" “JEK”lərin mərhələli şəkildə ləğv edilməsi mümkündür"





"Mənzil İstismar Sahələrinin (JEK) ləğv edilsə, bu qurumların yerinə alternativ təklif etmək mümkün olmur”.

Bun sözləri "Sherg.az”a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib. 

Onun sözlərinə görə, insanlar yaşadıqları mənzilin mülkiyyət hüququnu öz əllərinə götürmək istəmirlər:

"Binalara idarəni sakinlərə verdikdə isə özbaşınalıq baş qaldırır. Yeni tikilən binaların idarəsi sakinlərin əlinə keçərsə, hərə öz məqsədi üçün istifadə edəcək. Kimisi balkonunu uzadacaq, kimisi evini şüşəbənd edəcək və s. Bizdə birlikdə yaşamaq mədəniyyəti, kooporativ şəklində binanın idarə edilməsi təcrübəsi formalaşmayıb. Ona görə, birbaşa "JEK”lərin ləğv edilməsinin əleyhinəyəm”.

S.Məmmədov əlavə edib ki, Sovet dövründə mövcud olan kooporativlər sakinlərin idarəçiliyinin səmərəsiz olduğunu göstərir:

"Bu baxımdan, "JEK”lərin mərhələli şəkildə ləğv edilməsi mümkündür. Mənzil mülkiyyətçilərinin qurumu yaradıla bilər. Həmin qurumlar "JEK”lərlə müqavilə bağlayıb, binaların ümumi mülkiyyətdə olan hissələrini idarə edə bilərlər. Bu şəkildə başlanılsa hansısa addım atmaq olar. Ümumilikdə isə, mənzil istismar sahələrinin ləğv edilməsinə, özünüidarə sisteminin tətbiqinə əhali hazır deyil”.

Aysel Aslan