“Jurnalistlərə dəstək üçün ƏDV ləğv edilməlidir”

Bəxtiyar Sadıqov: “Dövlətimizin imkanı varsa, kağız sarıdan bizə müəyyən güzəştlər və köməkliklər edilsin. Yoxsa bu media üçün çox çətin sınaq olacaq”


Milli Məclisin fevralın 1-də baş tutan plenar iclasında Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov mətbuat nümayəndələrini narahat edən problemlərdən danışıb. Şura sədri devalvasiya nəticəsində medianın üzləşdiyi problemlərdən bəhs edib və ölkəyə gətirilən qəzet kağızına, həmçinin, hazır çap məhsullarına tətbiq edilən ƏDV-nin ləğv olunmasını təklif edib:

"Devalvasiyadan sonra qəzet kağızının qiyməti 100 faiz, çap xərcləri isə 50 faiz artıb. Biz bu məsələyə qayıdaraq, durumu yaxşılaşdırmaq üçün mətbuat üzərindəki ƏDV-nin aradan qaldırılması məsələsini gündəmə gətirsək, çox yaxşı olar”.

Həmkarının qaldırdığı məsələyə münasibət bildirən millət vəkili, "Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov qeyd edib ki, dolların məzənnəsi qalxandan sonra ziyan çəkənlərdən biri də qəzetçilər olub: "Həm ulu öndər Heydər Əliyev, həm də cənab Prezident İlham Əliyev mətbuata daim diqqət və qayğı göstərib. Bu diqqətin içərisində həmişə medianın maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin həyat şəraitinin yaxşılaşdırılması, onların sosial rifahının gücləndirilməsi həmişə ön planda olub. Bu diqqət və qayğının əsas məqsədlərindən biri də, jurnalistlərin ölkəyə gətirilən çap materiallarının alınmasına güclərinin çatmamasıdır. ƏDV-nin mətbuata yenidən tətbiq edildiyindən xəbərim olmayıb. Çünki məzuniyyətdə idim. Hesab edirəm ki, Mətbuat Şurasının sədri çox düzgün addım ataraq, bu məsələni gündəmə gətirib. Həm metal təbəqə, həm də kağız Azərbaycanda istehsal olunmur. Xaricdən gətirilir. Kənardan gətirilən məhsullar isə dollarla alınır. Belə olan halda istehsala çəkdiyimiz xərc də artır. Qəzetin də maya dəyəri qalxır. Mətbəənin qiymətləri qaldırması, kağızların bahalaşması alıcıya da, qəzetin satışına da təsir göstərir. ƏDV-nin artırılması bizim üçün əlavə maliyyə yükünə çevrilir. Hesab edirəm ki, bunu yenidən bərpa etmək lazım deyildi. Jurnalistlərə dəstək üçün ƏDV ləğv edilməlidir. Üstəlik, dövlətimizin imkanı varsa, kağız sarıdan bizə müəyyən güzəştlər və köməkliklər edilsin. Yoxsa bu media üçün çox çətin sınaq olacaq”.

Baş yazar onu da əlavə edib ki, qəzetlərin qiymətini qaldırmaq üçün tələsmək lazım deyil: "Oxucularımızı da nəzərə almalıyıq. Hər dəfə qiymət qalxanda oxucularımızın da müəyyən qismini itirmiş oluruq. Bu cür addımlar bəzən bizi vadar edir ki, qəzetin maya dəyəri yüksələndə biz də məhsulumuzun satış qiymətini bahalaşdıraq”.

Ayyət Əhməd