Kameradan gizləndi...

Səddam oğru kimi tanınsa iş tapa bilməyəcəkUşaq evində böyüyən 22 yaşlı gənc, fermadan 56 baş heyvan oğurlamasının ağrısını çox çəkəcək
Bakıdakı uşaq evlərindən birində böyüyən 22 yaşlı gənc Tovuzda oğurluq edib. Turkustan.info Region TV-yə istinadən xəbər verir ki, Şəmkir və Tovuz rayonlarında müxtəlif vaxtlarda çobanlıq edən Səddam Şəbiyev işlədiyi Tahir Rəhimova məxsus fermadan 56 baş xırdabuynuzlu heyvan oğurlayıb.
Ələ keçirdiyi heyvanları Şəmkir rayonunun Çənlibel kəndinə aparan Səddam onlardan yalnız bir neçəsini Gədəbəy rayonunda satmağa müvəffəq olub. Oğurluq heyvanların qalan hissəsinin xeyrini götürməyə Tovuz polisi imkan verməyib. Peşman olduğunu bildirən Səddam Şəbiyev cinayət əməlini ferma sahibinin onun məvacibindən 87 manat pul kəsdiyi üçün törətdiyini bildirib. Çəkiliş zamanı kameradan üzünü gizlədən gənc, gələcəkdə işə götürülməyəcəyindən narahat olaraq bunları deyib:
"Sözüm yoxdur. Peşmanam, etməməliydim. Xahiş edirəm, bunu televizora verməyin. Televizorda getsə, heç yerdə iş tapa bilməyəcəm”.
Gün ərzində neçə belə hadisə barədə efirlərdən məlumat verilir. Bütün telekanallarda "cinayət işi” verilişləri var. Baş vermiş cinayət əməlləri və bu əməli törətməkdə şübhəli və ya təqsirli bilinən insanlar barədə də süjetlər efirə verilir. Bəzən hansısa şübhəlinin, təqsirli şəxsin üzünü gizlətdiyini, sifəti görünməsin deyə əlləri ilə üzünü qapadığını da görürük. Amma onların adı çəkilir, tanımayan da tanıyır, qohum-əqrəbaları, bəlkə sevdiyi insan da işdən xəbər tutur. İşin ən ciddi tərəfi isə damğalı insanların sonradan işə götürülmək problemi ilə üzləşməsi, heç yerdə iş tapmayan sabiq məhkumların bəzən məhz bu səbəbdən təkrar cinayət əməli törətməsi də həyatın reallığıdır.
Nə qədər belə filmlər çəkilib; bir təsadüf nəticəsində cinayətə bulaşan birisinin həyatı, məhz cəmiyyətin onu dışlaması səbəbindən məhv olub. Biz insanlar, bəzən çox qəddar oluruq. Səhv etmiş birisini bağışlamaq istəmirik, qəbul etmirik. Özümüzü onun yerinə qoyub, "Bu, mənim də başıma gələ bilərdi” fikri ilə köməksizə əl uzatmırıq. "Edən bulur”, "Özü yıxılan ağlamaz”, "Sonrakı peşmançılıq fayda verməz” kimi atalar misallarını sıralayırıq. Bu mənada, 22 yaşlı gəncin gələcəyindən narahatlığı da təbiidir. Adının oğru çıxmasına görə, işə alınmayacaq, işsiz qalacaq. O halda nə işlə məşğul olacaq, neyləyəcək? Bunu düşünüb, efirdə görünməsini istəmir.
Doğrudur, pis iş görüb, cinayət əməli törədib. Lakin bu, bir gəncin gələcək həyatının məhv edilməsinə bəraət qazandırırmı?
Məsələyə münasibət bildirən hüquqşünas, Məhkumlara Yardım Fondunun rəhbəri, Penitensiar Xidmətin sabiq rəisi Məmməd Zeynalov "Şərq”ə açıqlamasında qeyd etdi ki, şübhəli və ya təqsirli bilinən şəxs çəkiliş zamanı sifətini göstərməyə bilər, buna onun hüququ çatır:
- Şübhəli qismində saxlanılan şəxs çəkiliş zamanı üzünün göstərilməməsini tələb edə bilər. Bir çox hallarda bunun şahidi oluruq ki, polis bölməsində və ya dindirilmə zamanı, ifadəsi alınan şəxs üzünü gizlədir, əlləri ilə üzünü örtür. Deməli, bu insan üzünün görünməsini istəmir. Şübhəli şəxs çəkilişin aparılmamasını tələb edə bilməz. Buna onun hüququ çatmır, çünki medianın əsas vəzifəsi informasiya verməkdir. Hər şübhəli və ya təqsirləndirilən şəxs, eləcə də məhkum çəkiliş aparmamaq qadağası qoysa, o zaman media necə işləyər? Yəni, burada hər iki tərəfin hüquqları tanınmalıdır. Şübhəli şəxs yalnız bunu tələb edə bilər ki, üzü göstərilməsin. Fikir verirsinizsə, bəzi cinayət əməllərində hətta şəxslərin adı da şərti göstərilir. Bütün bunlar həm insan hüquqlarının toxunulmazlığı baxımından, həm də insanın gələcək həyatının təhlükəyə atılmaması baxımından vacibdir. Bu gənc oğlan da tutduğu əməlin pis bir iş olduğunu anlayıb, narahatdır ki, əgər oğru kimi tanınsa, iş tapa bilməyəcək. Əsaslı narahatlıqdır. Çünki bizdə ictimai münasibətlər doğru formalaşmayıb. Cinayət əməlində adı keçən hər insana birmənalı olaraq "pis adam” damğası vurmaq doğru yanaşma deyil. Bəzən insan sırf təsadüf nəticəsində cinayət törətmiş olur. Yəni, istəməyərək, buna hazırlaşmadan, əvvəlcədən planlaşdırma aparmadan və s. Bir də görürsən, abırlı bir adamdı, avtomobil idarə etdiyi zaman qəza törədir, kimisə maşınla vurur. İndi buna görə o adam cəmiyyətdən kənarlaşdırılmalıdır?! Elə abırlı adamlar var, hansısa cinayət işində adının çəkilməsi, efirdə üzünün göstərilməsini özü üçün rüsvayçılıq sayır. Ona görə də üzünün göstərilməsinə razılıq vermir. Ümumiyyətlə, yüngül cəzalılar məhkum olunmamış hesabındadır. Amma bizim cəmiyyət hətta bu cür insanlara qarşı da bəzən çox amansız davranır. "Damğalı” insanları cəmiyyət özündən kənarlaşdırmağa daha çox meyillidir, nəinki kömək göstərməyə, yardım etməyə.
Məlahət Rzayeva