Ələsgər Məmmədli: “Topdansatış depolarında, kim bu dərmanları apteklərə verirsə, ilk olaraq onlar qiyməti yüksəldir”
Jurnalistin atasına 80 qəpiklik dərmanı 9 manata satmaq istəyiblər
Adil Qeybulla: “Problemin kökündən həlli dərman bazarında monopoliyanın kökünün kəsilməsi və bazarın sərbəst buraxılmasıdır”
Ələsgər Məmmədli: “Topdansatış depolarında, kim bu dərmanları apteklərə verirsə, ilk olaraq onlar qiyməti yüksəldir”
Ələsgər Məmmədli: “Topdansatış depolarında, kim bu dərmanları apteklərə verirsə, ilk olaraq onlar qiyməti yüksəldir”
Jurnalist Sevinc Vaqifqızı feysbuk səhifəsində apteklərdəki süni qiymət artımından şikayətlənib. Həmkarımızın yazdığına görə, əczaçı 80 qəpiklik dərmanı atasına 9 manata satmaq istəyib: "Atam adəti üzrə şəkər xəstəliyi üçün dərman almaq üçün aptekə gedib. Amma dərmanı əvvəlki qiymətindən baha deyiblər.
Kişi də deyib ki, mən dediyin pulu sənə verirəm, amma mənə qəbz verəcəksən. Sabah Səhiyyə Nazirliyinin "qaynar xətt”inə zəng edəcəm. Əgər zəngdən sonra sənə problem yaranacaqsa, bəri başdan düzgün qiyməti de. Satıcılar əl-ayağa düşüblər, təzədən kompüterə baxıblar və atama 9 manata dediyi dərmanı 80 qəpiyə verib”.
Apteklərin qiymət siyasəti ilə bağlı danışan tibb elmləri doktoru Adil Qeybulla ilk olaraq Dövlət Proqramına uyğun olaraq, şəkərli xəstələrin dərmanlarının dövlət tərəfindən təmin olunmasına diqqət çəkib: "Həmçinin şəkərli diabetlə yanaşı, xroniki böyrək çatışmazlığı, hemofiliya və talassemiya, onkoloji, irsi qan xəstəliyinə düçar olmuş xəstələr pulsuz dərmanlarla təmin olunur. Əslində poliklinikanın nəzdində apteklər var ki, indiyə qədər diabet xəstələri dərmanlarını onlardan alırdılar. Bu dərmanların adları siyahıda olur və ehtiyacı olan xəstələr pulsuz olaraq onlardan yararlanırdı. Dərmanların paylanmasına da ciddi nəzarət var. Amma bəzən xəstələr dərmanları almaq üçün fərqli- fərqli apteklərə üz tuturlar. Həmin apteklər poliklinikanın nəzdində olmadığı üçün də pulunu ödəməli olurlar”.
Apteklərdəki qiymət artımına gəldikdə isə ekspert deyib ki, 2-ci devalvasiyadan sonra bu qiymət artımının müşahidə olunacağı qaçılmaz idi. Çünki manatın dəyərdən düşməsi fonunda dərmanların qiyməti standart qala bilməzdi. Sadəcə olaraq, bəzən sahibkarlar devalvasiyadan sui-istifadə edib süni qiymət artımına gedir və qiymətləri qeyri-adekvat qaldırırlar. Bu isə təbii olaraq insanların cibinə uyğun gəlmir.
Apteklərdəki süni qiymət artımına qarşı aidiyyəti qurumlar tərəfindən nəzarət olunduğunu vurğulayan A.Qeybulla deyib ki, aptek şəbəkəsində işləyən insanların da bu məsələyə vicdanla yanaşması əsas şərtdir. Sahibkarlar özlərinə ziyan verməyəcək şəkildə vətəndaşların da maraqlarını nəzərə almalı və ən azından dərmanlar üçün adekvat qiymətlər müəyyən etməlidirlər.
Ekspert deyib ki, apteklərdə yol verilən süni qiymət artımının qarşısını almaq üçün vətəndaşlar aidiyyəti qurumla əməkdaşlıqda maraqlı olmalı, rastlaşdıqları, müşahidə etdikləri qanunsuz hallar barədə dərhal qaynar xəttə məlumat verməlidirlər: "Sözün düzü, 80 qəpik dəyərində olan bir dərmanın 9 manata satılması mənə inandırıcı görünmür. Ola bilsin ki, həmin dərmanın qiymətini hansısa formada artıran satıcı alıcının xəbərdarlığından ehtiyatlanıb və hadisə böyüməsin deyə onu havayı qiymətə verib. Onu da deyim ki, qiymət artımı daha çox dərman bazarlarında olur. Apteklər dərmanın üzərinə 18 faiz gəlir vergisi qoya bilir”.
Ümumilikdə süni qiymət artımına görə məsuliyyəti monopolistlərin üzərinə atan ekspert deyib ki, biz problemi araşdıran zaman əsas səbəbkarları unutmamalıyıq: "Dərman bazarını monopoliyaya alan şəxslər qalıb bir kənarda. Heç kəs onlar haqqında danışmır. Vətəndaşlar birbaşa apteklərlə kontaktda olduğu üçün günahkar olaraq onları görürlər. Halbuki onları bu artıma monopolistlər vadar edir”.
A.Qeybullanın sözlərinə görə, süni qiymət artımının qarşısını almaq üçün dövlət monopoliyanı sıradan çıxarmalı və bir müddət dərmanların ölkəyə gətirilməsini öz əlinə almalıdır. Proses bir müddət nəzarətdə saxlanılarsa, hansısa müsbət nəticələr əldə etmək olar: "İkinci variant isə icbari tibbi sığortanın tətbiqini sürətləndirməklə müvafiq dərmanların sığorta paketinə salınmasıdır. Problemin kökündən həlli isə dərman bazarında monopoliyanın kökünün kəsilməsi və bazarın sərbəst buraxılmasıdır. O zaman sərbəst bazar rəqabətində dərmanların necə ucuz qiymətə satıldığının şahidi olacağıq”.
Hüquqşünas Ələsgər Məmmədli isə hesab edir ki, yaranmış vəziyyətin əsl məsuliyyəti Səhiyyə Nazirliyinin üzərindədir: "Həmin adamın əczaçıdan çek tələb etməsi təqdirəlayiq haldır. Hesab edirəm ki, apteklərdə dərmanın baha olması ilə bağlı halla rastlaşan hər bir vətəndaş aldığı çeki götürərək, nazirliyə müraciət etməlidir. Səhiyyə Nazirliyi bu şikayətə baxıb, mütləq cavab verməli, tədbir görməlidir”.
Hüquqşünas tənzimlənməyən dərman qiymətlərində bu prosesin fərqli olduğunu diqqətə çatdırıb: "Topdansatış depolarında, kim bu dərmanları apteklərə verirsə, ilk olaraq onlar qiyməti yüksəldir. Ümumiyyətlə, dərmanların ölkəyə gətirilməsi monopoliyadadır. Hər adam ölkəyə dərman gətirə bilmir. Dərman depolarına, bu işlə məşğul olan qurumlara Səhiyyə Nazirliyi lisenziya verirsə, onlara cavabdeh də bu qurum olmalıdır. Əgər onlar qiyməti artırırsa, buna ilk növbədə nazirlik reaksiya verməli, süni qiymət artımı ilə onlar mübarizə aparmalı və yaxud qiymət artımını əsaslandırmalıdır”.
Şəymən