İyun görüşündən iki gözlənti var...

“Ermənistan yenə öz ampluasında qalsa, Azərbaycan konkret seçimini edəcək”



"Prezidentlərin ehtimal olunan iyun görüşünə və görüşün müsbət nəticə verəcəyinə böyük ümid bəsləmək lazım deyil”. Bunu "Şərq”ə açıqlamasında Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev deyib. Politoloqun fikrincə, görüşün baş tutması üçün ilk öncə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin bir araya gəlməsi və növbəti görüşə zəmin yaratmaları lazımdır:

"Növbəti görüşün reallaşması üçün Azərbaycan tərəfi üzərinə düşən hər şeyi maksimum şəkildə həyata keçirir. Ölkəmiz gərginliyə baxmayaraq, cəbhə xəttində atəşkəsə riayət edir və ermənilərin görüşə gəlməmək üçün əlinə heç bir bəhanə vermir. Cığal ermənilər atəşkəsin pozulmasını bəhanə edərək görüşdən qaça bilərlər. İndi vəziyyət bir qədər fərqlidir. Həmsədrlər görüşə hazırlaşırlar. Ümumiyyətlə, dünyada Dağlıq Qarabağ münaqişəsi ilə maraqlanan nə qədər güclər varsa, hamısı iyun görüşünün baş tutmasını gözləyir”. E.Mehdiyev bildirib ki, iyun görüşündən iki gözlənti var: "Azərbaycanın gözləntisi odur ki, erməni tərəfi torpaqlarımızı boşaltmaq istiqamətində razılığa gəlsin. Aprel atəşkəsinə imza atmağımızın əsas səbəbi də budur. Ancaq erməni hakimiyyəti məsələni mümkün qədər uzatmağa, ən pis halda isə nəticəsiz görüşə çalışır. Görünür, Serj Sarkisyan qalan prezidentlik müddətini münaqişəni dondurmaqla başa vurmaq istəyir. Əgər Ermənistan iyun görüşündə də öz ampluasında qalsa, Azərbaycan konkret seçimini edəcək”.

İsmayıl