Elçin Mirzəbəyli: "İxtisaslaşmış telekanallar günün sosial sifarişidir"
İxtisaslaşmış telekanalların yaradılması vacibdir
Qulu Məhərrəmli: "Təhsil və maarif kanallarının yaradılması zəruridir"
Elçin Mirzəbəyli: "İxtisaslaşmış telekanallar günün sosial sifarişidir"
Elçin Mirzəbəyli: "İxtisaslaşmış telekanallar günün sosial sifarişidir"
Seymur Verdizadə: "Azərbaycanda televiziya izləyicilərinin əksəriyyəti idman, film, tarix, coğrafiya və başqa sahələr üzrə ixtisaslaşmış əcnəbi telekanalların verilişlərinə maraqla baxırlar"
Müasir media sisteminin ən çevik qollarından biri televiziya kanallarıdır. Bu gün televiziya adi məişət cihazı deyil, həyatımızın ayrılmaz hissəsi, əsas məlumat mənbəyimiz, həmsöhbətimizdir. Televiziya həm də insanın düşüncə baxımından genişlənməsi, dünya ilə təması, yaşadığı cəmiyyəti yaxından görməsi, ətrafında gedən prosesləri duyması və ən başlıcası özünü dərk etməsidir. Deməli, televiziya, onun kommunikativliyi və verdiyi məhsul o dərəcədə mükəmməl olmalıdır ki, tamaşaçının qavrayışı təhrif olunmasın, insanın psixikasında və davranışında yanlışlıqlar yaranmasın.
Televiziyalar eyni zamanda insanların həyatına, cəmiyyətə ağlasığmaz yeniliklər də gətirib. İlk növbədə kütləvi informasiya vasitələri sisteminin müstəqil bir sahəsinə çevrilən televiziya jurnalistikanın təsirini və miqyasını genişləndirdi. Adamlar qəzetdə oxuyub, radioda etdiklərini ekranda seyr etməklə "yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır” məsəlinin doğruluğuna bir daha əmin oldular.
Son illərdə isə ölkəmizdə yeni televiziya kanallarının ixtisaslaşmış şəkildə fəaliyyət göstərməsini müşahidə edirik. Bu günlərdə Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli də Azərbaycanda ixtisaslaşmış televiziya kanallarının açılmasının özünü doğrultduğunu deyib.
Onun sözlərinə görə, xüsusən mədəniyyət kanalının, idman kanalının və xəbər kanallarının açılması teleradio məkanına yeni bir nəfəs gətirdi:
"Biz bunu artıq hiss edirik. Ona görə də bu tipli kanalların, xüsusən də xəbər kanallarının açılmasında maraqlıyıq. İndiki dövrdə informasiya cəmiyyətində xəbər kanallarının, müasir maddi-texniki bazaya malik və informasiya texnologiyalarının üstünlüklərindən istifadə edən kanalların açılmasında maraqlıyıq”.
Bəs, hazırda Azərbaycanın televiziya məkanında başqa hansı ixtisaslaşmış kanalların yaradılmasına ehtiyac var? Ekspertlər ölkəmizdə xəbər və idman kanallarının fəaliyyətini qənaətbəxş hesab edirlər. Onların fikrincə, daha çox izlənilən kanallardan biri də məhz idmanla bağlıdır.
Tanınmış teletənqidçi, BDU-nun professoru Qulu Məhərrəmli Azərbaycanda ixtisaslaşmış kanalların yaradılmasına ehtiyac olduğunu deyib. Professor bildirib ki, Azərbaycanda mədəniyyət və idman kanallarından öncə, təhsil və maarif kanallarının yaradılması zəruridir: "Çünki bütün dünya bunun üzərində dayanır. Nüşirəvan müəllim yeni kanalların açılmasının müsbət tendensiya olduğunu düzgün vurğulayıb.
Bu kanalların media məkanına yeni rəng qatdığı bir həqiqətdir. Amma mədəniyyət kanalında normal verilişlər nümayiş edilir, idman kanalları da çalışır ki, özünü doğrultsun. Hələlik isə bu kanalların işini yüksək qiymətləndirmək elə də mümkün deyil. Yalnız musiqi kanalı olan "Muz TV” öz işinin öhdəsindən yaxşı gələ bilir. Bu kanalda yaxşı musiqi blokları verilir, maraqlı proqramlar nümayiş olunur. "Muz TV”-də həmçinin dünya musiqisi ilə tematik musiqi blokları hazırlanır. Bütün bunlar çox müsbət amildir.
Düşünürəm ki, indiki halda Azərbaycan televiziyalarında yüksək səviyyəli və peşəkar şəkildə fəaliyyət göstərən elm, təhsil və maarif proqramlarının açılmasına ehtiyac var. Təsəvvür edin ki, Yaponiya kimi inkişaf etmiş ölkənin televiziya kanallarında 2-ci yerdə elm və təhsil proqramları yer alır.
Yəni kommersiya məqsədi olmayan, gəlir əldə etməyi nəzərdə tutmayan, yalnız və yalnız millətin, cəmiyyətin inkişafına yardımçı olacaq elm və təhsil kanallarının fəaliyyət göstərməsi lazımdır. Hesab edirəm ki, bu kanal ya İctimai Televiziyanın, ya da "AZTV”-nin nəzdində açılsa çox yaxşı olardı. Həmçinin bu proqramların yalnız televiziyada yox, radioda da səslənməsi lazımdır. Çünki hazırkı durumda auditoriyaya xidmət göstərən ixtisaslaşmış radio kanallarının da fəaliyyəti əsasdır”.
"Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin sözlərinə görə, ixtisaslaşmış televiziya kanalları bütün dünyada fəaliyyət göstərir və ölkəmizdə də belə kanalların olması normaldır: "Çünki insanlar informasiyanı əldə etmək üçün daha konkret bir məkan axtarırlar, onlara lazım olan istiqaməti seçməyə cəhd göstərirlər. Bugünkü müasir insanın vaxtı yoxdur ki, saatlarla telekanalları izləsin, gərəksiz olan informasiyanın nə zaman veriləcəyini gözləsin.
Əgər söhbət informasiya və kommunikasiya texnologiyalarının inkişaf etdiyi, internet resurslarının çoxaldığı bir dövrdə televiziyaların rəqabət qabiliyyətinin artırılmasından gedirsə, şübhəsiz ki, ixtisaslaşmış telekanallar günün sosial sifarişidir. Nuşirəvan müəllimin səsləndirdiyi fikirlərə də tamamilə haqq qazandırmaq olar. Azərbaycanda yeni modellərin daha geniş şəkildə tətbiq olunması istiqamətində yeni xəbər kanalının olacağı barədə fikirlər səsləndirilib. Bunu çox normal qəbul edirəm. Düşünürəm ki, artıq müəyyən bir zaman kəsiyindən sonra yeni model müxtəlif telekanallarda tətbiq olunmağa başlayacaq”.
Televiziyaların maddi-texniki bazasının inkişaf etməsi məsələsinə gəldikdə isə E.Mirzəbəyli vurğulayıb ki, dövlət büdcəsindən maliyyələşən telekanalların maddi-texniki bazası kifayət qədər inkişaf edib:
"Özəl telekanallarda isə müəyyən qədər fərqli mənzərə var. Onlardan bir qismi dövlətin telekanallara verdiyi dəstəkdən səmərəli şəkildə istifadə edərək texniki bazalarını gücləndiriblər və efirləri kifayət qədər keyfiyyətli, müasir dövrün tələblərinə uyğundur. Lakin televiziyalar da var ki, bu tələblərə qətiyyən uyğun gəlmir, avadanlıqlar köhnəlib və müasir dövrdə indiki televiziyalar arasındakı rəqabət prosesində kifayət qədər zəif görünürlər. Bütün bunlar zamanla öz həllini tapa biləcək problemlərdir. Amma birmənalı şəkildə bu gün idman, mədəniyyət və xəbər kanallarının ən yüksək standartlara cavab verdiyini söyləməyə çətinlik çəkirəm. Təbii ki, televiziya kanalları müəyyən qədər özünü doğruldub. Bildiyim qədəri ilə idman kanalını yalnız Azərbaycandan yox, bir çox ölkələrdən izləyirlər. Hətta bu barədə dəqiq məlumatım var ki, Mərkəzi Asiyada, türkdilli dövlətlərdə məhz idman verilişlərini əsasən ölkəmizin idman kanallarından izləyirlər. Mədəniyyət kanalı ilə bağlı bu fikri tam şəkildə deyə bilmərəm. Çünki bu kanalın uğurlu layihələri olduğu kimi uğursuz layihələri də olur. Azərbaycan Dövlət Televiziyasında gənc rəhbərlik var və yaxşı komanda formalaşdırılır. Ümid edirəm ki, bu istiqamətlərdə islahatların aparılması prosesi həyata keçiriləcək. Ölkəmiz televiziya sahəsində təcrübə qazanır və düşünürəm ki, zamanla bu təcrübə daha da genişlənəcək. Birmənalı olaraq hər şeyin ideal səviyyədə olduğunu demək də düzgün olmazdı. Hələ görüləcək çox işlər var. MTRŞ-nin bu istiqamətdə fəaliyyətini və stimullaşdırıcı addımlarını çox yüksək qiymətləndirirəm”.
"Jurnalist Araşdırmaları Mərkəzi”nin rəhbəri Seymur Verdizadə bildirib ki, dünya praktikasında sahəvi telekanalların yaradılması və efir məkanında özlərinə yer tutmaları çoxdan adi hala çevrilib:
"Azərbaycanda televiziya izləyicilərinin əksəriyyəti idman, film, tarix, coğrafiya və başqa sahələr üzrə ixtisaslaşmış əcnəbi telekanalların verilişlərinə maraqla baxırlar. Yəni profil telekanallarının sabit auditoriyası var. O baxımdan, Azərbaycanda Mədəniyyət və İdman kanallarının yaradılması normaldır. Mən sosial şəbəkələrdə verilən reaksiyalardan görürəm ki, Mədəniyyət kanalındakı verilişlərin məzmunu və səviyyəsi qaneedicidir. O cümlədən, İdman Azərbaycan kanalına da müəyyən tələbat var. Hər halda, bir çox idman növləri üzrə keçirilən yarışlar, canlı yayımlar bu kanalın da sabit auditoriyasını formalaşdırıb. Əlbəttə ki, bütün media quruluşları kimi adlarını çəkdiyimiz kanalların da təkmilləşmək istiqamətində səy göstərmələri zəruridir. Bayaq da qeyd etdiyim kimi, Azərbaycan tamaşaçısı xaricdən yayımlanan telekanallarda sırf informasiya, tarix, coğrafiya, texnologiya, səyahət, ekstremal idman haqqında verilişlərə maraqla baxırlar. Azərbaycanda da bu tip kanalların yaradılması pis olmazdı. Ancaq indiki şəraitdə bunun nə dərəcədə mümkün olduğunu deyə bilmərəm”.
Yeganə Bayramova
(davamı olacaq...)