Kamran Əliyev: "Rayon camaatı pulu maşınla qazanmır ki?"

“Rayon qeydiyyatlı avtomobillərin şəhərə girişi ilə bağlı qoyulan məhdudiyyətlər vətəndaşların maddi durumuna heç bir təsir göstərməyəcək"



Son günlər geniş müzakirə edilən məsələlərdən biri də rayon qeydiyyatlı avtomobillərin Bakıya girişinə məhdudiyyət qoyulması ilə bağlıdır. Avropa Oyunlarının başa çatmasına rəğmən bu qərarın hələ də qüvvədə qalması vətəndaşların etirazına yol açıb. Avropa Oyunları zamanı belə məhdudiyyətin müəyyən mənada əsaslı olduğunu düşünən ekspertlərə görə, bu səbəbdən də əksər sürücülər bunu anlayışla qarşıladılar. Amma indiki halda bu qadağanı qanunsuz hesab edirlər.

Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev isə deyib ki, məhdudiyyətlər müvəqqəti xarakterli olduğu üçün əhalinin narahatlığına heç bir əsas yoxdur:

- Bakıda Avropa Oyunlarına təhkim edilən avtomobillərin hərəkəti üçün ayrılan "Oyunlar zolağı”ndan istifadə həmin ərazidə yerləşdiriləcək yol nişanlarından asılı olacaq. Avtomobillər yol nişanlarına və nişanlanma xətlərinə uyğun olaraq "Oyunlar zolağı”ndan istifadə edə biləcəklər. Hansı ərazidə ki, zolaqlar üzrə nəqliyyat vasitələrinin hərəkətini qadağan edən müvafiq yol nişanları yerindədir, həmin zolaqlarla hərəkət etmək qadağandır və sürücülər bu zolaqlarda tətbiq edilən qaydalara əməl etməkdə davam etməlidirlər. Əks halda, qanuna müvafiq qaydada yenə cərimələnəcəklər. Bakı 2015 I Avropa Oyunlarında iştirak edən idmançıların, eləcə də tədbirə gəlmiş xarici qonaqların hələ də paytaxtda olmaları ilə əlaqədar Bakı Avropa Oyunları Əməliyyat Komitəsinin müraciətinə əsasən, Oyunlar ərəfəsində yol hərəkətinə tətbiq edilmiş müəyyən məhdudiyyətlərin vaxtı 10 gün müddətinə uzadılıb.

- Rayon qeydiyyatlı avtomobillərə qoyulan qadağanın əhalinin maddi durumuna mənfi təsirləri olacağı iddia edilir?

- Bunlar tamamilə haqsız iradlardır. Biz Avropa Oyunları zamanı bu məhdudiyyətlərin əks effekt vermədiyinin şahidi olduq. Bundan sonra niyə əhalinin ciddi narazılığına səbəb olsun ki? Onu da deyim ki, rayon qeydiyyatlı avtomobillərin şəhərə girişi ilə bağlı qoyulan məhdudiyyətlər vətəndaşların maddi durumuna heç bir təsir göstərməyəcək. Rayon camaatı pulu maşınla qazanmır ki? Həm də ki, rayon qeydiyyatlı maşınlarla bağlı istisnalar var. Bakıya yalnız ərzaq və kənd təsərrüfatı məhsulları gətirən avtomobillər buraxılır. Eyni zamanda, kimin xəstəsi varsa, həmin avtomobillərin fəaliyyətinə heç bir məhdudiyyət yoxdur.

- Bəzi ekspertlər təklif edir ki, şəhər ərazisində avtomobilsiz hərəkəti stimullaşdırmaq üçün "20 Yanvar” metrosu və "Koroğlu” metrosu ətrafında nəhəng avtodayanacaqlar yaratmaq və orada simvolik parklanma xərci tətbiq etmək lazımdır...

- Yaxşı olar ki, həmin ekspertlər sözügüdən ərazilərə diqqətlə baxsınlar. Həmin ərazilərdə nəhəng avtodayanacaqlar üçün şərait yoxdur. Birincisi, artıq şəhərin girişində bu cür dayanacaqlar yaradılıb. İkincisi də, rayon qeydiyyatlı avtomobillərin şəhərə girişinin məhdudlaşdırılması ilə bağlı qadağalar daimi xarakter daşımır axı? Bu məhdudiyyət hələ ki, müvəqqəti xarakter daşıyır.
Oyunlar zamanı paytaxtda nəqliyyatın hərəkətinin təşkilindən, eləcə də nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən, habelə bunların şəhərin ekoloji durumuna da müsbət təsirindən məmnun qalan şəhər sakinlərinin çoxsaylı müraciəti əsasında Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyası tərəfindən paytaxtda nəqliyyat problemlərinin həlli üzrə müvafiq tədbirlər planının hazırlanması üçün Komissiya üzvlərinin iştirakı ilə iclaslar keçirilir, müzakirələr aparılır və yaxın günlərdə qəbul olunacaq qərarlar barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Bu qərar isə təkcə rayon qeydiyyatlı nəqliyyat vasitələrinin şəhərə girişi ilə bağlı yox, ümumilikdə nəqliyyat sıxlığının azaldılması ilə bağlı qəbul edilmiş qərarlar olacaq.

- Avropa Oyunlarından sonra yollarda vəziyyət necədir? Nizam- intizam davam edir, ya Oyunlardan əvvəlki duruma qayıdıb?

- Hələ ki, paytaxtda güclü nəqliyyat sıxlığı nəzərə alınmır. Bunun əsas səbəbi də hələlik məhdudiyyətlərin qüvvədə qalmasıdır. Yuxarıda da dediyim kimi, Bakıya sadəcə ərzaq və kənd
təsərrüfatı məhsulları gətirən avtomobillər buraxılır. Amma onlar üçün də saat məhdudiyyəti var. Belə ki, həmin maşınlar gecə yarısından səhər saat 5:00-a qədər paytaxta daxil ola bilərlər. Bakının mərkəzinə böyük yük maşınları da buraxılmır. Bütün bunlar da nəqliyyat sıxlığının müşahidə olunmaması ilə nəticələnir.

Şəymən