Jurnalistlərə böhtan atmayın!

“Reket jurnalistika”sı ifadəsi tam yanlış deyimdir
Xeyrəddin Qoca


Bəli, "reket jurnalistika” demək jurnalistlərə iftira atılması, onların gözdən salınması, hörmətsiz edilməsi məqsədini güdür. Çünki nə jurnalistika elmində, nə heç bir ölkədə, nə də heç bir dəftər -
kitabda "reket jurnalistika”sı ifadələri yoxdur və ola bilməz. "Jurnalist” sözünün qarşısına heç bir neqativ məna daşıyan söz demək mümkün deyil.

Hələ 30-40 il bundan əvvəl deyilib, yazılıb ki, jurnalist xalqın inandığı, etibarlı, möhtərəm bir insandır. Hətta arvad ərinə deyə bilmədiyi sirri jurnalistlərə söyləyir. Jurnalistlər həmişə xalqın xeyirxahı, köməkçisi olub.

Jurnalistlərə dövlət də inanır, onların yazdıqları bir felyetona görə məmurlar, vəzifəli şəxslər cəzalandırılır, məhkəmə qarşısında dayanırlar.

Jurnalist necə reket ola bilər ki? Onun silahı, topu, tapançası yox, zorlu qolu yox, mafiyası yox! Ümumiyyətlə, "reket” sözü jurnalistlərə aid ola bilməz. İyirmi-iyirmi beş il bundan əvvəl eşidirdik ki, reketlər filan benzin stansiyasına hücum edib, pul alıblar. Reketlər filan mağazanı soyublar. Reketlər filankəsdən borclu olduğu pulu alıb sahibinə qaytarıblar. Görürsünüz "reket” kimlərə deyilirdi!?

Soruşa bilərsiniz ki, bəs belələrinə nə deyək? Cinayət Məcəlləsində aydın göstərilib: Dələduz! Bunun üçün qanun var, məhkəmə var, məsuliyyət var. Jurnalistlərin təmiz adını batırmağa lüzum varmı?

Mənə elə gəlir ki, jurnalistləri hörmətdən salma "missiyası” xüsusi şəxslər tərəfindən həyata keçirilir və xüsusi məqsəd daşıyır. Dövlətin minlərlə, milyonlarla manat pulunu oğurlayanlara niyə "reket” demirlər? Əsl reket onların özü deyilmi? Niyə "reket polis”, "reket prokuror”, "reket hakim”, "reket rəis”, "reket direktor”... deyilmir?

Məqsəd jurnalistləri gücsüzləşdirmək, onların yazdıqlarını zərərsizləşdirmək, beləliklə bəzilərinin əl-qolunu açmasını asanlaşdırmaqdır. Jurnalistlər axı, belələrinin əl-ayağına dolaşırlar...

Rüşvətxor, qudurğan, dərisinə sığmayan, insanlara yuxarıdan aşağı baxan bəzi idarə-təşkilat rəhbərləri jurnalistləri ləkələməyə çalışırlar. Əsl reket isə onların özləridir!

Mən "reket” sözünü jurnalistlərin üzərindən götürmək üçün çox işlər görə bilərəm. Onu da görürəm ki, bəzi jurnalist təşkilatları bəzi jurnalistlərin "reket” adlandırılmasına rəvac verirlər, kimlərinsə mənafeyini qorumağa çalışırlar və beləliklə özləri-özlərini ləkələyirlər. Mən bu nalayiq sözü jurnalistlərə yaraşdırmağın əleyhinə olduğumu bir daha bəyan edirəm! Çünki jurnalist adlandırdığımız peşə sahibi reket ola bilməz!