Keçid zolaqları silinib, ölüm pusqudadır

“Yağışlı havalarda sürücülər yol hərəkəti qaydalarını yaddan çıxarır”
“Sürücülər maksimum dərəcədə diqqətli olmalı və hərəkətdə olan piyadalara keçid üçün şərait yaratmalıdır”

"Piyada keçid zolaqlarının yerinin müəyyənləşdirilməsi ilə bağlı mövcud qanunvericilikdə konkret standartlar və müəyyən şərtlər var. Piyada zolaqları piyadaların daha intensiv hərəkət etdiyi istiqamətlərdə çəkilir. Xüsusən də, ticarət mərkəzlərinin, təhsil müəssisələrinin, inzibati binaların qarşısında piyada zolaqlarının çəkilməsi qanunvericilikdə öz əksini tapıb”.


Bu sözləri "Şəhərimizdə piyada keçid zolaqlarının, yəni "zebra”ların yeri necə müəyyənləşdirilir” sualına cavabında yol-nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib. Piyada zolaqları ilə hərəkət edən insanların müəyyən təhlükələrlə üzləşməsi məsələsinə gəldikdə isə ekspert bunun kifayət qədər aktual məsələ olduğunu bildirib. Onun sözlərinə görə, bu istiqamətdə keçirilən maarifləndirmə aksiyalarına, Dövlət Yol Polisi tərəfindən aparılan reydlərə rəğmən hələ də piyada zolağının üzərində olan insanlara yol verməyən sürücülərin sayı kifayət qədərdir: "Xüsusən də yağışlı havalarda sürücülər yol hərəkəti qaydalarını yaddan çıxarır, sanki heç bir müşahidə kamerasında müvafiq qeydlər aparılmır. Hər kəs ürəyi istədiyi kimi avtomobili idarə edib, yollarda meydan sulayır. Ona görə də, piyada keçidlərində yaşanan hər hansı bir hadisənin məsuliyyəti
birmənalı olaraq sürücülərin üzərindədir. İstənilən halda sürücülər "zebra” zolağına yaxınlaşan
piyada görəndə sürəti azaltmalıdır. Çünki səkinin üstündə dayanan piyada istənilən an addım atıb
zolağın üstünə çıxa bilər. Deməli, sürət o səviyyə gətirilməlidir ki, qarşısına piyada çıxan anda
sürücü əyləci basa bilsin. Təbii ki, burada söhbət nizamlanmayan piyada keçidlərindən gedir.
Nizamlanan piyada keçidlərində bir qayda işıqforlar yol göstərir. Amma nizamlanmayan piyada
keçidini keçməyə başlamış piyada öz təhlükəsizliyini qorumaq üçün keçdiyi yolun hər iki
istiqamətdə hərəkət zolaqlarında olan nəqliyyat vasitələrini nəzərə almalı, onlar üçün qəza şəraiti
yaratmamalı və əgər yolun ortasındakı ayırıcı xətdən sonrakı zolaqlarda yaxında nəqliyyat vasitələri
varsa, həmin xətt üzərində dayanaraq onların keçməsini gözləməli və bundan sonra yolu keçməyi
davam etdirməlidir”. 

 Qeyd edək ki, piyadalar nizamlanmayan piyada keçidində həmin normaların
hər ikisinin tələbinə riayət etməyə borcludurlar. Piyadanın qəflətən yaxında olan nəqliyyat
vasitəsinin qarşısında piyada keçidinə daxil olması (yaxud olmaq istəməsi) səbəbindən sürücünün ona yol verə bilmədiyi halda (bunun qəfil tormozlanma ilə ediləcəyi səbəbindən arxadan gələn nəqliyyat vasitələri üçün qəza şəraiti yaranacağı halda) sürücünün inzibati məsuliyyəti istisnaedilməlidir. 

Bu xətaya görə məsuliyyət məsələsini həll edərkən nəzərə almaq lazımdır ki, piyadaya yol vermək dedikdə, piyada keçidinə qədər (keçidin qarşısında) sürəti azaltmaq və ya nəqliyyat vasitəsini tam dayandırmaq yolu ilə piyada keçidini keçən piyadaya mane olmamaq başa
düşülməlidir. Keçidə müəyyən məsafə qalmış sürəti xeyli azaltmaq və piyada keçdikdən sonra
hərəkəti davam etdirmək də qaydalar çərçivəsindədir.


Sürücülərin və piyadaların narazılığına səbəb olan amillərdən biri də avtomobil yollarında piyada
zolaqlarının silinməsidir. Hətta paytaxtın mərkəzi hissəsi hesab edilən bəzi avtomobil yollarında yol
örtüyündəki piyada zolaqları silinib, bəziləri isə ümumiyyətlə görünmür. Bu da yollarda bədbəxt
hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur.

Görəsən, yollardakı bu cür piyada zolaqları niyə vaxtında rənglənmir və bu prosesə hansı qurum
nəzarət edir?

A.Allahverənovun sözlərinə görə, bu cür hallarda sürücülər maksimum dərəcədə diqqətli olmalı və
hərəkətdə olan piyadalara keçid üçün şərait yaratmalıdır: "Sözsüz ki, burada DYP əməkdaşlarının da
üzərinə böyük məsuliyyət düşür. Amma piyadalar da özlərinin və sürücülərin təhlükəsizliyi üçün
ehtiyatlı davranmalıdır. Mən piyadayam deyib, özünü hərəkətdə olan avtomobilin altına
atmamalıdır. Piyada qarşıdan gələn nəqliyyat növünün sürətini təxmin etməli və yolu keçə
biləcəyinə tam əmin olduqdan sonra addım atıb, zolağın üstünə çıxmalıdır. Yox, əgər zolaq silinibsə,
DYP-nin patrul ekipajları bu cür faktları aşkarlamalı və öz rəhbərliyinə dərhal məruzə etməlidir.
Amma Bakıda cəmisi 200 ekipaj var, onlar isə şəhərin bütün istiqamətlərini əhatə edə bilmir.
Diqqətdən kənar qalan yollardan istifadə edən insanlar fəallıq göstərməli və müvafiq qurumlara
yazılı müraciət edərək, həmin problemin aradan qaldırılmasını tələb etməlidir”.

Şəymən