Aydın Quliyev: “Bu, Azərbaycan milli jurnalistikasının tərəqqisində yeni bir mərhələ olacaq”
Şamil Vəliyev: “Məsələnin qoyuluşu çox şeyi açıqlayır”
"Bakı Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində oxuyan tələbələrin xaricdəki nüfuzlu ali məktəblərə təhsil almağa göndərilməsi məqsədəuyğundur”.
Bu barədə sözügedən təhsil ocağında "Azərbaycan milli mətbuatı - 140: "Əkinçi” ənənələri və müasir jurnalistika” mövzusunda keçirilən elmi-praktik konfransda çıxışı zamanı Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. O qeyd edib ki, həmin tələbələrin xarici ölkələrdəki aparıcı ali məktəblərə göndərilməsi üçün Dövlət Proqramı da qəbul edilə bilər: "Bu, jurnalistikamızın inkişafı baxımından vacibdir”.
Bunun çox gərəkli proqram olduğunu söyləyən "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev "Şərq”ə açıqlamasında vurğulayıb ki, müvafiq dövlət instansiyaları, o cümlədən Təhsil Nazirliyi (TN) bu işə diqqət göstərə bilər: "Güman edirəm ki, Nazirlik MŞ-nin təklifi əsasında cənab prezidentin qarşısında belə bir məsələnin həlli üçün zəruri addımların atılması barədə təşəbbüs qaldıracaq. Çünki qeyd etdiyimiz proqram çox böyük əhəmiyyətə malikdir. Əvvəla, bu yolla jurnalistlər arasında xarici dil bilən xüsusi bir korpusun yetişməsinə nail ola bilərik. Digər tərəfdən bu kadrlar yazı adamları olduqları üçün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən populyar media orqanlarında milli ruhda yazılar dərc etdirə bilərlər. Bir sözlə, bu, Azərbaycan milli jurnalistikasının tərəqqisində yeni bir mərhələ olacaq”.
Baş yazarın sözlərinə görə, sözügedən tələbələrin xaricdə təhsil alması ilə çoxdan arzuladığımız jurnalistlərin ixtisaslaşması məsələsini reallaşdıra bilərik: "Xaricə göndərilən jurnalistlər ölkəmizə müxtəlif sahələr üzrə biliklərlə qayıdacaqlar. Bir sözlə, bunu çox müsbət dəyərləndirirəm. Ümidvaram ki, cənab prezident bu işə lazımi diqqət göstərəcək və müəyyən qərar qəbul olunacaq”.
BDU-nun Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev hesab edir ki, məsələnin qoyuluşu çox şeyi açıqlayır: "Bu addım nəzəri və praktik cəhətdən jurnalistikamızın işinə müsbət təsir göstərə bilər. Başqa ölkələrdə olan kommunikasiya nəzəriyyələri, yeni elmi bilik və dərsliklərin Azərbaycana gətirilməsi baxımdan yaxşı addımdır. Çoxdillilik jurnalistikamızda ona görə faydalıdır ki, biz beynəlxalq kommunikasiya arenasına çıxa bilərik. Lazımi məlumatı dünyaya daha asan və tez çatdıra bilərik. Bu, hər birimizin uğurudur və ölkə jurnalistikasının inkişafına müsbət təsir göstərə bilər”.
"Azvision”.az saytının baş redaktoru Vüsal Məmmədov isə proqramın mahiyyətini bu cür izah edib: "Jurnalistliyin üç tərəfi var: savad, texnika, istedad. Xaricdə oxumaq və görüb-götürmək savadı, texnikası olan jurnalistlərimizin yetişməsinə yardım edə bilər. Amma jurnalistlik - həm də yazmaq qabiliyyətidir. Azərbaycan dilində aydın, səlis və savadlı yazmağı bacarmayan adam istəyir lap "Harvard”ı bitirsin, xeyri yoxdur. Məncə, bu ikisinin arasında balansı gözləmək lazımdır. Əgər həqiqətən də yazmaq istedadı olan, dilin incəliklərini bilən gənclər gedib xaricdə nəzəri və texnoloji biliklər alacaqlarsa, bunun böyük xeyri ola bilər. Əks halda, mənası olmayacaq”.
Ayyət Əhməd