Kabab şəkli paylaşmanın nə mənası var ki?..

Müğənnilər sosial mediadan bir-birinə silah kimi istifadə edirlər
“Mən sosial mediadan aktiv istifadə etdiyim halda 75 min izləyicim var. Amma müğənni var, gecə-gündüz instaqramdan çıxmır, amma izləyəni də yoxdu”
Sosial media həyatımızın bir hissəsinə çevrilib. Bu gün işgüzar insan da, ev xanımları da, uşaqlar belə sosial mediadan az qala asılı vəziyyətə düşüblər. Hətta sosial mediadan istifadə bəzən eyni evdə yaşayanların ünsiyyətinə təsirini göstərib. Bir evdə yaşayan ər-arvad, valideyn-övlad arasında bağlılıq qopub. Hərə telefonda evin bir güncündə oturub orada baş verənlərlə daha çox maraqlanırlar.

Bu da ailədə ünsiyyətə təsirini göstərmiş olur. Başqa bir məqamı da vurğulamaq lazımdı. Sosial mediadan səmərəli istifadə edə bilirikmi? Sosial media tanınmışların da vazkeçilməzi olub. Burda oturan məşhurlar sosial mediadan hərə bir maraq dairəsində istifadə etməyə çalışır.

Müğənni Nadir Qafarzadənin şəxsi instaqram səhifəsində paylaşımı da diqqət çəkdi. Müğənni bir çox həmkarlarını sosial mediadan mənasız istifadəsinə görə qınadı. "Bir toya gedir, oradan müxtəlif görüntülər çəkirlər. Həmin fraqmenti müxtəlif rakurslardan bir həftə səhifəyə qoyurlar. Guya başqa-başqa şadlıq evlərindədirlər. Çıxıb dəhlizdə şəkil çəkdirirlər. Elə olur, bir toyda 3 dəfə paltarını dəyişir ki, instaqramda 3 gün paylaşsın. Kişilər pencəyini dəyişirlər, oldu başqa toy. Toy var indi? Məclisi olan heç vaxt özünü reklam etmir”.

Nadir sosial şəbəkədə yemək fotosu paylaşanları da qınayıb: "Manqal qalamısan, kabab yeyirsən, ye də. Kabab yoxdur heç yerdə? Bunu camaata niyə göstərirsən? 5 aydan bir əlinə ət düşüb, onu çəkib göstərir. Camaat gündə qızıl, brilliant yeyir, onu göstərmir. Elə insanlar var ki, ona pul birdən gəlir və çaşır, sağını-solunu görmür. Elə bil ki, dünyada bircə budur”.

Nadirin bu paylaşımına həmkarlarının münasibəti də maraqlı gəldi. Azərbaycanlı məşhurlar sosial mediadan nə dərəcədə səmərəli istifadə edə bilirlər? Sosial media sənətçilərin piarına nə dərəcə təsirini göstərir? Şəxsi profillərində tanınmışların təamları çəkib göstərməsi nə dərəcə məntiqli görünə bilir?

Suallarımıza müğənni Vasif Məhərrəmli cavab verdi: 

"Bəlkə də ilk dəfədir, Nadirin fikirləri ilə tam razıyam. Bəli, bu gün bir çox müğənnilər sosial mediadan səmərəli, düzgün istifadə etmək mədəniyyətinə sahib deyillər. Mən də sosial mediadan istifadə edənlərin yemək masalarını, təamları paylaşım etmələrinin əleyhinəyəm. Bilirsiz, bu heç də etik görünmür. İmkan qədər çalışıram ki, buna diqqət yetirim. Bir var konkret olaraq masada olan yeməklərin şəklini çəkib paylaşasan, bir də var ki, sən hər hansı məclisdəsən, dostlarla şəkil çəkirsən, masanın qarşısında dayananda avtomatik masa da şəkildə görünə bilər. Kimsə kabab çəkir, bunu paylaşmaq nəyə lazım. Elə insan var ki, buna imkanı çatmaya bilər. Ona görə də bu məqamları diqqətdən qaçırmaq olmaz. Amma istisna məqamlar ola bilər. Tutaq ki, hər hansı xarici ölkədə olanda maraqlı bir yemək çeşidi masaya gəlir, həm də nəfis dekorla, bunu paylaşmaq istəyirsən. Çünki o qədər zövqlə təam dekor olub ki, istəyirsən paylaşasan ki, bəlkə bizdə də bunun kimi restoranlarda servis xidməti göstərə bilərlər. Ya da bəziləri maşınlarını sosial şəbəkədə göstərir. Bunun da eleyhinəyəm. Ən bahalı maşınlardan biri məndədi. Bəlkə də ilk sürənlərdən biri mənəm. Amma bu günə qədər maşınımı sosial mediada göstərməmişəm.

