Kaladzenin fikirlərində ziddiyyətlər var

Gürcü nazir nəhayət anlayıb ki, ən sərfəlisi Azərbaycan qazıdır



"Gürcüstan hökuməti SOCAR və "Şahdəniz” konsorsiumu ilə danışıqları davam etdirir. Əgər danışıqlar müsbət nəticələnərsə, Gürcüstan Rusiyadan əlavə qaz almaq məcburiyyətində qalmayacaq”.

Bu barədə Gürcüstanın energetika naziri Kaxa Kaladze bildirib. O qeyd edib ki, SOCAR-la aktiv şəkildə danışıqlar aparırlar: "Təbii ki, konsorsiumla da mütəmadi əlaqədəyik. Danışıqların predmeti "Şahdəniz” kəməri ilə əlavə həcmdə qazın nəql olunmasıdır. Düşünürəm ki, biz bu barədə razılıq əldə edə biləcəyik. Belə olarsa, Rusiyadan əlavə həcmdə qaz almağa ehtiyac qalmayacaq”.

Gürcü nazirin açıqlamasına münasibət bildirən Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban "Şərq”ə bildirib ki, K.Kaladzenin fikirlərində ziddiyyətli məqamlar var: "O, bir müddət öncə İranda iki günlük səfərdə oldu. Səfərdən çox yaxşı əhval-ruhiyyə ilə qayıtmışdı. Qeyd edirdi ki, 200 milyon kubmetr İran qazı Gürcüstana nəql olunacaq. Düzdü, Tehranda söyləndi ki, qaz Ermənistan üzərindən daşınacaq. Lakin Kaladze bunun marşrutunun seçilmədiyini və daşınmanın Azərbaycan üzərindən də ola biləcəyini dilə gətirdi”.

Ekspert diqqətə çatdırıb ki, nazir əlavə qaz həcmləri deməklə regiondakı bütün ölkələrin diqqətini Gürcüstana cəlb etmək və onlar arasında süni rəqabət yaratmaq istəyir: "Nazir artıq anlayır ki, ən sərfəlisi Azərbaycandır. Digər ölkələrin şərtləri daha ağırdır. Kaladzenin müavini iki gün öncə bir açıqlama verdi. Bildirdi ki, İran qazı Gürcüstana daşınarsa, bu, Tiflisə Rusiya və Azərbaycan qazından baha başa gələcək. Gürcü ekspertlər də iddia edirlər ki, Tehran qazını Gürcüstana Azərbaycan qazından 25 faiz baha satacaq. Bu da Tiflis üçün səmərəli deyil. Kaladze da bunu başa düşür və çıxıb açıqlama verir”.

Ayyət Əhməd