrə fəaliyyətə keçəcəyi o qədər də inandırıcı görünmür. Amma ümid edirəm ki, hörmətli Balakişi Qasımov mütərəqqi addımlar atacaq, ictimai maraq kəsb edən verilişlər daha geniş sferaları əhatə edəcək, daha maraqlı olacaq. İslahatlara gəlincə, bu əlbəttə qaçılmazdır və müsbətə doğru addımlar atılacağı şübhəsizdir. Xüsusilə arzu edirəm ki, İTV təhsil, hüquqi və tibbi maarifləndirilmə yönündə verilişlərin sayını artırsın”.
İsmayıl
Məqalə Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə hazırlanıb