Onu göstərmək dar düşüncənin göstəricisidir. Vallah, elə müğənnilər var ki, heç o qədər populyar deyil, amma yaşayışı, həyat tərzi milyonçunun həyat tərzidi. O bunu eləmir. Siz niyə özünüzü bu qədər görməmiş kimi təqdim edirsiz? Qaldı bir toyda iki libas dəyişib eyni toydan bir neçə paylaşım edənlərə, mənə elə gəlir ki, bu daha çox xanım müğənnilərə aiddi. Bir ayda iki geyim geyinirlər, sonra da instaqramda paylaşmağa başlayırlar ki, guya ay ərzində bütün günü toydadırlar. Yəni sosial mediadan yalançı şəkildə piar üçün də istifadə edirlər. Guya, toyların çoxdu? Bir də sosial mediadan özlərini bahalı müğənni kimi təqdim edənlər var. Sən öz qiymətini yuxarı qaldıranda Röya olmursan axı. Röyaya verilən məbləğ də sənə verilməyəcək. Bir az real ol, sən toya hansı qiymətə gedirsənsə, o qiyməti de. Niyə özünü gülünc vəziyyətə qoyursan? Tutaq ki, sən yarım saata 2500 ayda 10 toy tuta bilərsən, amma qiyməti etmisən 5 min. Səni kim toya aparar? Elə o pulu verən 1000 manat da üstünə qoyub Röyanı toya gətirər də, dəlidi o qədər pul versinlər. Müğənnilər sosial mediadan biri-birinə qarşı silah kimi istifadə edirlər. Mən sosial mediadan aktiv istifadə etdiyim halda 75 min izləyicim var. Amma müğənni var, gecə-gündüz instaqramdan çıxmır, amma izləyəni də yoxdu. Müğənni ifası ilə tələbat yaradar. Sosial mediadan düzgün istifadə etmənin tərəfindəyəm”.

Müğənni Nazənin də bəzi həmkarlarını qınadı:

 "Bir çox müğənnilərimiz sosial mediadan səmərəli istifadə etmirlər. Sosial media sənətçiyə yaradıcılığını, gördüyü layihələri piar etmək üçün çox əlverişli vasitədir. Amma bəzən həmkarlarımız sosial mediadan daha çirkin niyyətlər üçün istifadə edirlər. Kim kimi sevmirsə, onunla düşməndisə, sosial mediada saxta profillər vasitəsilə digərini təhqir edir, ünvanına xoşagəlməz rəylər yazır. Sosial mediadan yaxşı mənada piar üçün istifadə etmək, oradan müəyyən məlumatlar əldə etmək olar. Şəxsən mən öz işlərimi, mahnılarımı, ya da müəllifi olduğum verilişdən görüntüləri sosial mediada təqdim etməyə üstünlük verirəm. Bir də bəzən sosial mediadan saxta profillərlə düşmənlik edib mənim də ünvanıma rəylər yazdırırlar. Bu həm də sifarişlə olur. Yəni bəzi müğənnilər sifarişlə də başqa birisini təhqir etməyə maraqlı olurlar. 

Baxırsan ki, profili yeni açıb. Səni qaralayıb. Başa düşürsən ki, niyyəti təhqir etməkdi. Mənə qarşı da belə çirkin piarlar aparılıb. Mənim onlara yazığım gəlir. Çünki işləri də yox, yaradıcılıqları da boş. Mənim belələrinə vaxtım qalmır. Mən sənətimlə, bir də ailəmlə məşğulam. Qaldı müğənnilərin bir toyda iki libas geyinməyinə, təbii ki, istisna hallar ola bilir. Biz sənətçilər hər bir vəziyyətə hazır olmalıyıq. Bir misal çəkəcəm, toyda geyindiyim geyimin tikilişi söküldü. Mən geyimimi dəyişmək məcburiyyətində qalmışam. Yaxşı ki, maşında əlavə geyim var idi. Yəni müğənninin hər zaman ehtiyatda bir dəst geyimi olmalıdı. Amma əda olsun deyə bir toyda iki geyim geyinmirəm. Qaldı instaqramda, digər sosial şəbəkələrdə təamların, yeməklərin şəklini paylaşmağa, mənə elə gəlir ki, imkan qədər bunu etməməyə çalışaq. Çünki orda olan insanların kasıbı da var. Onların nəfsi çəkə bilər. Bu günahdı. Sosial mediadan istifadə etmək mədəniyyəti formalaşmalıdı. Bizdə bu hələ tam formalaşmayıb”.

Tahirə