Parlamentdən xəbəri tez çatdırmaq uğrunda mübarizə getdiyinə görə yazılarda nöqsanlar ola bilər
Parlamentin sədri Oqtay Əsədov Milli Məclisin plenar iclaslarını işıqlandıran jurnalistlərə "diqqətli olun” çağırışı edib.
Deputatların çıxışının təhrif edilərək kontekstdən çıxarıldığını iddia edən O.Əsədov deyib: "Milli Məclisdə akkreditasiya edilən jurnalistlər, xahiş edirəm, bu məsələdə diqqətli olun. Burada deyilən sözləri olduğu kimi verin. Cümlələri kontekstdən çıxarmaq lazım deyil”.
"Report" informasiya agentliyinin parlament müxbiri İlkin Pirəli "Şərq”ə açıqlamasında Oqtay Əsədovun fikirlərinə hörmətlə yanaşdığını deyib:
"Yəqin ki, Oqtay müəllim belə bir hal müşahidə edib ki, bunu deyir. Çünki spiker jurnalistlərlə həmişə hörmətlə davranıb. Hələ indiyədək hansısa jurnalistə Milli Məclisindəki hansısa deputatla, ümumilikdə parlamentlə bağlı yazısına görə xəbərdarlıq edildiyinin şahidi olmamışam. Parlament-media münasibətləri normal səviyyədədir. Təbii ki, Oqtay Əsədovun xüsusi rolu var.
İnanmıram ki, Milli Məclisdə akkreditasiyadan keçən jurnalistlərdən hansısa məqsədli şəkildə deputatların, spikerin çıxışlarını təhrif etsin. Tələskənlik nəticəsində təhrifə yol verilə biləcəyini ehtimal edirəm. Təhriflər daha çox parlamentdə akkreditasiyadan keçməyən bəzi jurnalistlərin yazılarında aydın görünür. Bütün hallarda diqqətli olmaq lazımdır, Oqtay müəllim də bunu tövsiyə edir”.
Azvision.az-ın parlament müxbiri Anar Kəlbiyev isə parlamentdə akkreditasiya edilən jurnalistlərin sayının çox olduğunu deyib. Xəbərləri isə operativ olaraq agentlik və saytların əməkdaşları yazır:
"Bu baxımdan xəbəri tez vermək baxımından müəyyən nöqsan ola bilər. Amma xəbərin kontekstdən çıxarılıb verilməsi, təhrif edilməsi düzgün deyil. Düşünürəm çox olmasa da, belə hallar olur. Yaxşı olar ki, bu kimi məsələlər nöqsana yol verən media orqanı əməkdaşının diqqətinə çatdırılsın. Şəxsən özümə gəldikdə isə belə hallara yol verməmək üçün diqqət edirəm”.
Şəymən